Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:55

Olimpiya məşəli aksiyaçılar üçün mayaka çevrilib


Aksiyaçıların ən kəskin reaksiyası aprelin 6-da Londonda oldu

Aksiyaçıların ən kəskin reaksiyası aprelin 6-da Londonda oldu

Adətən Olimpiya məşəli oyunlardan əvvəl dünyanı gəzir ki, hamını iştiraka həvəsləndirsin. Amma bu dəfə məşəl funksiyasını dəyişib, elə bil aksiyaçılar üçün mayaka çevrilib.


Aprelin 7-də Olimpiya məşəli Fransa paytaxtına çatıb və şəhər məşəli bu sözlərlə qarşılayıb: «Paris bütün dünyada insan haqlarını müdafiə edir!»


Söhbət, əlbəttə, Çindən gedir. Keçən ay Çin əsgərləri Tibetdə yerlilərlə toqquşub, onlarla adam ölüb. İnsan haqları təşkilatları Çinin tibetlilərin haqqlarını tapdaladığını deyir, Olimpiya oyunlarının Çində keçirilməsini istəmirlər. Çünki Çin oyunlardan əvvəl ölkədə insan haqlarıyla bağlı vəziyyəti düzəldəcəyinə söz vermişdi.


İndi insan haqları müdafiəçiləri bu fürsətdən istifadə edib, oyunların Çində keçirilməsinin qarşısını almağa çalışırlar. Onların ən kəskin reaksiyası aprelin 6-da Londonda oldu. Aksiya iştirakçılarından biri məşəli idmançının əlindən qamarlamağa nail olub. Hərçənd polis məşəli tez geri qaytarıb. Londonun başqa bir yerində isə bir nəfər məşəli yanğısöndürənlə söndürmək istəyib.


Londonda aksiya iştirakçıları məşəli görmək istəyən böyük kütləyə qarışıb. Bu kütlə arasında Çini müdafiə edənlər də olub, onlar əllərində Çinin bayraqlarını yelləyiblər. Etiraz edənlər «Çinə ar olsun!», deyə qışqıranda, Çin tərəfdarları «Sizə ar olsun!» deyə bağırıblar.


Bu hadisənin təkrarlanmaması üçün Parisdə təhlükəsizlik qaydaları gücləndirilib. Olimpiya məşəlinin keçəcəyi yerlərə üç minə qədər polis işçisi göndərilib. Onlar motosikletlərlə, konkilərlə təmin olunublar.


Olimpiya məşəlinin qorunması üçün ciddi tədbirlər görülməkdəykən rəsmilər müzakirələrə başlayıblar: Çində Olimpiya oyunlarında iştirak etsinlər, ya yox? Bu məsələni qaldıran ilk prezident Fransanın dövlət başçısı Nikola Sarkozi oldu. Keçən ay o, Pekini məsuliyyətli olduğunu göstərməyə çağırdı: «General Şarl de Qol Çini tanıyanda, Tibetin də daxil olduğu Çini tanımışdı. Hətta tibetlilərin lideri Dalay Lama da müstəqillik uğrunda, ya da Olimpiya oyunlarının boykot olunması üçün çağırışlar etmir. Dövlət başçısı kimi mən Çin prezidenti Hu Jintaoya narahatlığımı çatdırdım. Onu məsuliyyət hissini göstərməyə, açıq dialoqa çağırdım».


Sarkozidən Olimpiya oyunlarını boykot edib-etməyəcəyini soruşanda, o, bunu istisna etmədiyini bildirib.


Almaniya kansleri Angela Merkel isə artıq bildirib ki, o, Çində keçiriləcək Olimiya oyunlarında iştirak etməyəcək. Amma Britaniyanın Baş naziri Qordan Braun və Amerika prezidenti Corc Buş Pekinə gedəcəklərini deyiblər.


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Rog isə deyib ki, o, Tibetdə baş verənlərə görə çox narahatdır. Amma oyunlarda iştirak edib-etməmək barədə dünya liderləri özləri qərar verməlidirlər: «Bilirik ki, boykot barədə müzakirələr gedir, amma boykota səbəb görmürük. Açılış mərasiminin qismən boykot edilməsi barədə danışıqlar olub. Mən bu məsələni xüsusi şərh etmək istəməzdim. Bu, dövlət başçılarının öz işidir və Beynəlxalq Olimpiya Komitəsinin qarışacağı məsələ deyil».


Jak Rog bunu şənbə günü demişdi. Amma indi sual yaranıb; Olimpiya məşəlini müşayət edən aksiyaların Qərbdəki liderlərə təsiri olacaqmı? Aksiya iştirakçıları təsirin olacağına, liderlərin Çini qınayacaqlarına inanırlar. Və Parisdən sonra onlar məşəli San-Fransiskoda gözləyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG