Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:00

Bakı Minsk Qrupu həmsədrlərinin çağırışlarını qəbul etmir


Novruz Məmmədov Vartan Oskanyanı təkzib edir
Novruz Məmmədov Vartan Oskanyanı təkzib edir

Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Azadlıq» radiosuna deyib ki, Qarabağ nizamlamasının ən düzgün yolu BMT Baş Assambleyasında ötən həftə qəbul edilmiş qətnamədə göstərilib və həmsədrlər də bu yolla getməlidirlər:


«Yaxşı olar ki həmsədrlər bu sənədi, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Lissabon Sammitinin qərarlarını, Avropa Şurasının qətnaməsini nəzərə alaraq fəaliyyət göstərsinlər. Başqa yol yoxdur».


Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrləri martın 19-da yaydıqları bəyanatda tərəflərdən istəyiblər ki, mümkün qədər tez Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etsinlər. Onlar ümid edirlər ki, danışıqlar ötən il noyabrın 29-da Madriddə tərəflərə təqdim etdikləri Baza Prinsipləri əsasında bərpa olunacaq.


Cənab Məmmədov isə deyib ki, Madriddə verilmiş Baza Prinsipləri danışıqlarda əsas götürülə bilməz, çünki onun detalları ətrafında heç bir razılıq əldə edilməyib.


Martın 14-də 39 ölkənin lehinə, 7 ölkənin isə əleyhinə səs verdiyi qətnamə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Sənəd işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam, qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün şərait yaradılmasını əks etdirir.


Ermənistan və sənədin əleyhinə səs verən həmsədrlər isə bildiriblər ki, BMT-nin bu sənədində yalnız Azərbaycanın maraqları ifadə olunub.


Ermənistanın Xarici işlər naziri Vartan Oskanyan martın 19-da Ermənistan parlamentində çıxışı zamanı həm də əlavə edib ki, Azərbaycan ATƏT-in katibliyinə müraciət edərək Minsk Qrupu həmsədrlərinin dəyişdirilməsini təklif edib. Novruz Məmmədov isə xəbəri təkzib edib. O, deyib ki, bu məlumat Yerevanın növbəti təxribatçı manevridir.


1992-ci ildən Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupuna 1997-ci ildən Fransa, Rusiya və ABŞ həmsədrlik edir. Bakıda bir sıra ekspertlər dəfələrlə həmsədrlərin fəaliyyətinin qaneedici olmadığını deyərək, onların tərkibinin dəyişdirilməsi barədə çağırışlar ediblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG