Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:42

«Azərbaycanda tarixi abidələrə hörmət yoxdur»


«Belə getsə, nə qədər heykəllərimiz, tarixi abidələrimiz var, hamısı söküləcək»
«Belə getsə, nə qədər heykəllərimiz, tarixi abidələrimiz var, hamısı söküləcək»

Son vaxtlar Bakıda abidələrin yerinin dəyişdirilməsi, ətrafında uca göydələnlərin tikilməsi az qala adi hala çevrilib. Tarixi xatırladan heykəllərin isə taleyi daha qaranlıqdır. Ya onlar tamamilə götürülür, yerində fontan qurulur, ya da uca binaların kölgəsində qalıb gözəgörünməz olurlar.


Sovet hökuməti dövründə Zaqafqaziya Federasiyasının Baş naziri olmuş Qəzənfər Musabəyovun da heykəlinin götürülməsi Bakı sakinlərini narahat edir. Əsas narahatçılıq isə həmin ərazidə bu dəfə də göydələnlərin ucaldılmasıdır. Parkın yenidənqurma layihəsində ərazidə ev inşasının nəzərdə tutulmadığı bildirilsə də, adi müşahidə bunun əksini göstərir. Hasarlanmış ərazidə tikinti işlərinə baxan, adının çəkilməsini istəməyən şəxs isə gördüyümüzün sadəcə abadlıq işləri olduğunu dedi:


- Abadlıq işləri aparılır. Bu işlər yekunlaşandan sonra məsləhət olsa, heykəl qoyulacaq, olmasa, yox.


Söhbətləşdiyim Bakı sakinlərinin bəziləri isə hesab edirlər ki, ölkədə tarixi abidələrə hörmət yoxdur:


- Heykəl tarixdir, gərək qala. Pis adamın heykəli olsa, gələcəkdə üzünə tüpürərlər, yaxşı adamınkı olsa, önünə gül qoyarlar.


- Hamısı özbaşınalıqdır, mən belə qiymətləndirərdim. Bu cür hallar çox baş verib. Demişdilər «Qarabağ» mehmanxanasını təmir edəcəklər. Söküb, dağıdıb pis günə qoydular. Belə getsə, nə qədər heykəllərimiz, tarixi abidələrimiz var, hamısı söküləcək.



Rəssam Mir Teymur isə deyir ki, tarixdə yaxşı iz buraxmayan insanların heykəlləri yandırılıb, sındırılıb. Müasir dövrdə isə bu cür abidələr üçün xüsusi parklar yaradılır və hətta onlardan pul da qazanmaq mümkündür: «Ən azından turistlərin ziyarət etməsi büdcəyə gəlir gətirərdi».

Mir Teymur yerindən götürülmüş abidələr bir yana, Bakının mərkəzində İmadəddin Nəsiminin, yaxud da Nərimin Nərimanovun abidələrinin əvvəlki əzəmətini itirdiyini deyir: «Ağılsız o adam idi ki, Bakının mərkəzində hündür binaların inşasına icazə verdi. Təzə binaların tikilməsinə etiraz etmirəm, qoy tikilsin, ancaq Lökbatanda, Sumqayıt yolunda, Zığda.


Nəsiminin heykəli məhv olub. Yanında böyük bina tikiləndən sonra demək olar ki, həmin heykəl itib. Ona görə də heykəli qoyanda məsləhətləşməlidirlər ki, beş ildən sonra həmin ərazidə nə olacaq».


Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komissiyasının üzvü Aynur Quliyeva da deyir ki, Azərbaycanda heykəllərin yerləşdirilməsi, yaxud şəhərin görünüşündə hansı dəyişikliklərin olacağı ilə bağlı məsələlər plansız aparılır. Bunun nəticəsidir ki, istənilər yerdə göydələnlər tikilməkdədir. O, bu məsələni Milli Məclisin iclaslarında müzakirəyə çıxartmaq niyyətində olduğunu bildirir.


Hələliksə, heykəllərin vəziyyəti ancaq «Mədəniyyət haqqında» qanunla tənzimlənməkdədir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG