Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:56

«Polisdə seçki hazırlığı başlayıb»


Qəzetlər yazır ki, DİN və MTN arasındakı son illərdə gərgin münasibətlər yaranıb

Qəzetlər yazır ki, DİN və MTN arasındakı son illərdə gərgin münasibətlər yaranıb

«Gün səhər» yazır ki, Milli Təhlükəsizlik Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasındakı ziddiyyətlər prezident seçkisi öncəsi sürprizlər vəd edir.


«Əvvəlki illərdə polisdə aşağı zabit heyətini DİN rəhbərliyinin özü seçkiyə hazırlayırdı. Lakin indi bu işə ciddi müdaxilələr var. Hətta demək olar ki, hazırlığa bir nəzarət var. Müdaxilələrin son vaxtlar DİN-ə ciddi rəqibə çevrilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən edilməsi isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Belə ki, prosesə nəzarət edən quruma fərqli məlumatlar çatdırılır. Bu işdə DİN və MTN arasındakı son illərdə artmaqda olan gərgin münasibətlərin də rolu var. Real vəziyyət hakimiyyətdə söz sahibi olmaq məsələsində MTN-in daha öndə olduğunu göstərir. Görünür, polis rəhbərliyi öz əhəmiyyətini sübut etmək, hakimiyyətin əsas dayağı rolunda əvəzedilməzliyini göstərmək üçün seçkini vacib bir hadisə, yarış meydanı hesab edir».


Qəzet yazır ki, hazırlıqlar Bakı şəhərində ciddi hiss olunmasa da, paytaxt ətrafı və əyalət polislərində ciddi iş gedir: «Elə bu məlumatların ortaya çıxdığı bir zamanda bir tərəfdən də xəbər yayıldı ki, DİN artıq rayon polis idarələrində kompleks yoxlamalara başlayıb. Bəzi ekspertlər hesab edirlər ki, bu yoxlamalar Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin ziyanına faktların toplanması məqsədi daşıyır. Tamamilə mümkündür ki, bu niyyət də olsun. Amma bəzi mətbuat orqanlarının yazdığı kimi burada MTN-lə intriqa məsələsi də yox deyil. Qaradağ Rayon Polis İdarəsində aparılan kompleks yoxlamalardan sonra bir neçə yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad edilib».


YAP funksioneri Mübariz Qurbanlı «Yeni Müsavat»a müsahibəsində deyib ki, Azərbaycanda «antiqərb mövqeyi yoxdur».


«Bu gün Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı atılan addımlar dəyərləndirilmir. Biz istəyirik ki, hansısa problemi qabardanda bunu da xüsusi vurğulasınlar. Ermənistan faktiki olaraq, KİV azadlığını məhdudlaşdırılıb. Amma bəzi beynəlxalq təşkilatlar KİV azadlığının vəziyyəti ilə Azərbaycanla Ermənistan arasında heç bir fərq qoymurlar. Digər bir məqamı vurğulamaq istərdim. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin BMT Baş Məclisinin 62-ci sessiyasında tutduqları mövqe ictimai rəydə haqlı narazılığa səbəb olub. Bu narazılıq həm hökumət, həm də YAP səviyyəsində açıqlanıb. Bizim haqlı narazılığımız hamı tərəfindən başa düşülməlidir. Ona görə də bunu Qərb əleyhinə təbliğat kimi dəyərləndirmək lazım deyil».


Prezident İlham Əliyev «Azərbaycanda siyasi hüquqların qorunması – yeni meyarlar» mövzusunda beynəlxalq konfransın nümayəndələrini qəbul edib. Məlumatı «Azərbaycan» yayıb. Qəzet bildirir ki, dövlət başçısı beynəlxalq konfransın işini yüksək qiymətləndirib. İlham Əliyev Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasını vacib məsələ hesab etdiyini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG