Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:33

Minsk Qrupunun həmsədrləri dəyişə bilərmi?


Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti sadəcə diplomatik ritualdır

Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti sadəcə diplomatik ritualdır

Bu yaxınlarda BMT-də keçirilən səsvermənin nəticələri indi ölkədə ən çox müzakirə olunan məsələlərdən biridir. Səsvermə on altı illik siyasətə kifayət qədər aydınlıq gətirdi. Bu siyasət onsuz da aydın idi. Amma səsvermə bir fakt kimi çox mətləbləri aşkarladı. Rəsmi Bakının baş vermiş olaya münasibəti çox sərtdir. Bu sərtlik nə qədər davam edəcək? Onun hansı təzahürləri olacaq?


Minsk Qrupunun həmsədrlərinin dəyişməsi və onların başqa ölkələrlə əvəz edilməsi mümkündürmü? Suallar çoxdur. Maraqlıdır ki, Rusiya dərhal MDB-nin icraçı katibini Bakıya göndərib. İcraçı katib Qarabağ probleminin Azərbaycan və Ermənistan üçün məqbul həllinin tərəfdarı olduqlarını bildirib. Maraqlıdır, əgər Rusiya Azərbaycanla Ermənistan arasında fərq qoymursa, onların hər ikisinin maraqlarını nəzərə alırsa, bəs nəyə görə səsvermə zamanı heç olmasa bitərəf qalmayıb? Bunu digər həmsədrlər haqqında da demək olar. Qətnamənin əleyhinə səs verən yeddi dövlətdən üçü məhz Minsk Qrupunun həmsədrləri idi. Belə bir vəziyyət vaxtilə ATƏT-in Lissabon sammitində də müşahidə olunmuşdu. Həmin vaxt da ATƏT üzvü olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməmişdilər. Amma rəsmi Bakı o vaxt Lissabon sammitini böyük uğur kimi qələmə verdi. Bəs indi necə? İndi uğurdan çox danışan yoxdur.


Düzdür, qətnamənin qəbulu uğur kimi təqdim olunur, amma Minsk Qrupunun həmsədrlərinin davranışı rəsmi Bakını çox pərt edib. Bunun da səbəbləri var. Bakı neçə illərdir ki, Minsk Qrupunun həmsədrləri olan ölkələrlə münasibətlər qurur. Bu istiqamətdəki siyasət həmişə uğurlu fenomen kimi təqdim olunub. Baxmayaraq ki, müstəqil müşahidəçilər həmişə Minsk Qrupunun həmsədrlərinin yürütdüyü siyasəti tənqid edib, onları ardıcıl və prinsipial mövqe tutmamaqda günahlandırıb. İndi məlum olur ki, rəsmi siyasət adamları deyil, məhz müstəqil müşahidəçilər haqlı imiş.



Bundan sonra Minsk Qrupunun hansı formada iş aparacağı məlum deyil. Sözdə onlar Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını bildirirlər. Amma ərazi bütövlüyü anlayışı onların anlamında hansı məzmun kəsb edir? Təəssüf ki, bu sualın cavabı yoxdur

Bəs bundan sonra necə olacaq? Təbii ki, prinsipial olaraq heç nə dəyişməyəcək. Rəsmi Bakının belə imkanları yoxdur. Minsk Qrupunun həmsədrləri öz fəaliyyətlərini davam etdirəcəklər. Böyük ehtimalla proses belə cərəyan edəcək. Hərçənd bundan sonra Minsk Qrupunun hansı formada iş aparacağı məlum deyil. Sözdə onlar Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını bildirirlər. Amma ərazi bütövlüyü anlayışı onların anlamında hansı məzmun kəsb edir? Təəssüf ki, bu sualın cavabı yoxdur. Bu suala on ildən artıqdır ki, cavab axtarılır. Ərazi bütövlüyü təkcə coğrafi məzmun kəsb etmir, həm də siyasi anlayış olaraq ölkənin suverenlik hüdudlarını müəyyən edir. Minsk Qrupunun həmsədrləri bunu nəzərə almırlarmı?


Azərbaycanın mövqeyini müdafiə edən Türkiyə və Almaniya kimi dövlətlər var. Prinsipcə, bu dövlətləri Minsk Qrupunun həmsədrləri kimi fəaliyyətə cəlb etmək olar. Amma təəssüf ki, həmsədrlər hər iki ölkənin razılığı ilə müəyyən olunur. Çox ehtimal ki, Ermənistan bu ölkələrin həmsədr olmasına razılıq verməz. Üstəlik, Bakıda belə bir fikir üstünlük təşkil edir ki, son nəticədə hər şeyi böyük dövlətlərin iradəsi həll edir. Bu fikirdə müəyyən həqiqət var. Amma rəsmi Bakı həmin böyük dövlətlərin istəyinə rəğmən BMT-də qətnamənin qəbul edilməsinə nail ola bilirsə, bu, o deməkdir ki, böyük dövlətlərin imkanları heç də hüdudsuz deyil. Digər tərəfdən, böyük dövlətlər açıq şəkildə etiraf edirlər ki, yaxın dövrdə Qarabağ probleminin həll ediləcəyinə inanmırlar. Belə etirafların fonunda onların fəaliyyəti necə təsir bağışlayır? Bu suala cavab vermək çox çətindir. Belə nəticə alınır ki, Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti sadəcə diplomatik ritualdır. Amma bu ritual sonsuzluğa qədər davam edə bilməz. Əcnəbi müşahidəçilər bununla da razılaşmırlar. Onlar tarixi yarım əsri ötən münaqişələri misal gətirirlər.


İlk baxışda belə təəssürat yaranır ki, böyük dövlətlərin əsl mövqeyinin bu formada aşkarlanması əslində, rəsmi Bakını bir qədər sərbəstləşdirməlidir.


Məsələn, Azərbaycan Rusiya ilə bağlı siyasətində ehtiyatlı notları azalda bilər. Gürcüstan məhz belə hərəkət edir. Amma yerli müşahidəçilər rəsmi Bakıdan belə addımlar gözləmirlər. Onlar da bu qənaətdədirlər ki, hər şey əvvəllər olduğu kimi davam edəcək. Bakı yenə də Minsk Qrupunun həmsədrlərinin mövqeyini dəyişməyə, onu öz mövqeyinə yaxınlaşdırmağa çalışacaq. Amma bu mövqe dəyişəcəkmi? Təəssüf ki, bu suala da birmənalı cavab vermək olmur.


Günün bütün mövzuları

XS
SM
MD
LG