Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:00

«Adambaşına düşən xarici borcumuz 300 dollara yaxınlaşır»


«Hakimiyyət daha yüksək faizlə kredit alır, amma aşağı faizlə kredit verir»
«Hakimiyyət daha yüksək faizlə kredit alır, amma aşağı faizlə kredit verir»

«Azərbaycanda bahalaşma dayanmadan davam edir. Ümumiyyətlə, ölkədə qiymət artımı nəzarətdən çıxıb. Hökumət bu sahədə gücsüzlüyünü etiraf etməklə prosesə rəvac verir. Əhalinin gündən-günə pisləşən güzəranını yaxşılaşdırmaq əvəzinə xarici borcların həcmi artırılır, alınan kreditlər isə qeyri-məhsuldar sektora yönəldilir». Bu barədə «Yeni Müsavat» yazıb.


İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu qəzetə bildirib ki, Azərbaycanın xarici borclarının artması ilə yanaşı, inflyasiyanın da sürətlənməsi qaçılmazdır: «2007-ci ildə 441 milyon dollarlıq kredit istifadə olunsa da 2008-ci ilin gözləntiləri kredit vəsaitlərindən istifadənin səviyyəsinin çoxalacağını deməyə əsas verir. Bu, son nəticədə adambaşına düşən xarici borcların səviyyəsinin artımına gətirib çıxaracaq. Artıq adambaşına düşən xarici borc 300 dollara yaxınlaşıb. Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında bağlanan son kredit sazişinin də buna təsiri oldu. Belə ki, DB Direktorlar Şurası 476 milyon dollarlıq kredit xəttinin açılması istiqamətində qərar qəbul edib. Təəssüf ki, bu vəsaitlər investisiya layihələri adı altında daha çox infrastruktura yönəldilir. İnfrastrukturun isə ödəmə qabiliyyəti yoxdur. Ümumiyyətlə, indiyə qədər alınmış kreditlərin sərfində ən çox çəkiyə malik olan elektrik enerjisi sektorudur. Əldə olunan kreditlərin təxminən 35 faizi bu sahəyə yönəldilib. 20 faizə qədəri isə nəqliyyat sektoruna və yol tikintisinə xərclənib».


Ekspertin fikrincə, problemin digər tərəfi Azərbaycanın həm kredit verən, həm də kredit cəlb edən ölkə olmasıdır. «Hökumətin cəlb etdiyi kreditlərin faiz dərəcəsi ilə ayırdığı kreditlərin faiz dərəcəsi arasındakı fərq birincinin xeyrinədir. Yəni hakimiyyət daha yüksək faizlə kredit alır, amma aşağı faizlə kredit verir. Bu da təbii ki, düzgün yanaşma deyil».


Azərbaycanda korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb olunanların əksəriyyəti təhsil, səhiyyə və bələdiyyə işçiləridir. Bu barədə iki gün öncə korrupsiya əleyhinə keçirilən beynəlxalq konfransda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. «Azadlıq» qəzeti məsələ ilə bağlı Təhsil və Səhiyyə nazirliklərinin münasibətini öyrənmək istəyib.


«Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə məsələ ilə bağlı hər hansı bir məlumata malik olmadığını, dəqiqləşdirmə apardıqdan sonra əlaqə saxlayacağını söylədi. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də Kamran Əliyevin dediklərindən xəbərsizdir: «Ancaq mən onu deyə bilərəm ki, səhiyyə sistemində korrupsiya yoxdur. Oqtay Şirəliyev nazir təyin olunandan sonra korrupsiya pramidasını dağıtdı. Doğrudur, mən kimlərinsə rüşvət verməsi və alması faktlarının olduğunu inkar etmirəm. Lakin yenə də təkrar edirəm ki, səhiyyə sistemində artıq korrupsiya pramidası yoxdur».


«Siyasi qüvvələr öz fəaliyyətlərini canlandırmalı, ortaya yeni qüvvələr çıxmalıdır». Bunu «Gün səhər»ə müsahibəsində deputat Pənah Hüseyn deyib: «Müxalifət düşərgəsindəki durğunluqdan çıxmaq lazımdır. Bunun üçün bəlkə də qeyri-standart addımlar atmaq lazımdır. Bunlar nədən ibarət ola bilər? Hesab edirəm ki, builki seçki və siyasi kampaniya fəallığa ciddi təsir göstərəcək. Son günlər düşünürəm ki, məlum 4-5 namizəddən başqa da, ola bilsin ki, daha ciddi və aqressiv siyasi kampaniya aparmağa imkanı və qüvvəsi olan yeni namizədlər də meydana çıxa bilər. Bu prosesə kömək etmək, onu stimullaşdırmaq lazımdır. Mən məyusluğun və ümidsizliyin qəti əleyhdarıyam. Dostlarımıza bu cür ovqatı kənara qoymağı təklif edirəm».


Rəsmi dövlət qəzetləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO zirvə görüşünə böyük diqqət ayırıblar. Dövlət agentliyi olan «AzərTAc» xəbər yayıb ki, ABŞ Prezidenti Corc Buş raketdənmüdafiə sahəsində Rusiyanı birgə fəaliyyətə çağırıb. O bildirib ki, biz Polşa və Çexiyada radarlar və raketdənmüdafiə sistemləri quraşdırmaq niyyətindəyik. Rusiyanı əməkdaşlığa çağıran ABŞ-ın dövlət başçısı deyib: «Prezident Putin Azərbaycanda və Rusiyada yeni imkanlar təklif edir. Düşünürəm ki, bu təklif radar müşahidə sistemi üçün istifadə oluna bilər».


XS
SM
MD
LG