Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:36

«Münbit torpaqlar bir neçə şəxsin əlində cəmləşəcək»


Problemləri çox olan kəndlərdə isə yaşamaq getdikcə ağırlaşır
Problemləri çox olan kəndlərdə isə yaşamaq getdikcə ağırlaşır

Azərbaycan əyalətlərində torpaq satmaq indi asan, lakin müvvəqqəti varlanmaq üsuluna çevrilib. Şəhərdə yaşayanların ağlına başqa şey gəlməsin. Kəndlərdə bəzi insanlar aqrar islahatdan sonra onlara verilən pay torpaqları satırlar. Əlləri əkin-biçindən soyuyan bu insanlar öz pay torpaqlarını dəyər-dəyməzinə satmaqla dolanışıqlarını yaxşılaşdırmaq üçün başqa üsullar axtarırlar. Bu üsullar isə onları getdikcə torpaqdan uzaqlaşdırır.


Azərbaycanda Ümumi Daxili Məhsulun təqribən 7 faizə yaxını aqrar sektorun payına düşür. Bu isə mütəxəssislərin fikirincə, ölkə iqtisadiyyatının neftdən aslılı vəziyyətə düşdüyünü göstərir. Halbuki, artıq neçə illərdir həm yerli, həm də xarici mütəxəssislər Azərbaycanda qeyri-neft sektorunun inkişafının vacibliyindən danışırlar. Çoxları düşünür ki, aqrar sektorda vəziyyət yaxşılaşdırılmasa, neft tükəndikdən sonra bu ölkə çox ağır faciələrlə üzləşəcək.


Zavodların «pambıqla baş kəsmək» siyasəti…


…Saatlı kənd təsərrüfatına görə, Azərbaycanda Sovetlər dönəminin ifadəsi ilə desək, ən qabaqcıl rayonlardan sayılır. Ölkədə istehsal edilən pambığın 20 faizi təkcə elə bu kiçik rayonun payına düşür. Bu da təsadüfi deyil. Bu torpaqlardan Kür suyunu, günəş də hərarətini əksik etməyib. Ümümilikdə Saatlı rayonunda torpaq bir ildə 3 dəfə məhsul verə bilir. Saatlı Rayon Müzeyinin direktoru Sürəyya Zeynalova bəzə qədim bir eksponat təqdim edir. Bizim eramızdan əvvəlki dövrə aid olduğu güman edilən həmin eksponatda qədim insanın bu torpağın xüsusi özəlliklərindən xəbərdar olduğu əks edilir:


- Fikir verirsiniz, eksponatın üç tərəfində şum şəkli var, bir tərəfində isə yoxdu. O bir tərəf qışdı. Yəni Muğan torpağı ildə üç dəfə məhsul verə bilir.


Ancaq təəssüf ki, Saatlı rayonunda bu torpağın keyfiyyətındən muzeydən kənar indi çox az adam danışır. Saatlı rayonundakı kəndli-fermer Bayram Allahverdiyevin təsərrüfatında 100-ə yaxın iri buynuzlu mal-qara, 400-dən çox qoyun var. O, ötən il 7 hektara yaxın ərazidə pambıq əkib. İndi isə deməsinə görə, pambıq əkməyə tərəddüd edir:


- Qəpik də xeyir qalmır.


Hökumət kəndlilərə bir hektar əkin sahəsi üçün 40 manat yardım verir. Bayram Allahverdiyev deyir ki, bu məbləğ xərclərin yalnız kiçik bir həssəsini ödəyir. Onun sözlərinə görə, elə bir hektar yer 36 manata şumlanır. Üstəlik, nəzərə almaq lazımdır ki, pambıq taxıldan fərqli olaraq iki dəfə şum tələb edir. Ancaq Azərbaycanda çoxlarının əlini pambıq əkməkdən soyudan təkcə bu xərclər deyil. Əslində fermerləri pambığın satış qiyməti qane etmir. Onlar öz aralarında zavodların qiymət siyasətini «pambıqla baş kəsmək» adlandırırlar. Zavodlar bir kiloqram pambığı ötən il kənd zəhmətkeşlərindən 30 qəpiyə alıblar. Bu il isə bu məbləğin 36 qəpiyə qaldırılacağı gözlənilir. Üstəlik, zavodların hamısı eyni qiymət təklif etdiklərindən pambıq becərən sadə insanların seçim imkanları olmur. Dünya bazarında isə 1 kiloqram pambığın satış qiyməti təqribən 2 dollara yaxındır. Bayram Allahverdiyev deyir ki, əgər pambığın bir kiloqramına 30-36 qəpikdən artıq verməyəcəklərsə, onlara yalnız öz əziyyətləri qalacaq. Ona görə də bu il öz ərazisində yonca əkmək haqqında düşünür. Üstəlik, fermerləri pambıq emalı zavodlarının qiymət siyasətindəki başqa bir incə məqam da narahat edir. Bayram Allahverdiyev deyir ki, mal-qarası yem sarıdan korluq çəkdiyindən zavodlardan çiyid almaq istəyib. Zavodlar isə çiyidi ona pambığın qiymətindən də baha təklif ediblər. Halbuki, sovetlər dönəmində çiyid pambıqdan həmişə ucuz olub. Bayram Allahverdiyev indi tək pambıq əkinindən yox, fermasının vəziyyətindən də ağrı ilə danışır:


- Bu il 12 camışım öldü. 60-a yaxın quzu, 20-30 da qoyun-keçi tələf oldu. Hamısı da şəraitsizlikdən. Damım yoxdur. Heyvanları tutaq ki, satıb dam tikdirdim. Şiferin biri az qala 8 manata çatıb. Mən mal-qaranı satdıqdan sonra boş damı neynəyirəm? Tikinti materiallarına yaxın durmaq olmur.


«Saatlıda qiymətlər ot tutub yanır…»


Bayram Allahverdiyev deyir ki, yemin, otun qiyməti də gün-gündən bahalaşır. Artıq bu qış sıxılmış bir ot bağlamasının qiyməti 3 manata çatıb. Ona görə də mal-qara saxlamaq da getdikcə çətinləşir. Onun deməsinə görə, 700 hektara qədər örüş yeri var. Həmin ərazidən yalnız qışlaq kimi istifadə etmək olar. Yay aylarında isə orada quraqlıq hökm sürür. Yaylağı olmadığından elə istilər düşdükdən sonra da bu quraq ərazidə keçinmək məcburiyyətindədir. Üstəlik, yayda da qızdırma və başqa xəstəliklərdən mal-qaranın tələf olacağından ehtiyat edir.


Bayram Allahverdiyevin fermasında öz ailəsindən başqa, daha 3 ailə də çalışır. Onun sözlərinə görə, hər bir ailəyə 200 manat əməkhaqqı verir. Üstəlik, onlar da öz mal-qaralarını fermada saxlayırlar. Allahverdiyev deyir ki, əgər hökumət ona güzəştli kredit verərsə, təsərüfatını inkişaf etdirə bilər. Çünki həm yaylağa ehtiyacı var, həm də qışlaqdakı ferması yenidən qurulmalıdır:


- Bir neçə dəfə kredit üçün müraciət etmişəm. O qədər get-gələ salırlar, o qədər sənəd istəyirlər ki, adam kredit almaq fikrindən daşınır. Bir də quru mal-qaraya kredit vermirlər. Deyirlər ki, fermada daşınmaz əmlakın da olmalıdır.


Son bir ildə Bakıda ətin qiyməti təqribən 60 faiz artıb. Əgər bir il əvvəl quzu ətinin bir kiloqramı 5 manata idisə, indi bu məbləğ 8 manata çatıb. Mal əti isə 4 manatdan 6 manata yüksəlib. Bayram Allahverdiyev isə deyir ki, femranın özündə qoyun ətini 4 manatdan yuxarı sata bilmir. Çünki alverçilər artıq vermək istəmirlər. Onun sözlərinə görə, ətin bahalaşmasından yalnız alverçilər faydalana bilirlər.


Saatlı şəhər bazarında isə satıcılar da ətin qiymətinin bahalaşmasından gileylənirdilər. Bu bazarda qiymətlər Bakı ilə müqayisədə bir qədər ucuz idi. Mal əti 5, qoyun əti isə 6 manata satılırdı.


Ancaq deyəsən, qiymətlərin bahalaşması ən çox alıcıları narazı salıb. Bazara ət almağa gələn bir yaşlı kişi qiymətlərdən sitəm edirdi:
-Qiymətlər ot tutub yanır. Bircə biz yanmırıq. Bazarın yiyəsi var? Dövlət bu pulları kimlərə verir, mənim başım çıxmır?


«Torpaqlar şoranlaşır»


Saatlı rayonunun Qaranuru kəndində öyrənirik ki, əhali əsasən taxıl və yonca əkir. Kənd sakinləri tədricən pambıq becərməkdən imtina etməkdədirlər:


- Keçən il əgər bizim Qaranuru kəndində 1000 hektar pambıq əkilmişdisə, bu il heç 200 hektar əkilməyəcək. Yanacaqın litri 45 qəpikdir. Pambığın bir kiloqramını şirkət bizdən 30 qəpiyə götürür. Vallah pambıq əkmək qul əməyidir.


Qaranuru kəndində danışırlar ki, pambıq əkənlər də bu işə əsasən məcburiyyət üzündən əl atırlar. Zavod onları əvvəlcədən şum xərcləri və kübrə ilə təmin edir. Ancaq sonradan bütün xərclər pambığın pulundan çıxılır. Hökumət isə bir qayda olaraq subsidiyanı əkindən sonra verdiyindən bəzi imkansız insanlar pambıq zavodlarının şərtləri altında necə deyərlər, boyun əyməli olurlar. Kəndlilərin deməsinə görə, yığım vaxtı bir kiloqram taxıl 12-15 qəpiyə düşür. Yalnız qış aylarında bu qiymət 30 qəpiyə qədər qalxır. Onların sözlərinə görə, əgər yığım vaxtı buğdanın qiyməti elə 30 qəpiyə olsa, bundan yaxşı gəlir götürə bilərlər. Əslində isə taxılçılığın da xərcləri az deyil:


-Təkcə taxılın şumunu götürsək, bu köhnə pulla 1 hektara 34 manat edir. 12 manat da malaya veririk. Sonra onun kübrəsi, suyu, biçin xərcləri var.


Hökumət arpaya isə subsidiya vermir. Ona görə də kəndlilər arpa əkməyə də meyl göstərmirlər. Bu da istər-istəməz heyvandırlığın da xərclərini artırır. İndi Saatlı rayonunda yazlıq əkinin əsil vaxtıdır. Ancaq rayonun Fətəli kəndinin çayxanasında qələbəlik hökm sürür. Görünür, indi çayxanada nərd, domino oynaya-oynaya vaxt keçirən bu insanları torpaq bir elə də cəlb etmir. Danışanda isə onlar təsərrüfatın min bir problemini dilə gətirirlər. Fətəli kəndində əsas problem kimi drenaj kollektorların – yəni kəndarası kanalların təmizlənməməsini göstərirlər:


- Torpaqlar şoranlaşır. Yəni drenlər qazılmasa, şoran su əkin sahəsini bürüyür, məhsuldarlıq aşağı düşür. Əgər əvvəllər hektara 40-50 sentiner məhsul alırdıqsa, indi bu göstərici 20-yə düşüb. Belə olan halda da məhsulun maya dəyəri artır.


Üstəlik, kəndlilər texnika sarıdan korluq çəkirlər. Fətəli kəndində deyirlər ki, rayonda aqroserviz idarəsi yaradılsa da, onlara texnika gəlib çatmayıb. Kəndin özündə də traktor və kombaynlar az olduğundan texnika xərcləri xeyli artıb. Fətəli kəndinin sakinlərinin sözlərinə görə, ötən il onların sahələrini biçən konbayn sahiblərinə hər hektar üçün təqribən 30 manat pul ödəyiblər:
- Biz nə etməliyik? Ya çıxıb getməliyik, ya da məcbur olub belə işləməliyik. Məhsuldarlıq taxılda da, pambıqda da aşağıdır. Drenlər qazılmalıdır, yanacağın qiyməti azaldılmalıdır. Ya da bizə kreditlər versinlər.


Saatlı rayonunun bəzi kəndlərində də Ahıska türkləri məskunlaşıblar. Onların bir hissəsi 1958-ci ildə, digər hissəsi isə 1988-ci il Fərqanə hadisləri vaxtı Orta Asiyadan köç ediblər. Rayonun Nəsimikənd kəndinin əksər sakinləri də elə Ahıska türkləridir. Saatlı rayonunda danışırlar ki, Ahıska türkləri yerli əhaliyə nisbətən daha çox işləkdirlər. Onların bəzilərinin tələffüzündə ləhcə qalsa da, bir çoxlarının danışığı yerli insanlardan fərqlənmir. Nəsimikənddə Ahıska türkləri deyirlər ki, onlar Muğan torpağının ildə bir neçə dəfə məhsul vermək qabiliyyətindən tam yararlanmağa çalışırlar:


- Elə təsərrüfatçılarımız var, arpa biçinindən sonra qarğıdalı əkir. İki dəfə məhsul yığır. Hektara 60-70 sentiner məhsul götürür. Həyətində 5-10 heyvan saxlayır.


Ancaq çox zəhmətkeş və torpağa həddən ziyadə bağlı olan bu insanlar da demələrinə görə, öz əməklərinin indi daha az bəhrəsini görməyə başlayıblar. Onları da qonşu kəndlərə xas problemlər sıxır. Ahıska türkləri deyirlər ki, onlar Muğana gəldikləri ilk dövrlərdə torpaq daha məhsuldar olub. Çünki onda meliorasiya işləri tamamilə həyata keçirilirmiş:


- 10 ildən çoxdur kollektorlar təmizlənmir. Məhsuldarlıq 2-3 dəfə aşağı düşüb. Əgər bu kənddə aqromeliorasiya işləri getsə, inandırıram ki, bu kənd 10 belə kəndi saxlayar.


Ancaq Saatlı rayonunun bəzi kəndlərində kanallar artıq təmizlənib. Onlardan biri də Azadkənd kəndidir. Həmin kəndin icma rəhbəri Şamil Hacıbəyli deyir ki, onlar bunu qrant layihəsi vasitəsilə həyata keçiriblər. Layihənin maliyyəsinin 90 faizi Dünya Bankının, Yaponiya səfirliyinin və Azərbaycan hökumətinin payına düşür. Qalan maliyə isə əhalidən toplanıb. Şamil Hacıbəylinin sözlərinə görə, onların kəndində kanalların təmizlənməsindən sonra məhsuldarlıq yüksəlib.


Problemləri çox olan kəndlərdə isə yaşamaq getdikcə ağırlaşır. Nəsimikənddə deyirlər ki, artıq neçə illərdir gənclər yığışıb şəhərlərə gedirlər:


- Şəxsən bizim kənddən gənclər şəhərə gedib fəhləçiliklə məşğul olurlar. Kənddə qalanlar əsasan yaşlılardır. Kənddə yaşamaq çox çətinləşib.


«Qarpız-yemiş satanı da yeni iş yeri kimi qeydiyyata alırlar»


Şəhərə fəhləlik ardınca getməyib kəndlərdə qalan gənclərin sevimli məşğuliyyəti isə kanallardan balıq tutmaqdır. Mil-Muğan Kollektorunun ətrafında yüzlərlə belə gəncə rast gəlmək olar:


- «Bobla» tuturuq, balaca balıqdır. Aparıb evdə yeyirik.


Ancaq bəzi balıqçılar ağaclara bağlanmış tordan da istifadə edirlər. Xırda balıq tutanlardan fərqli olaraq, böyük balıq tutanlar danışmaq istəmirdilər. Balıqçıların aralarında elələri də var idi ki, onlar qonşu Sabirabad rayonundan gəlmişdilər:


- Biz gün ərzində bir neçə kiloqram balıq tuta bilirik. Olanda olur, olmayanda olmur. Ancaq baş kollektorda suya zəhər atıb balıq tuturlar. Həmin balıqları da yol qırağına çıxarıb satırlar…


Saatlı rayon Statistika Şöbəsindən aldığımız məlumatlar isə kəndlərdə görüb-eşitdiklərimizlə bir qədər ziddiyyət yaradırdı. Hərçənd rayon rəsmiləri də son illər pambıq istehsalının azalmasını etiraf edirlər. Ancaq Saatlı Rayon Statistika Şöbəsinin sədri Seyfəddin Sultanov deyir ki, taxılçılıqda da, heyvandarlıqda da inkişaf var:


- Rayon üzrə 19 min 400 hektara yaxın ərazidə ancaq taxıl əkilib. Bu, ötən illə müqayisədə 11 min hektar çoxdur. Heyvandarlıqda da artım var. İri buynuzlu mal-qara son bir ildə 3 min, ana qoyun isə 2 min baş artıb.


Ancaq mütəxəssislər arasında istər ayrılıqda Saatlı rayonu, istərsə də ümumilikdə ölkə ilə bağlı statistik rəqəmlərə bir qədər şübhə var. İqtisadçı İlham Hüseynli Saatlı rayonunda yeni iş yerlərinin açılması ilə bağlı araşdırma aparıb. O, deyir ki, statistik rəqəmlərdə 2003-ci ilin oktyabrından 2006-cı ilin oktyabrına qədər Saatlı rayonunda 38 min yeni iş yerinin açıldığı deyilir. Halbuki, rayonda qeydiyatda olan 90 mindən çox insanın yalnız 50 faizi əmək qabiliyyətlidir:


- Sonradan mən araşdırma aparanda məlum oldu ki, kimsə hansısa bir kəndin giriş-çıxışında və ya yol qırağında qarpız-yemiş satırsa, onu da yeni iş yeri kimi qeydiyyata alırlar. Bu, ictimaiyyəti çaşdırmaqdır.


«Azərbaycanda pambığın qiymətinin sabit saxlanması monopoliyalarla bağlıdır»


Ancaq Azadkənd icmasının rəhbəri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli təşkilatının sədri Şamil Hacıbəylinin sözlərinə görə, həqiqətən də son iki ildə Saatlı rayonunda xeyli quruculuq işləri həyata keçirilib. O, rayonda abadlıq işlərinin gücləndirildiyini, Qarabağda həlak olan insanlar üçün yeni xatirə kompleksinin inşasını qeyd edir. Hacıbəyli deyir ki, rayonda aqrar sektorla bağlı mövcud problemlərin bir çoxu bütün ölkə üçün xarakterikdir. Onun sözlərinə görə, Saatlı rayonunda pambıqçılığın zəifləməsi bu sahənin monopoliyaya alınması ilə bağlıdır. Pambıq emalı sahəsinə xaricdən hər hansı şirkət girə bilmədiyindən bazarın şərtlərini elə Azərbaycandakı zavodlar müəyyən edirlər. Ancaq Saatlı rayonundakı pambıq zavodlarının heç biri özlərinin qiymət siyasəti ilə bağlı hər hansı açıqlama vermirlər.


«CTS-AQRO» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Saatlı Pambıq Zavodunun baş mühasibi bizim pambığın qiymətini artırıb-artırmayacaqları ilə bağlı sualımıza cavab verə bilməyəcəyini söylədi. O, bizə Bakıdakı şərkətlərinə müraciət etməyi məsləhət bildi. Ancaq bir həftə ərzində «CTS-AQRO» Məhdud Məsuliyyətli Cəmiyyətin özü ilə əlaqə saxlasaq da, yenə suallarımıza cavab verən olmadı. Əslində Saatlı rayonunda rəsmilər də pambığın alış qiymətinin onun maya dəyəri ilə müqayisədə aşağı olduğunu etiraf edirlər. Saatlı Rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini Rahim Salahov:


- Mən sizə burda iclaslarda pambıq emalı zavodlarının direktorlarının səsləndirdiyi fikirləri çatdırıram. Onlar deyirlər ki, dünya bazarında mahlıcın qiyməti bahalaşmadığından qiymətləri qaldıra bilmirlər. Ancaq həqiqətən indi maya dəyəri ilə müqayisədə pambıq əkmək effekt vermir.


İqtisadçı Vuqar Bayramov isə deyir ki, son iki ayda dünya bazarında pambığın qiyməti 15 faiz artıb. Onun sözlərinə görə, Azərbaycanda pambığın qiymətinin sabit saxlanması monopoliyalarla bağlıdır.


Saatlı Rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini Rahim Salahov pambıqçılıqdan fərqli olaraq taxılçılığı effektli sayır. O, subsidiyaların kəndlilərə məhsulun yığımından sonra verilməsini isə belə izah edir:


- Faktiki əkin nədirsə, pul ona verilməlidir. İyunun 1-də bütün ölkə üzrə vəziyyət dəyərləndirilir. Bilinir ki, hansı rayonda nə qədər əkin həyata keçirilib. Əkini bilməmiş, pulu necə buraxa bilərsən?


İndi isə aqrar sektorda bütün ölkə üzrə göstəricilərə nəzər yetirək. Kənd Təsərüfatı Nazirliyindən aldığımız məlumata görə, son bir ildə pambıq istehsalı təqribən 30 min ton azalıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, əgər bütün ölkə üzrə 2006-ci ildə 100 min hektar ərazidə pambıq əkilmişdisə, ötən il bu göstərici təqribən 70 min hektara düşüb. Ancaq Hacıyev başqa sahələrdə inkişaf olduğunu deyir:


- Son bir ildə buğda əkini təqribən 25 faiz artıb. Son beş ildə ölkədə iri buynuzlu mal-qara 11 faiz, qoyun və keçilər 11 faiz, quşların sayı isə 14 faiz artıb.


«Azərbaycanda münbüt torpaqlar bir neçə imkanlı şəxsin əlində cəmləşəcək»


Murtuzəli Hacıyev deyir ki, kartof, tütün, üzüm və başqa kənd təsərrüfatı məhsullarının istehsalında da inkişaf far. Onun sözlərinə görə, həm rayonlarda aqroservis idarələrinin yaradılması, həm də son bir ildə subsidiyaların verilməsi kənd əhalisinin təsərrüfat işlərinə marağını xeyli gücləndirib. İqtisadçı Vuqar Müzəfərli isə statistik rəqəmlərin həm reallığı, həm də ölkənin həqiqi imkanlarını ifadə etdiyinə şübhə ilə yanaşır. Üstəlik, mütəxəssis rəylərinə görə, pambıqdan fərqli olaraq buğdanın statistik göstəricilərini şişirtmək mümkündür. Çünki buğda ixrac edilmir və əsasən onun istehsalçısı da, istehlakçısı da kəndlinin özüdür. Vuqar Müzəffərli deyir ki, Azərbaycanda aqrar sektorun inkişafı üçün bu sahədə tam şəffaflığa riayət olunmalıdır. Bundan ötrü də ilk növbədə rayonlarda yaradılan aqroservis idarələrinin fəaliyyəti yenidən qurulmalıdır.


Vuqar Müzəffərli isə deyir ki, rayonlarda texnikalar şəxsi əllərdə cəmlənir və bundan onlar qazanc mənbəyi kimi istifadə edirlər. Üstəlik, o hesab edir ki, kənd təsərrüfatının inkişafı üçün verilən kreditlərin şərtləri də yüngülləşdirilməlidir.


Əslində nəzərə almaq lazımdır ki, Azərbaycanda aqrar sektor üçün ən əlverişli ərazilər Mil-Muğan bölgəsidir. Məhsulun dəmyə yetişdirildiyi əyalətlərdə isə mütəxəssislərin fikrincə, məhsuldarlıq aşağı olur. Düzdür, belə ərazilər üçün üzümçülük sərfəlidir. Ancaq mütəxəssislər hesab edirlər ki, bu məhsulun becərilməsi ilkin olaraq çox vəsait tələb etdiyindən sadə insanlar yalnız taxılçılıqla kifayətlənməli olurlar. Şəki rayonundan olan fermer Babaxan Qəribov isə deyir ki, taxılçılıqda ildən-ilə məhsuldarlıq aşağı düşür. O, bunu toxumluq buğda sortlarının artıq qocalması ilə izah edir. Qəribovun sözlərinə görə, indi Şəki rayonunda çoxları torpaqlarını ya icarəyə verir, ya da satır:


- Torpaqlar iki-üç kişinin əlində cəmləşir. Onların yaxşı texnikaları var. Götürüb 200-300 hektarlıq ərazidə nəsə əkəndə xeyrini də görürlər. Biz isə 2 hektar yer əkirik. Aylarla tıraktor ardınca düşürük.


İqtisadçı İlham Hüseynli bu prosesi «planlaşdırılmış siyasət» adlandırır. Onun sözlərinə görə, Azərbaycanda tədricən münbüt torpaqlar bir neçə imkanlı şəxsin əlində cəmləşəcək. Hüseynli ehtimal edir ki, aqrar sektora qayğı da yalnız bu proses tamamilə başa çatdıqdan sonra göstəriləcək:


- Ola bilsin, onların kənd təsərrüfatı üçün ciddi biznes planları var. Ya ölkəyə neft pullarının axını dayandıqdan sonra və yaxud da tezliklə torpaqları alıb ora öz sərmayələrini qoyacaqlar. Hər halda bu, ölkənin gələcəyinə yaxşı bir şey vəd etmir.


Azərbaycanda dəbdə olan bir fikir var. «Torpağı əkmədin qorumağa, qorumadın əkməyə dəyməz». Əslində bu fikir yazıçı Anarın «Dədə Qorqud» əsirindən götürülüb və keçmiş dövrlərin reallıqlarını özündə ifadə edir. Çünki indi yadelli işğalçı təhlükəsi yoxdur. Torpağı əkib-əkməməyi, onu satıb-satmamağı mövcud iqtisadi şərtlər müəyyən edir. Hərçənd bu şərtlər bəzi hallarda nə onu əkməyə, nə də qorumağa imkan verir.


Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG