Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:13

Pekin Yay Olimpiya oyunlarının məşəli alovlandı


Pekin Yay Olimpiya oyunları avqustun 8-dən 24-dək davam edəcək
Pekin Yay Olimpiya oyunları avqustun 8-dən 24-dək davam edəcək

Pekin Yay Olimpiya oyunlarının məşəli artıq yola çıxıb. Məşəli martın 24-də Yunanıstanda məşhur yunan aktrisası Mariya Nafpliotu alışdırıb. Olimpiya estafetinə isə onun həmyerlisi, 4 il əvvəl Olimpiya oyunlarında bürünc medal qazanmış Aleksandros Nikolaidis başlayıb.


Məşəlin yandırılması mərasimində minlərlə insan iştirak edib. Ənənəyə sadiq olaraq, olimpiya məşəli parabolik güzgüdən istifadə edilməklə günəş şüalarının vasitəsilə yandırılıb. Məşəlin bu il qət edəcəyi məsafə olimpiya tarixində rekord göstəricidir. Marşrut 137 min km məsafədən ibarətdir. Avqustun 8-i Pekin Olimpiya oyunlarının açılış mərasiminədək məşəl 5 qitədən, o cümlədən Everest dağı və Tibetdən keçəcək.


Mərasimin keçirildiyi yerdə minə yaxın polisin olmasına baxmayaraq, Tibetdən olan etirazçılar tədbiri dağıtmağa cəhd göstəriblər. Onlardan biri Pekin Olimpiya oyunlarının Təşkilat Komitəsinin rəhbəri Liu Qinin çıxışı zamanı üzərində qandaldan ibarət olimpiya halqaları təsvir olunan qara bayraqla stadiona daxil olub. Nümayişçilərin əksəriyyəti Tibetin fəalları olub: «Tibetə azadlıq, Tibetə azadlıq! Çin Tibetdə zorakılıqlara son qoy! Biz azadlıq istəyirik!»


Nümayişçilər bu yaxınlarda Tibetin paytaxtı Lasada Çin hökumətinə qarşı keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına etiraz ediblər. Rəsmi Pekin məlumat verib ki, həmin aksiya zamanı 19 nəfər ölüb və zorakılıq hallarına görə, Tibetin dini rəhbəri Dalay Lama təqsirkar bilinib. Tibet hökuməti isə Çinin sərt tədbirləri nəticəsində 130 nəfərin öldüyünü bildirib.


Tibetin fəallarından biri Tenzin Dorjee Tibetdə baş verənlərə görə, həm də Beynəlxalq Olimpiya Komitəsi və onun prezidenti Jak Roqu günahlandırıb. Tibet əhalisi adından tələb edib ki, komitə məşəlin keçdiyi marşrut xətdən Tibeti çıxartsın.


Amma Çin rəsmiləri deyiblər ki, marşrut artıq təyin edilib və heç bir dəyişiklik gözlənilmir.
Martın 23-ü səhər «Röyter» Agentliyinə müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq isə deyib ki, qurum oyunların keçirilməsi üçün Çini seçməklə düzgün addım atıb: «Bir səbəb odur ki, biz çinliləri olimpiya oyunlarının faydasından məhrum edə bilmərik. Bunu etmək ədalətsizlik olardı. İkincisi isə odur ki, biz inanırıq ki, oyunlar Çində dəyişikliklər üçün katolizator rolunu oynayacaq. Oyunlarda iştirak edəcək 25 min media orqanı sayəsində dünyanın diqqəti Çinə yönələcək».


Pekin Yay Olimpiya oyunları avqustun 8-dən 24-dək davam edəcək və 302 dəst mükafatın sahibi müəyyənləşəcək. Hazırda Pekin Olimpiya oyunlarında iştirak etmək üçün Azərbaycanın da 20-dən çox lisenziyası var.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG