Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:16

NATO Cənubi Qafqaza doğru genişlənəcəkmi?


Bu həftənin əsas siyasi hadisəsi sözsüz ki, NATO-nun Buxarest sammiti olacaq

Bu həftənin əsas siyasi hadisəsi sözsüz ki, NATO-nun Buxarest sammiti olacaq

Bu həftənin əsas siyasi hadisəsi sözsüz ki, NATO-nun Buxarest sammiti olacaq. Bu olay həm də Cənubi Qafqaz dövlətləri ilə də bağlıdır. Sammit ərəfəsində Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-a səfər etdi. İndi MDB dövlətlərinin siyasi analitiklərini Gürcüstanın və Ukraynanın NATO-dan hansı cavab alacaqları düşündürür. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı gözlənir. Amma nə Azərbaycanın, nə də Ermənistanın NATO-ya yaxın dövrdə hər hansı status üçün müraciət edəcəyi ehtmal edilmir. İndi Cənubi Qafqazda əsl geosiyasi ardıcıllıq formalaşıb – Gürcüstan NATO-ya can atır, Azərbaycan gözləmə mövqeyi tutur, Ermənistan isə NATO ilə hər hansı yaxınlıq haqqında fikirləşmir.


Bütün hallarda Cənubi Qafqaz dövlətlərinin NATO-ya inteqrasiyasının heç də hamar olmayacağı güman edilir. Almaniya və Fransa Gürcüstanın və Ukraynanın NATO-ya üzv olmasının əleyhinədir. Çox güman ki, onları razı salmaq missiyasını ABŞ öz üzərinə götürəcək. Təsadüfi deyil ki, ABŞ prezidentinin də Ukraynaya səfəri planlaşdırılıb və bu səfər aprelin ilk günləri üçün nəzərdə tutulub.


Ən çox maraq kəsb edən Bakının mövqeyi və davranış tərzidir. Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı ölkə analitikləri və siyasətçiləri arasında yekdil fikir yoxdur. Bəziləri bu prosesin sürətinin aşağı olmasını NATO ilə, digərləri isə Bakı ilə bağlayırlar. Birinci ehtimalın müəlliflərinin fikrincə, NATO Azərbaycanı hələ öz sıralarına qatmağa hazır deyil. Üstəlik, əvvəllər belə fikir səslənirdi ki, NATO ərazisində münaqişə olan dövlətləri öz sıralarına qəbul etməz. Amma Gürcüstanın ərazisində iki münaqişə ocağı var. Ümumiyyətlə, bu fikir bir o qədər də inandırıcı görünmür. NATO Gürcüstanı da ciddi-cəhdlə öz sıralarına səsləmir. Əslində Gürcüstanın özü inadkarlıq göstərir.


İndi Cənubi Qafqazda əsl geosiyasi ardıcıllıq formalaşıb – Gürcüstan NATO-ya can atır, Azərbaycan gözləmə mövqeyi tutur, Ermənistan isə NATO ilə hər hansı yaxınlıq haqqında fikirləşmir
NATO-ya inteqrasiya bu ölkənin artıq rəsmi dövlət siyasətidir. Gürcüstanda NATO-ya inteqrasiya məsələləri ilə məşğul olan ayrıca dövlət nazirliyi var. Bu ölkədə NATO-ya inteqrasiya ilə bağlı referendum keçirilib. Bütün bunları NATO deyil, Gürcüstan özü edir.



Ona görə də Azərbaycanla bağlı ikinci ehtimalın üzərində dayanmaq lazımdır. Görünür, səbəb Bakıda axtarılmalıdır. Rəsmi Bakı məsələyə iki aspektdən yanaşır – dövlətin və hakimiyyətin təhlükəsizliyi. Bunların hansının daha çox önəm kəsb etdiyini bəzən hətta müəyyənləşdirmək çətin olur. Hər halda müşahidəçilər üç mühüm amil göstərirlər. Birinci amil Rusiyanın mümkün təzyiqləridir. Kosovodan, Rusiyanın bu məsələ ilə bağlı bəyanatından, Dumada Abxaziya və Cənubi Osetiya ilə bağlı müzakirələrdən sonra bu ehtimal çox inandırıcı görünür. Amma Gürcüstan məşhur «qaz müharibəsi»ndən sonra bütün bu sadalanan çətinlikləri yaşadı və mövqeyindən çəkilmədi. Bəs Azərbaycan nədən ehtiyat etməlidir? Düzdür, Rusiya Dağlıq Qarabağı müzakirə mövzusuna çevirmir, amma öz siyasətindən də əl çəkmir. Bu yaxınlarda BMT-də keçirilən səsvermə zamanı Rusiya özü nəinki qətnamənin əleyhinə səs verdi, hətta o biri dövlətləri də buna təhrik etməyə çalışdı. Bundan sonra Bakı rəsmiləri doğrudanmı ümid edirlər ki, Rusiya nə vaxtsa Dağlıq Qarabağla bağlı mövqeyini dəyişəcək? Təəssüf ki, bu sualın cavabı yoxdur. İndi rəsmi Bakı başqa problemlərlə məşğuldur. Minsk Qrupunun həmsədrlərinin hər üçü BMT-nin qətnaməsinin əleyhinə səs versə də, nədənsə daha çox Qərb qınaq obyektinə çevrilib. Bəzi müşahidəçilər bunu əsas götürərək hətta belə bir fikir irəli sürürlər ki, Bakı BMT-dəki məlum hadisədən istifadə edərək Qərblə özü arasında məsafə yaratmağa çalışır.


Bəs NATO-ya bir o qədər də can atmayan Bakının başqa arqumentləri yoxdurmu? NATO təkcə hərbi blok deyil, həm də siyasi klubdur. Bəzi yerli müşahidəçilər belə güman edirlər ki, rəsmi Bakını sonuncu amil heç də az çəkindirmir. Siyasi islahatlar aparmaq, hakimiyyətə demokratik seçkilərlə gəlmək və getmək, ölkənin digər siyasi qüvvələri ilə bərabərləşmək - bütün bunlar hakim siyasi partiya üçün çox böyük güzəştlərdir. Sözsüz ki, başqa problemlər də var. Məsələn, NATO-ya üzv olmaq uzunmüddətli prosesdir. Bakı rəsmiləri belə bir sual verirlər: Bəs bu müddət ərzində ölkənin təhlükəsizliyinə kim təminat verəcək? Haqlı sualdır. Amma Gürcüstanda nədənsə bu sual verilmir. Bəlkə Gürcüstanın təcrübəsinə nəzər salmağa ehtiyac var?


Günün bütün mövzuları

XS
SM
MD
LG