Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:39

«Jurnalist həbsdə olmamalıdır»


«Belə fikirləşəndə, Mirzənin vəziyyəti bir qədər yaxşıdır, cəmi il yarımı qalır»
«Belə fikirləşəndə, Mirzənin vəziyyəti bir qədər yaxşıdır, cəmi il yarımı qalır»

«Yeni Müsavat» qəzeti:


...Beynəlxalq jurnalist və insan haqları qurumlarının bəyanatı Prezident Aparatının rəngli şüşəsindən içəri keçsə də, orada oturan məmurların zibil qutusundan o yana adlaya bilmir. Avropa qurumlarının, səfirliklərin hesabat və tənqidləri də hakimiyyətə vız gəlir. Sonuncu əfv fərmanınadək İlham Əliyevin qəbulunda olub jurnalistlərin həbsdən azad edilməsini xahiş edənlərin adlarını yazsaq, böyük siyahı alınar... Bu savaş təkcə bir ovuc qalan jurnalistlərə qarşı deyil; bu, Avropa Şurasına, Avropa Birliyinə, ABŞ-a, lap NATO-ya meydan oxumaqdır.


Dünən qəzetlərdən biri hədəfə vurmuşdu: «Əfv etmirəm, əl çəkin...» İlham Əliyev əfv fərmanı imzalayan vaxt Parisdə Avropa Şurasının Monitorinq Komitəsində Azərbaycanda vəziyyətə dair hesabat dinlənilirdi. Elə deyəsən, hüquq müdafiəçiləri də bu səbəbdən Novruz ərəfəsi veriləcək əfv fərmanında jurnalistlərin adının olacağını əminliklə deyirdilər. Məruzəçilər danışıb qurtarmamış, bu ümidin üstündən xətt çəkildi. Əksəriyyət fərmanın martın 19-u imzalanacağını gözləyirdi: Avropa Şurasının Monitorinq Komitəsində müzakirələrdən sonra. İndi həmməruzəçilər bura yenidən nə üzlə gələcəklər, nə hesabat hazırlayacaqlar və ən əsası, o kağız parçası nəyi dəyişəcək? Belə daha yaxşıdır: yalançı vədlərdən, ümidlərdənsə reallıqla barışmaq lazımdır.


Heç şübhəsiz, hakimiyyət «niyə jurnalistlər həbsdə qaldı» sualına bu fərman imzalanmamışdan əvvəl cavab hazırlayıb. Əlbəttə, «əcəb elədim, kefim belə istədi» demək bizim hakimiyyətə yaraşmaz. Amma daha sivil və diplomatik cavab var: «Əfv ərizəsi yazmadılar...» Ortaya bayram günləri düşdü, amma qəzetlər yəqin bu məsələnin kökünü qazanda YAP-çılar izi azdırmağa çalışacaqlar. Yəqin diplomatlar bu nağıla inanmasalar da, ən yaxşı halda «jurnalist həbsdə olmamalıdır» deməklə kifayətlənəcəklər...



«Gün səhər» qəzeti:


...Belə bir hadisənin baş verəcəyini, jurnalistlərin azadlığa buraxılmayacağını heç Mətbuat Şurasının sədri Əflatun Amaşov da gözləmirdi. Əfvlə bağlı ən gözəl ifadəni isə şübhəsiz ki, Elçin Şıxlı işlətdi: «Mən nə şərhi verim, əfvin özü şərhdir də. İndi hamımız bu hadisənin nə ilə başa çatacağını gözləyirik. Hətta çoxlarımızda belə fikir yaranır ki, Eynulla Fətullayev ona verilən 8 ili, Qənimət Zahid isə dörd ili sərasər həbsxanada yatacaq».


Belə fikirləşəndə, Mirzənin vəziyyəti bir qədər yaxşıdır, cəmi il yarımı qalır. Adətən, mərhum Heydər Əliyev əfv fərmanı imzalayanda, həbsxanada olan jurnalistləri, siyasi məhbusları yaddan çıxarmazdı. Onun vaxtında heç bir qələm adamı uzun müddətli məhbus həyatı yaşamadı. Martın 18-də isə siyahıdan jurnalistlərin adının çıxarılıb-çıxarılmadığı, ümumiyyətlə, jurnalistlərin adlarının orada olub-olmadığı bizə məlum deyil. Amma deyəsən, bu dəfə əksi baş verib, jurnalistlərin adı siyahıdan çıxarılıb. QHT rəhbəri, Əfv Komissiyasının üzvü Azay Quliyev deyir ki, yox, əvvəlcədən onların adları siyahıda olmayıb...


İndi hamının ümidi maya qaldı...




«Ekspress» qəzeti:


AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib-etməyəcəyi hələ məlum deyil.


Bunu «Ekspress»ə Assambleyanın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib.


«Baxmayaraq ki, bu məsələ ilə bağlı konkret xüsusi vaxt nəzərdə tutulmayıb, bu məsələ hələ də aktual olaraq qalır», - deyə o vurğulayıb.


Herkel özü məruzəçi tərəfdarı olsa da, bu mövzu ilə bağlı Strasburqda hansısa «fövqəladə dinləmə» keçiriləcəyi barədə Bakıda yayılan məlumatları təsdiqləmir:


«Sadəcə olaraq, komitələr səviyyəsində ölkədəki vəziyyətlə bağlı müvafiq olaraq müzakirələr aparılmaqdadır. Əgər lazım bilinsə, Assambleyada da müəyyən məsələlər gündəmə gətirilə bilər»…


XS
SM
MD
LG