Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:29

Azərbaycanda girov institutu niyə işləmir?


«Eyni cinayətə görə, Rusiyada daha yüngül cəzalar verirlər»

«Eyni cinayətə görə, Rusiyada daha yüngül cəzalar verirlər»

ABŞ Dövlət Departamentinin bu günlərdə açıqladığı hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə girov sisteminin işləmədiyi barədə məqamlar yer alıb. Söhbət hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxs qismində saxlananların məhkəməyə qədər girov müqabilində azadlıqda olmasından gedir. Bir çox vəkillər və hakimlər də Azərbaycanda bu təcrübənin olmaması fikrini bölüşürlər. Bəs bu sistemin işləməməsinə mane olan nədir?


Vəkil Aslan İsmayılov deyir ki, qanunvericilikdə şəxsin girov müqabilində azadlığa buraxılmasıyla bağlı bütün məqamlar öz əksini tapıb. Cinayət Prosessual Məcəlləsinin 164-cü maddəsi bu məsələyə həsr olunub və girovun hansı hallarda, hansı məbləğdə, kimlərə və nə müddətə verilməsini müəyyən edir.


İsmayılov deyir ki, girov məbləği də qanunla tənzimlənir: aşağısı 5500, orta həddi 11000 manat. Vəkilin sözlərinə görə, girovun yuxarı həddi qanunla müəyyənləşməsə də, eyni zamanda bu məbləğin ağlagəlməz miqdarda hesablanması da yolverilməz sayılıb. Yəni məbləğin yuxarı həddi də reallığa söykənməlidir.


Bəs, bir çox ölkələrdə hətta ağır cinayət işlərində də tətbiq olunan girov Azərbaycanda niyə işləmir?


Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə deyir ki, o, bu təcrübənin Azərbaycan məhkəmələrində tətbiq olunduğunu eşitməyib: «Olunsaydı, bilərdik».


Ağazadənin fikrincə, saxlanan şəxslər girov məbləği yüksək olduğundan qanunun bu imkanından yararlanmırlar. Amma vəkil Adil İsmayılov deyir ki, o, bir neçə dəfə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində girov qoymaqla bağlı müraciət etsə də, mənfi cavab alıb.


İsmayılovun fikrincə, Azərbaycanda girov sisteminin işləməməsinin bir səbəbi hakimlərdə saxlanan şəxslərə qarşı humanist mövqedən çıxış etmək istəyinin olmamasıdı: «Mən neçə illər Rusiyada hakim işləmişəm. Eyni maddəyə, eyni cinayətə görə, Rusiyada daha yüngül cəzalar verirlər».


Amma o, girov institutunun işləməməsini təkcə bununla izah etmir. Vəkilin fikrincə, hüquq-mühafizə və məhkəmə sistemində qeyri-rəsmi ödənişlərin mövcudluğu da bunun tətbiqini mümkünsüz edir: «Barəsində həbs-qətimkan tədbiri seçilmiş adamdan daha çox rüşvət almaq mümkündü».


Söhbətləşdiyim hakimlər isə hesab edirlər ki, saxlanan şəxslər girovun dövlət nəfinə keçirilməsindən qorxurlar. Ona görə də girov müqabilində azadlığa buraxılmağı istəmirlər. Qanunvericilikdə isə girovun geri qaytarılmamasına şəxsin istintaqdan yayınması və ya ölkəni tərk etməsi səbəb ola bilər. Əgər o, girov müqabilində buraxılma şərtlərini pozmayıbsa, sonradan barəsində həbs-qətimkan tədbirinin seçilməsindən asılı olmayaraq, qoyduğu girov özünə qaytarılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG