Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

«Pritonların himayəçiləri vəzifəlilərdir»


2007-ci ildə insan alverinin qurbanı olan 101 nəfər müəyyən olunub

2007-ci ildə insan alverinin qurbanı olan 101 nəfər müəyyən olunub

«İnsan alveri ilə əlaqədar ölkədəki problem hələ də ciddiyyətini qoruyur. Bu problemin həll edilməsi üçün Daxili İşlər Nazirliyində xüsusi idarə yaradılsa və dövlət proqramı qəbul edilsə də, problem öz həllini tapmır». «Gün səhər» manşet məqaləsində belə yazıb.


Qəzet yazır ki, hər həftə neçə-neçə insan alverçisi həbs edilsə də, məhkum edilənlərin sayı bundan qat-qat azdır. «Bəlkə də elə problemin kökünü burada axtarmaq lazımdır. İnsan alverçilərinin həbs edilməsi mübarizə görüntüsü yaratsa da, onların cəzalandırılmaması bu mübarizəni nəticəsiz qoyur».


2007-ci il ərzində insan alveri ilə bağlı respublika üzrə 283 cinayət faktı aşkar edilib, 231 cinayət işinin istintaqı aparılıb, bu cinayətləri törətdiklərinə görə 300 şəxs məsuliyyətə cəlb edilib, habelə insan alverinin qurbanı olan 101 nəfər müəyyən olunub.


«Gün səhər» yazır ki, insanlar həbs edilən kimi onların hakimiyyətdəki himayədarları ortaya çıxır və onları məhkəmə qarşısında dayanmaqdan xilas edirlər. «Bundan başqa, polisin özündə də bəzi neqativ hallar baş verir. Belə ki, insan alverçiləri bir çox hallarda külli miqdarda rüşvət sayəsində məsuliyyətdən uzaqlaşırlar. Hətta bəzi məlumatlara əsasən, çox vaxt bu insanları ələ keçirəndən sonra hansısa polis zabitinə işləməyə məcbur edənlər də var. Ciddi məqamlardan biri də budur ki, Naxçıvanda olduğu kimi, ölkənin bir çox yerlərində də pritonları, insan alverçilərini məhz polisdəki yüksəkvəzifəlilərin himayə etməsi haqda məlumatlar yayılır. Bu halda, təbii ki, mübarizənin effektindən də söhbət gedə bilməz».


«Yeni Müsavat» Nəqliyyat Nazirliyinin əməkdaşlarının yol polisinin səlahiyyətlərini mənimsədiyini yazır.


«Hələ 2006-cı ildə Bakı Şəhər İcra Hakimiyyətinin bir çox səlahiyyətləri əlindən alınaraq, bu nazirliyə verilib. «Maxinasiyalar» üçün ən əlverişli işləri - körpülərin, yeni yolların salınması ilə yanaşı sərnişindaşıma sahəsi də bu strukturun vəzifələri sırasına daxil edilib.


Bu yaxınlarda nəqliyyat Nazirliyinin müfəttişləri ilə Dövlət Yol Polisi arasında da rəqabətin güclənməsi müşahidə edilir».


Qəzet iddia edir ki, paytaxtda və rayonlarda xüsusilə sərnişin daşıma ilə məşğul olan avtobus və taksilərin, yük maşınlarının hərəkətinin tənzimlənməsi məsələsində nəqliyyat müfəttişləri ilə yol polisləri arasında ziddiyyət var. Bəzən DYP əməkdaşları özləri də etiraf edirlər ki, nəqliyyat müfəttişləri onların səlahiyyətlərini mənimsəyir. Avtomobillərin dövlət qeydiyyat nişanlarının açılması, sürücülərin sürücülük vəsiqələrinin alınması, sənədlərinə baxış keçirilməsi səlahiyyətləri yol polislərinə aid olsa da, nəqliyyat müfəttişləri buna da qarışır.


Dövlət qəzetləri isə prezidentin NATO sammitində iştirakını geniş işıqlandırır. Parlamentin orqanı olan «Azərbaycan» qəzeti bununla yanaşı keçmiş dövlət başçısı Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı yazılar dərc edir. Qəzetin 4 aprel sayında şair Fikrət Qocanın Heydər Əliyevə həsr etdiyi «Gərək bu günləri görəydin…» adlı şeiri çap olunub. Qəzet həmçinin hazırda tikilməkdə olan Heydər Əliyev mərkəzinin binası Bakının yeni rəmzi olacağını yazır.


Günün bütün mövzuları

XS
SM
MD
LG