Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:05

Dövlət kimləri xaricdə oxumağa göndərir?


Bəxtiyar Hacıyev: «Son anda mənə dedilər ki, hamıya təqaüd verilir, səndən başqa...»
Bəxtiyar Hacıyev: «Son anda mənə dedilər ki, hamıya təqaüd verilir, səndən başqa...»

«Özüm Harvard universitetinə qəbul olunmuşdum. Sonra dövlət tərəfindən, nazirlərimizdən təklif olundu ki, mən də dövlətin təklif etdiyi proqramda iştirak edim. Sənədlərimi verdim, bütün prosesləri keçdim və son ana qədər dedilər ki, sənə rəsmi təqaüd veriləcək. Ancaq son anda bildirdilər ki, müraciət edənlərin böyük əksəriyyətinə təqaüd verilir, səndən başqa...»


Bunları hazırda Harvardın Kennedi məktəbində ictimai-siyasət üzrə magistratura təhsili alan Bəxtiyar Hacıyev danışır. O, deyir ki, keçən il dövlət təqaüdü almaq üçün hökumətə müraciət edib. Amma bütün mərhələlərdən keçsə də, sonda mənfi cavab gəlib. Bir vaxtlar «susmayaq.biz» saytının təsisçisi olmuş Bəxtiyar Hacıyev hökumətin onu maliyyələşdirməkdən imtina etməsini rəsmilərin xaricdəki bəzi fakültələrə ehtiyatla yanaşması ilə əlaqələndirir. O, eyni zamanda seçim turunda qərəzliliyə də yol verildiyini deyir:


«Yüz faiz bilirəm ki, siyasiləşmə var. Bəzi universitetlər haqında yanlış fikir formalaşıb ki, bu təhsil müəssisələri siyasi kadrlar yetişdirir. Deməli, ora kim qəbul olubsa, onlara təqaüd vermək olmaz. Psixoloqla söhbət, ya müsahibə mərhələləri də çox subyektivdir».


Bəxtiyar deyir ki, xaricə təhsil almağa göndərilən şəxslər üçün tələblər əvvəlcədən açıqlanmalıdır. Abituriyentlər də bilməlidirlər ki, onlar kriteryalara cavab verməlidirlər. Amma bu barədə heç bir yerdə şəffaf məlumat yoxdur.


Amerika Dövlət Departamentinin illik hesabatında da deyilir ki, Azərbaycan hökuməti bəzi hallarda akademik azadlığı məhdudlaşdırır. Departament tələbələrin xaricə hökumət tərəfindən seçilib göndərilməsindən narahatdır. Hesabatda eyni zamanda qeyd olunur ki, 1993-cü ildən bəri məhz siyasi baxışlarına görə Müsavat partiyasının üzvü olan 37 müəllim dövlət təhsil müəssisələrindən uzaqlaşdırılıb. 2005-ci ildə isə siyasi fəallığına görə 4 tələbə dövlət universitetlərindən kənarlaşdırılıb.


«21-ci əsr təhsil mərkəzinin» rəhbəri Etibar Əliyev Dövlət Departamentinin bu hesabatı ilə qismən razılaşır. O, deyir ki, xarici universitetlərə seçim qapalı keçirildiyindən, QHT-lərin iştirakına yol verilmədiyindən burada müəyyən qərəzliliyə yol verilə bilər:


«Qərəzçilik o mənada ola bilər ki, seçimdə nöqsanlar olsun. Yəni tapşırıq və rüşvət hallarına yer verilsin. Mən bunu istisna etmirəm. Xüsusilə də Türkiyəyə magistratura təhsilinə göndərilənlərin əksəriyyəti rüşvət verir. Bunu birmənalı qiymətləndirmək olar».


Təhsil Nazirliyi isə deyilənlərlə razılaşmır. Nazirliyin Xarici Əlaqələr şöbəsinin müdiri Qulu Novruzov: «Mən qətiyyətlə deyə bilərəm ki, xaricə göndərilənlərin hamısı kifayət qədər səriştəli, yüksək səviyyəli tələbələrdir. Burada yeganə meyar bilik, bacarıq və Azərbaycan üçün vacib kadrların hazırlanmasıdır».


2001-ci ildən indiyə kimi 900-ə yaxın tələbə Azərbaycandan xaricdə təhsil alıb. Ötən ilin avqustunda isə «Xaricdə təhsillə bağlı dövlət proqramı» təsdiq olunub. Bu layihə ilə ötən il xaricə 65 tələbə göndərilib. Bu seçimi isə yüksək vəzifəli məmurların daxil olduğu Prezident yanında Təhsil Komissiyası təsdiqləyib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG