Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Türkiyəli sürücülər sərhəddə etiraz aksiyası keçiriblər


Sürücülər deyiblər ki, onlardan dərmanlama və tərəzi adı altında rüsum alınır

Sürücülər deyiblər ki, onlardan dərmanlama və tərəzi adı altında rüsum alınır

Martın 21-də Sədərək-Dilucu gömrük keçid məntəqəsinin Türkiyə tərəfində türkiyəli sürücülər etiraz aksiyası keçiriblər. Aksiyaya qatılan 200-ə yaxın ağır tonnajlı maşınların sürücüləri Naxçıvan gömrükçüləri tərəfindən onlardan alınan rüsumun 40 dollardan 100 dollara qaldırılmasına etiraz ediblər. Aksiyaçılar bir neçə saat maşınlarla gömrük məntəqəsinin qapılarını bağlayaraq, alınan rüsumun endirilməsini tələb ediblər. Əks halda, onlar Muxtar Respublikaya yük daşımaqdan imtina edəcəklərini bildiriblər. Sürücülər deyiblər ki, Naxçıvana girişdə onlardan dərmanlama və tərəzi adı altında rüsum alınır.


Hadisənin böyüməsinin qarşısını almaq üçün Türkiyənin İqdır valiliyi işə qarışıb. İqdırın valisi Saim Saffet Karahisarlı sürücülərlə görüşüb, onlardan aksiyanı dayandırmalarını xahiş edib. Vali bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Karsdakı Baş Konsulluğu məlumatlandırılıb. Türkiyə Xarici İşlər Nazirliyi isə Azərbaycanın aidiyyatı qurumları ilə danışıqlar aparacaq. Yalnız bundan sonra aksiya müvəqqəti dayandırılıb.


Təhlükəsizlik məqsədilə Dilucu gömrük keçid məntəqəsinin ətrafına Türkiyə jandarması və xüsusi təyinatlı dəstələr yerləşdirilib.


Bayram tətili olduğuna görə, Naxçıvan rəsmilərinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.


Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan isə «Azadlıq» radiosuna bildiriblər ki, müvəqqəti olaraq sürücülər 100 dollar ödəyib, Muxtar Respublikaya yük daşımağa razılıq veriblər. Konsulluqdan deyiblər ki, onlarda olan məlumata görə, sürücülərdən alınan rüsumun qaldırılması Naxçıvanda magistral yolun çəkilişi ilə bağlıdır.


Muxtar Respublikaya ərzaq və tikinti materialları əsasən Türkiyədən gətirilir. Əgər ağır tonnajlı maşınların sürücüləri Naxçıvana mal daşımaqdan imtina edərlərsə, burada sözügedən məhsulların və malların bahalaşacağı istisna olunmur.


Günün bütün mövzuları

XS
SM
MD
LG