Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

«Sərnişindaşımada özbaşınalıq ifrat həddə çatıb»


Qəzetlər iddia edir ki, paytaxtda sərnişindaşıma, demək olar ki, inhisarına keçib
Qəzetlər iddia edir ki, paytaxtda sərnişindaşıma, demək olar ki, inhisarına keçib

«Ölkənin nəqliyyat sektorunda dərəbəylik davam edir. Əgər əvvəllər ayrı-ayrı marşrut sahiblərindən, sahibkarlardan, sürücülərdən şikayətlər gəlirdisə, son vaxtlar bu kimi özbaşınalıqlar, qanunsuzluqların Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən edilir». Bu barədə «Yeni Müsavat» məqalə dərc edib. Qəzet yazır ki «Heç kəsə sirr deyil ki, Nəqliyyat Nazirliyinin müfəttişləri Bakıda sözün əsl mənasında qoçuluq edirlər…»


«Onlar istər avtobus, istərsə də taksi sürücülərini bu peşə ilə məşğul olmalarına peşman edir, döyür, söyür, təhqir edir, haqlı-haqsız cərimələyirlər. Onlar özlərini o qədər arxayın hiss edirlər ki, hətta bir sıra hallarda hansısa sürücünü döymələri prosesini polislər, sadəcə, kənardan müşahidə edirlər. İndiyədək müfəttişlər tərəfindən döyülən sürücülərin hüquq-mühafizə orqanlarına etdikləri şikayətlər nəticəsiz qalıb».


«Yeni Müsavat» iddia edir ki, paytaxtda sərnişindaşıma, demək olar ki, tamamilə nəqliyyat nazirinin inhisarına keçib. Əksər marşrutlara nazirin yaxın qohumunun rəhbərlik etdiyi şirkətə məxsus avtobuslar buraxılıb. Marşrutlardan digər avtobusların yığışdırılması üçün ən müxtəlif formada təzyiq vasitələrindən istifadə edilir. Sürücülərdən o qədər plan istənilir ki, onlar axşama kimi işləyib bunu ödəyə bilmirlər.


«Vəzifədən asılı olmayaraq, korrupsiyaya qurşanmış dövlət məmurları cinayət məsuliyyətinə cəlb edilirlər. Onların arasında yüksək vəzifəli dövlət məmurları, nazirlər də vardır ki, bu da göstərir ki, bu mübarizədə heç bir ayrı-seçkiliyə yol verilmir». Bunları prezident İlham Əliyev deyib. O, martın 31-də Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib. Bu barədə «Azərbaycan» yazıb.


Prezident deyib ki, «biz indi görürük ki, coğrafi vəziyyətindən, yaxud da etnik mənsubiyyətindən asılı olmayaraq, bütün postsovet ölkələrində bu problem çox ciddi olmuşdur.


Biz korrupsiyaya qarşı mübarizədə müxtəlif amillərdən istifadə edirik. İlk növbədə, dediyim kimi, bunun üçün güclü qanunvericilik bazası yaradılmışdır, Dövlət proqramı icra olunur, komissiya fəaliyyət göstərir və dövlət tərəfindən korrupsiyaya qarşı mübarizəyə çox böyük diqqət və dəstək var».


«Qarabağ danışıqları çıxılmaz vəziyyətdədir». Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyir. Sülh danışıqlarının hazırkı durumunu «Ekspress»ə şərh edən nazir müavini diqqəti ona yönəldib ki, vasitəçilər və erməni tərəfi konkretlikdən qaçır və bununla, danışıqları dolaşdırmağa çalışırlar.


Amma Əzimov diqqəti ona yönəldib ki, «bəla bundadır ki, Minsk qrupu özü də indiyədək Qarabağ danışıqlarını qaranlıq istiqamətə aparırdı və biz daha bu istiqamətə getmək istəmirik».


Eyni zamanda, «görünür, münaqişənin həlli üçün vaxt lazımdır» deyən nazir müavini danışıqlar formatının alternativinin olmadığını bildirir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG