Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48

Qarabağ danışıqları yeni müstəviyə keçə bilərmi?


BMT Baş Məclisindəki səsvermə çox mətləblərə aydınlıq gətirdi

BMT Baş Məclisindəki səsvermə çox mətləblərə aydınlıq gətirdi

Siyasi şəraitin dəyişməsi diplomatiyaya da təsir edir. İndi Cənubi Qafqaz bölgəsində şərait dəyişməyi vəd edir. Düzdür, bu prosesin konturları hələ çox zəif hiss olunur. Amma hansısa formada dəyişiklik olmalıdır. Bunu proseslə bağlı verilən diplomatik bəyanatlardan və siyasi çıxışlardan da duymaq mümkündür. Bəs belə bir əminliyə gəlməyə nə vadar edir?


BMT Baş Məclisində Dağlıq Qarabağla bağlı keçirilən səsvermə hələ də müzakirə və təhlil mövzusu olmaqdadır. Bu səsvermə bir çox mətləblərə aydınlıq gətirdi. Böyük dövlətlərin mövqeyi, Azərbaycan rəsmilərinin bu vaxta qədər dedikləri yeni prizmadan keçdi. Böyük dövlətlər qətnamənin əleyhinə səs verməklə öz missiyalarına kölgə saldılar. Onlar indi daha çox bəraət haqqında fikirləşir, öz missiyaları üçün tutarlı əsaslar axtarırlar.


Azərbaycan indi tamamilə haqlı olaraq Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsini, ya da formatın genişləndirilməsini tələb edə bilər. Təsadüfi deyil ki, Azərbaycanın bəzi diplomatları artıq bu haqda bəyanatlar verirlər. Hətta Qrupa Polşa kimi dövlətlərin cəlb olunması haqqında çağırışlar səslənir. Əvvəllər belə təkliflər qeyri-real və əsassız kimi qarşılanırdı. Daha çox belə bir fikir üstünlük təşkil edirdi ki, son nəticədə hər şeyi böyük dövlətlərin iradəsi həll edir. Amma BMT-dəki səsvermə göstərdi ki, bu, heç də həmişə belə deyil. Faktiki olaraq on illər ərzində formalaşan diplomatik ehkam bir anın içində aradan qalxdı. Bu, Azərbaycan rəsmilərinin də bu vaxta qədər dediklərini, təlqin etdiklərini şübhə altına aldı. Son illərə qədər belə bir tezis təlqin edilirdi ki, münaqişənin müzakirəsini BMT müstəvisinə çıxarmağa ehtiyac yoxdur, çünki onun həllini elə BMT-nin özü ATƏT-ə həvalə edib.

İndi Ermənistanda ancaq zor və hərb gücünə qala biləcək hakimiyyətlə aparılacaq diplomatik danışıqların perspektivi də az maraq kəsb etmir. Çox güman ki, Ermənistana təzyiqlər olacaq
Bu tezisin güclənməsində Rusiyanın da rolu olmuşdu. Amma GUAM-ın təşəbbüsü ilə dondurulmuş münaqişələrin, o cümlədən də Qarabağ münaqişəsinin təkrar olaraq BMT-nin müzakirəsinə çıxarılması hər halda faydasız olmadı. Aydın oldu ki, BMT və ATƏT çərçivəsindəki proseslər biri- birinə mane olmur. Burada paralellikdən daha çox qarşılıqlı tamamlanma var. Üstəlik, BMT tribunası daha üstün gücə malikdir, baxmayaraq ki, Ermənistan qəbul edilmiş qətnamənin hüquqi gücə malik olmadığını iddia edir. Hər halda qəbul edilmiş sənədin siyasi əhəmiyyəti var və bu, baş vermiş faktların bir daha yüksək səviyyədə təsdiqidir.



İndi prosesin gələcək inkişafı bir neçə amildən asılıdır. Bura Ermənistandakı vəziyyətin inkişafı da aiddir. Etiraf etmək lazımdır ki, gücsüz hakimiyyət danışıqlar zamanı da gücsüz olur. İndi Ermənistanda çox zəif siyasi qüvvə hakimiyyətdədir. Bu hakimiyyətin bir dayaq müstəvisi qalıb, o da Rusiyadır.


Təsadüfi deyil ki, hələ prezident statusunu almamış Serj Sarkisyan ilk səfərini Rusiyaya etdi. Bu, ənənəvi Ermənistan–Rusiya münasibətlərinin nümayiş etdirilməsi deyil, ölkə daxilində zəif siyasi qüvvənin özünə dost və arxa axtarmaq təşəbbüsüdür. Rusiya da bunu hələki Koçaryan–Sarkisyan hakimiyyətindən əsirgəmir. Hərçənd Ermənistan cəmiyyətinin rəğbətini itirmək də Rusiyaya bir o qədər də sərf etmir. Görünür, Rusiya öz siyasi orbitində olan ölkədəki prosesləri real qiymətləndirir. Ermənistanda hazırda baş verən proseslər anti–Rusiya xarakteri kəsb etməsə də, hər halda özündə Ermənistan–Rusiya münasibətlərinin daha soyuqqanlı dərkini də ehtiva edir. Rusiya vaxtilə Ukraynada da belə etmişdi. İndi Şimal ölkəsi gözəl başa düşür ki, Koçaryan–Sarkisyan hakimiyyətinə dəstək verməsə, sonda Ukraynadakı proseslər təkrar oluna bilər.


İndi Ermənistanda ancaq zor və hərb gücünə qala biləcək hakimiyyətlə aparılacaq diplomatik danışıqların perspektivi də az maraq kəsb etmir. Çox güman ki, Ermənistana təzyiqlər olacaq. Bu təzyiqlər ən azı diasporun fəaliyyəti nəticəsində baş verə bilər. Artıq ABŞ diplomatları Ermənistanın təhlükəsizliyinin Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılı olduğunu bildirirlər. Bu, hər halda diplomatik işarədir. Söz yox ki, Ermənistan mühüm proseslərin baş verəcəyi güman edilən Buxarest sammitinə Rusiyanın yedəyində gedir. Amma bu yedək çox çəkə bilməz və çəkməyəcək də. Ən azı Ermənistanın öz cəmiyyəti bunu arzulamır.


XS
SM
MD
LG