Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

«Hökumətin fəaliyyəti dini qrupları radikallığa sürükləyə bilər»


S.Freyzer: «Müstəqil islami qrupların əksəriyyəti hökumətə təhlükə doğurmur»

S.Freyzer: «Müstəqil islami qrupların əksəriyyəti hökumətə təhlükə doğurmur»

«Azərbaycan hökumətinin dini fəaliyyəti tam nəzarətdə saxlamaq siyasəti və bəzi müstəqil islami icmalarla sərt rəftarı dinc dini qrupları radikallığa sürükləyə bilər».


Beynəlxalq Böhran Qrupunun (BBQ) «Azərbaycan: Müstəqil islam və dövlət» adlı son məruzəsində belə deyilir. Sənəddə bildirilir ki, hökumət müstəqil dini qurumlara hörmətlə yanaşmalı və onları dövlət-din münasibətlərinə dair geniş müzakirələrə cəlb etməlidir:


«Azərbaycan əhalisi əksərən mötədil müsəlman olan və islamı əsasən öz ənənəvi kimliyinin bir hissəsi kimi qəbul edən dünyəvi bir dövlətdir. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra, rəsmi dini qurumların öz üzərində hakimiyyətini rədd edən müstəqil sünni və şiə icmaları yaranıb. Onlardan bəziləri siyasi yönümlüdür, ancaq dövlətlə qarşıdurmasında zorakılığa əl atmağa meylli olanlar ya çox cüzi, ya da yox dərəcəsindədirlər».


BBQ bildirir ki, bununla belə, hökumət dinc dini fəaliyyəti nəzarətdə saxlamaq üçün həddindən artıq səy göstərib: «Bura həmçinin ektremizmdə günahlandırılan şəxslərin bağlı qapılar arxasında aparılan və təzyiqlər altında alınan etiraflara söykənən məhkəmələri də daxildir».


Qrup bəyan edir ki, hakimiyyət islamçı terrorist təhlükəsindən Qərbin simpatiyasını qazanmaq və öz qeyri-demokratik fəaliyyətlərinə haqq qazandırmaq üçün istifadə etmiş kimi görünür.


BBQ-nin Qafqaz layihəsinin direktoru Maqdalena Friçova: «Müstəqil dini qurumlara aid olan dindarların incidilməsi, kütləvi miqyasda olmasa da, dinc qrupları radikallığa, bəlkə də açıq zorakılığa sövq etmək təhlükəsini artırır. Bu tendensiyalar Azərbaycanın bəzi Sələfi icması nümayəndələri arasında artıq görünür».


Sənəddə deyilir ki, bir neçə müstəqil islami qruplar, xüsusən şimaldakı Sələfilər, hakimiyyət tərəfindən incidildiklərini bildiriblər: «Sələfilərə cəmiyyətdə ümumilyyətlə şübhə ilə yanaşılır: KİV-lər, hökumət və rəsmi şiə ruhaniləri sələfilərin potensial terrorist imicinin yaranmasına yardım etmişlər».


BBQ deyir ki, hökumət həm adi vətəndaşların, həm də yeni ruhani kadrların dini maarifləndirilməsinə daha çox diqqət yetirməlidir: «Bütün islami icmalar və dövlət arasında optimal münasibətlərin qurulması və daha effektiv dini azadlıqların təmin edilməsi üçün rəsmi və müstəqil din xadimləri, alimlər və QHT-lərin iştirakı ilə müzakirələr təşkil olunmalıdır».


Qrupun Avropa Proqramının direktoru Sabina Freyzer: «Azərbaycanda fəaliyyət göstərən müstəqil islami qrupların tam əksəriyyəti hökumətə və dövlətin dünyəviliyinə təhlükə doğurmur».


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılov isə deyir ki, hökumət dini icmaların daxili məsələlərinə qarışmır: «Dini fəaliyyət tam sərbəstdir. Onlar qanun çərçivəsində sərbəst fəaliyyət göstərə bilərlər. Təbii ki, hansı isə beynəlxalq təşkilatın, o cümlədən yerli qeyri-hökumət təşkilatının və yaxud da şəxslərin bu məsələyə münasibətləri subyektiv xarakter daşıyır».


İsmayılov bildirir ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, hökumət ölkədəki dini fəaliyyətə görə məsuliyyət daşıyır: «Hökumət bu məsuliyyətdən irəli gələn hüquqlarına söykənərək lazımı addımlar atır. Bunu həddindən artıq şişirtmək və inzibatçılıq kimi qələmə vermək doğru deyil».


XS
SM
MD
LG