Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

«AQO» qrupu görüşlərə başlayıb


AQO Cənubi Qafqaz respublikalarının AŞ qarşısında öhdəliklərinin monitorinqini aparır

AQO Cənubi Qafqaz respublikalarının AŞ qarşısında öhdəliklərinin monitorinqini aparır

Bakıda səfərdə olan Avropa Şurasının Nazirlər Komitəsinin «AQO» qrupunun üzvləri aprelin 3-də müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər. AXCP sədri Əli Kərimli görüşdə əsasən Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin müzakirə olunduğunu deyib.


«Biz bildirdi ki, öhdəliklərin yerinə yetirilməsi əvəzinə onun imitasiyası yaradılıb. Əgər azad və ədalətli seçkilər keçirilməsə, Azərbaycanda vəziyyət Avropa standartlarına cavab verməyəcək». AXCP sədri deyir ki, müxalifət təmsilçiləri qrup üzvlərinə azad və ədalətli seçkilərin keçirilməsi üçün bir sıra təkliflər veriblər. Təkliflərə siyasi məhbus probleminin həlli, azad mətbuata təzyiqlərin dayandırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və seçki komissiyalarının yenidən formalaşması kimi məsələlər daxildir.


«AQO» qrupunun üzvləri daha sonra bəzi hüquq müdafiəçiləri ilə görüşüblər. Hüquq müdafiəçilərindən Leyla Yunus «Azadlıq» radiosuna deyib ki, o, qrup üzvlərinə öhdəliklərin yerinə yetirilmə vəziyyəti ilə bağlı hesabat təqdim edib. Sənəddə bir sıra öhdəliklərin hələ də yerinə yetirilmədiyi qeyd edilib.


Leyla Yunusun sözlərinə görə razılıq əldə edilib ki, «AQO» qrupunun üzvləri aprelin 4-də cəzaçəkmə yerlərinə gedib azadlıqdan məhrum edilmiş jurnalist və başqa siyasi məhbuslarla görüşsünlər:


«Dedik ki, əgər siyasi məhbuslarla bağlı məruzəçi təyin edilməsə, bu problem də həll edilməyəcək». Leyla Yunus bildirir ki, hüquq müdafiəçilərinin bu təklifinə müsbət yanaşılmayıb: «Hətta «AQO» qrupunun üzvlərindən biri dedi ki, əgər məruzəçi təyin edilsə, Azərbaycan hökuməti işçi qrupuna ehtiyac görməyəcək».


Qrup üzvlərinin bəzi jurnalist təşkilatları ilə də görüşləri gözlənilir.


«AQO» monitorinq qrupunun rəhbəri Pyer Syergen deyib ki, səfərin məqsədi öhdəliklərin yerinə yetirilməsi prosesini öyrənməkdir. O, bildirib ki, Azərbaycanda keçirdikləri görüşlər və müşahidələri ilə bağlı yekun nəticə hesabatda əksini tapacaq.


AQO Qrupunun məqsədi Cənubi Qafqaz respublikalarının AŞ qarşısında öhdəliklərinin monitorinqini aparmaqdır. Qrup italiyalı deputat Petro Erkole Aqonun şərəfinə belə adlandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG