Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:06

«Biz öz təhlükəsizliyimizi özümüz təmin edirik»


«Qan üstündə hakimiyyətə gələnlər, elə qan tökməklə də hakimiyyətdən gedirlər»

«Qan üstündə hakimiyyətə gələnlər, elə qan tökməklə də hakimiyyətdən gedirlər»

«Mənim prezident kimi deməyə, hesabat verməyə sözüm var. Mən verdiyim vədlərin hamısını yerinə yetirmişəm». Prezident İlham Əliyev Rusiyanın «İnterfaks» Agentliyinə müsahibəsində belə deyib. Onun sözlərinə görə, ölkədə sabitlik, cəmiyyətlə iqtidar arasında birlik var: «Əhalinin dəstəyi olmasaydı, bizim proqramların heç biri həyata keçirilə bilməzdi».


Azərbaycanın NATO-ya inteqrasiyasının mümkünlüyü ilə bağlı sualı Əliyev «biz NATO ilə kifayət qədər çoxdan əməkdaşlıq edirik», - deyə cavablandırıb: «Əvvəllər «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində əməkdaşlıq edirdik, indi isə fərdi tərəfdaşlıq planı mərhələsinə keçmişik. Biz Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirik. Yaxın vaxtlara qədər sülhməramlı kontingentimiz Kosovoda da iştirak edirdi, lakin həmin regionda siyasi vəziyyət dəyişəndən sonra parlament mənim təqdimatım əsasında sülhməramlı qüvvələrimizin Kosovodan geri çağırılması haqqında qərar qəbul etdi».


Prezident deyir ki, hər hansı təşkilatda üzvlük qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir: «Biz özümüzü kiməsə zorla qəbul etdirmək fikrində deyilik. Biz öz təhlükəsizliyimizi özümüz təmin edirik, həm iqtisadi, həm siyasi və həm də enerji baxımından özümüzü tam təmin edə bilən ölkəyik. Ona görə də bunu əsas götürürük ki, münasibətlər bərabərhüquqlu olmalıdır, qarşılıqlı hörmət və qarşılıqlı mənafelər əsasında qurulmalıdır. NATO ilə əməkdaşlığın səviyyəsi hazırda bizi qane edir. Sonra nə olacağını, dünyada hadisələrin necə inkişaf edəcəyini, bizim regionda hansı proseslər gedəcəyini qabaqcadan söyləmək çətindir. Buna görə də bugünkü vəziyyəti əsas götürsək, Azərbaycanın NATO-ya üzvlük məsələsi gündəlikdə deyil».


Azərbaycanın son illər hərbi büdcəsini artırmasına toxunan ölkə başçısı «bu, obyektiv prosesdir, üstəlik, onu da nəzərə almalıyıq ki, biz Ermənistanla müharibə vəziyyətindəyik, torpaqlarımız işğal edilib», - deyə cavab verib.


Prezident deyir ki, on ildən artıq müddətdə aparılan sülh danışıqları heç bir nəticə verməyib: «Mövqelərin hansısa şəkildə yaxınlaşması baxımından irəliləyiş olmasını söyləyə bilərik, mən heç də demirəm ki, danışıqlar prosesinin imkanları tamamilə tükənib. Müəyyən müsbət məqamlar var, bəzi bəndlər üzrə irəliləyişə nail olmuşuq. İlk növbədə, Ermənistan başa düşüb ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri azad edilməli və bu məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır».



«Həmsədr ölkələr - dünyanın aparıcı ölkələridir, nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının üzvləridir. Kim onların mövqeyini dəstəklədi? Vanuatu? Yaxud Anqola?»

BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son qətnaməsinə toxunan İlham Əliyev «biz bu qətnaməni Azərbaycanın növbəti diplomatik və siyasi uğuru hesab edirik», - deyə bildirib: «Qətnamə beynəlxalq hüququn bütün norma və prinsiplərinə tamamilə uyğundur və mənim fikrimcə, danışıqlar prosesinin ruhunu, mahiyyətini tam əks etdirir. Bizi dəstəkləmiş ölkələrin hamısına minnətdarlığımızı bildiririk. Lakin bizim əleyhimizə səs vermiş ölkələrin mövqeyi təəccüb doğurur. Xüsusən ona görə ki, bu ölkələr arasında Minsk Qrupunun həmsədrləri, münaqişənin tənzimlənməsində vasitəçilik edən Fransa, Rusiya və ABŞ da var».


Prezident deyir ki, səsvermədən sonra bu ölkələrin rəsmi nümayəndələrinin verdikləri izahatlar müsbət xarakter daşıyır: «Həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləmiş, bir daha bəyan etmişlər ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırlar. Ümumiyyətlə, bu mövqe, əvvəldən də məlum idi. Lakin biz bu izahatları səsvermədə anlaşılmaz və mənim fikrimcə, düşünülməmiş addım nəticəsində Azərbaycan xalqının qəlbində qalmış xoşagəlməz hissləri bir qədər yumşaltmaq cəhdi hesab edirik. Hesab edirəm ki, həmin ölkələr vasitəçilər kimi bitərəf mövqe tutmalı idilər. Biz onların qətnamənin lehinə səs verəcəyini gözləmirdik və düşünürdük ki, onlar bitərəf qalacaqlar. Ona görə də indiki vəziyyətdə danışıqlar prosesinin gələcəyi həm də danışıqlar prosesinə cəlb edilmiş ölkələrlə vasitəçilər arasında etimadın səviyyəsindən asılı olacaq. Deməliyəm ki, qətnamənin əleyhinə səs verilməsi etimadı nəinki artırmamış, əksinə, ona ciddi xələl gətirmişdir».


Əliyevin sözlərinə görə, həmsədr ölkələrdən bəziləri BMT-nin üzvləri arasında fəal lobbiçilik edərək və təbliğat apararaq, həmin ölkələri öz tərəflərinə cəlb etməyə çalışsalar da, bu cəhd baş tutmayıb: «Həmsədr ölkələr - dünyanın aparıcı ölkələridir, nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının üzvləridir. Kim onların mövqeyini dəstəklədi? Vanuatu? Yaxud Anqola?»


Ölkə başçısı deyir ki, Ermənistan rəhbərliyinin sülh prosesinə nə dərəcədə sadiq olacağı məsələsində hələlik aydınlıq yoxdur: «Ermənistan tərəfi qoşunların təmas xəttində vəziyyəti kəskinləşdirməklə dünya ictimaiyyətinin diqqətini bu ölkədə gedən daxili siyasi proseslərdən yayındırmağa cəhd göstərdi, lakin buna nail ola bilmədi. Ona görə də indi biz danışıqlar prosesi barədə müəyyən fikir deyə bilmərik. Çünki biz bilirik ki, indi Ermənistan cəmiyyətində parçalanma baş verib, orada birlik, o cümlədən münaqişənin tənzimlənməsi məsələsi barədə fikir birliyi yoxdur. Belə şəraitdə biz, sadəcə olaraq, orada hadisələrin necə inkişaf edəcəyini və Ermənistan rəhbərliyinin məsul qərarlar qəbul etməyə nə dərəcədə qadir olacağını müşahidə etməliyik».


İlham Əliyev deyir ki, müharibə hələ qurtarmayıb, onun birinci mərhələsi başa çatıb: «Lakin 1994-cü ildən bəri davam edən atəşkəs kimin real müstəqilliyi qoruyub saxlamağa, tərəqqi və inkişaf yoluna qədəm qoymağa nail olduğunu və kimin ölkəni xaosa, vətəndaş müharibəsinə sürüklədiyini, kimin öz xalqının qanını axıtdığını göstərdi. Qan üstündə hakimiyyətə gələnlər, bir qayda olaraq, elə qan tökməklə də hakimiyyətdən gedirlər. Ermənistanda istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra baş verən hadisələr həm də Ermənistanın Azərbaycana münasibətdə təcavüzkar işğalçılıq siyasətinin nəticəsidir. Hazırda iki ölkə arasındakı fərq bizim xeyrimizə artır, Ermənistanın və Azərbaycanın iqtisadi potensiallarını müqayisə etmək mümkün deyil».


Günün bütün mövzuları

XS
SM
MD
LG