Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

«Hədis layihəsi nə inqilabdı, nə də islahat»


Qərb mətbuatı Hədislərin yenidən yozulmasının «İslamda inqilab» adlandırıb

Qərb mətbuatı Hədislərin yenidən yozulmasının «İslamda inqilab» adlandırıb

Bir çox Qərb mətbuatı Türkiyədə Hədislərin yenidən yozulmasının «21-ci əsrdə İslamda inqilab» kimi təqdim edir.


Türkiyənin dini işlər üzrə dövlət komitəsi -Diyanət qərb mətbuatının yazdıqlarına cavab olaraq belə bəyanat verib: «Hədis layihəsi nə inqilabdı, nə də islahat». Diyanet bildirir ki, layihənin məqsədi Məhəmməd peyğəmbərin dediklərini yenidən canlandırmaq, bu müqəddəs deyimləri insanlığa ən doğru yolla çatdırmaqdır. Diyanətdən Məhəmməd Görməz deyib ki, Türkiyə hədisləri yenidən işləmir, sadəcə incələyir. Hədis layihəsinin üzvlərindən biri, Ankara Universitetinin professoru Bunyamin Erul da belə deyir:


«Hədisin yozumunda bəzi səhvlərə yol verilir. Biz çalışırıq ki, bu deyimləri Hədisə əsaslanaraq izah edək. Yəni fikirləri yeni üslubda, yeni üsulla izah edək».


Məhəmməd peyğəmbərin başına gələnlərdən, dediklərindən ibarət Hədislər İslamda Qurandan sonra ən vacib mənbə hesab olunur. Müsəlmanların həyatı hədislərə əsaslanır. Amma hədislərin bir hissəsinin Məhəmməd peyğəmbərin ölümündən sonra, 100 illər ərzində yazıldığı güman olunur.


Professor Erul və həmkarları hesab edir ki, Hədisi, Quranı elə-belə oxumaq olmaz, hər mətnə tarixi kontekstdə yanaşmaq lazımdır.


Diyanət Hədisin yozumuyla məşğul olan layihəyə 85 alimi cəlb edib və onlar Hədisdə deyilənlərlə indiki təfəkkür, elmi məlumatlar arasında bağlılıq axtarırlar. Onların fikrincə, bununla da hədis qeyri-adi şəkildə yozulmur, keçmiş mühakimə edilmir.


Bəzi müsəlmanlarsa bunun heç də yenilik olmadığını deyirlər. Mühacirətdə olan özbək imamı Obidxan Qori Nəzərov deyir ki, keçmişdə də Hədisi yenidən yozmaq cəhdləri olub:


«Hədisin yenidən yozumu sensasiya kimi səslənir. Qərb mətbuatı böyük səs-küy qaldırıb. Ancaq mən əminəm ki, əslində söhbət başqa şeydən gedir. Hədisi izah etmək, yozmaq normal şeydir, həmişə mümkündür. Quran da, Hədis də yarandığı gündən izah olunur, yozulur. Burda qeyri-adi heç nə yoxdur».


Ekspertlər Hədisin yeni yozumunda qadınlarla bağlı mühüm məsələlərə toxunulduğunu deyirlər. Londonda «Chatham House» İnstitutunun Türkiyə üzrə eksperti Fadi Hakura Hədisdə qadınla bağlı bir qadağanı misal gətirir: «Hədisə görə müsəlman qadın təkbaşına, yanında kişi olmadan uzağa gedə bilməz».


Amma Hakuranın sözlərinə görə, bu qadağa əslində dini olmayıb, sonradan, təhlükəsizlik baxımından Hədisə əlavə olunub.


Hakura başqa bir misal da gətirir. Qaydaya görə oğrunu əllərini kəsməklə cəzalandırmaq lazımdır. Amma bu qayda az müddət tətbiq olunub, indi müsəlman ölkələrinin çoxunda oğrunu həbslə, cəriməylə cəzalandırırlar.


Türkiyənin Hədis layihəsi ilin sonu başa çatmalıdır. Layihə Ərəb, İngilis və Rus dilində də nəşr olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG