Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:02

«Novruz bayramının ənənəvi qiymət artımı son həddə çatıb»


Qəzetlər yazır ki, satıcılar qiymət artımının onlardan asılı olmadığını deyirlər

Qəzetlər yazır ki, satıcılar qiymət artımının onlardan asılı olmadığını deyirlər

«Hazırda paytaxt bazarlarında şəkərbura, paxlava üçün lazım olan əsas çərəzlərin - qozun, fındığın, badamın ləpəsi 12-15 manat arasında dəyişir. Bayramqabağı qiymətlər əhalinin ürəyincə olmasa da, hər kəs bayramı yüksək əhval-ruhiyyədə qarşılamağa çalışır». «Gün səhər» «Qoz-fındıq inhisarı» adlı məqalədə belə yazır.


Qəzet bildirir ki, satıcılar isə qiymət artımının onlardan asılı olmadığını deyirlər.


«Amma qozun və fındığın hətta xaricdəkindən də baha qiymətə satılmasını başa düşmək olmur. Axı, Azərbaycandan xaricə qoz-fındıq ixrac olunur. Bu isə o deməkdir ki, yerli bazarlarda həmin məhsulların qiyməti xarici ölkələrlə müqayisədə aşağı olmalıdır».


Qəzet iddia edir ki, ortada olan başqa məqamlar da diqqəti cəlb edir. «O məqam ki, bir ay əvvəl Zaqatala, Qax, Oğuz və İsmayıllı rayonlarında yerli sakinlərə məxsus qoz və fındıq bağlarının məmurlar tərəfindən zorla satın alındığı barədə xəbərlər dolaşırdı. Hətta nazirlərdən birinin yaxın adamları tərəfindən bağ sahiblərinə torpaqları xoşluqla satmayacaqları təqdirdə təsərrüfatdan məhrum ediləcəkləri barədə xəbərdarlıq olunmuşdu. Həmin xəbərdarlıqdan az sonra isə Qax və Zaqatalanın bağçılıq təsərrüfatlarında serial yanğınlar baş vermişdi».


Bu arada İqtisadi İnkişaf naziri Heydər Babayev bildirib ki, Novruz bayramı ərəfəsində Azərbaycanda bəzi ərzaq məhsullarının qiyməti artacaq.


«Anasının Mirzə Sakitlə görüşməsinə imkan verilməyib»-, bu barədə «Yeni Müsavat» yazıb.


«Fevralın 9-dan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülən satirik yazar Mirzə Sakit hazırda xəstəxananın nevrologiya şöbəsində müalicə olunur. Bu barədə məlumat verən satirikin həyat yoldaşı Rəna Zahidova bildirib ki, M.Sakitə mətbuatla təmin olunmasına maneçilik yaradırlar.


Onun sözlərinə görə, M.Sakitlə görüşə gedəndə apardığı qəzetləri ona çatdırmaqda problem yaradırlar: «Əvvəllər qəzeti müəssisənin girişində məndən alır, özləri Mirzə Sakitə çatdırırdılar. Ötən həftə isə aldığım qəzetləri ona çatdırmamışdılar. Buna görə də Mirzə Sakit çox əsəbiləşmişdi. Martın 16-da onunla görüşə gedəndə isə qəzetləri ona verməkdən imtina etdilər».


Millət vəkili Vahid Əhmədov «Üç nöqtə»yə bildirib ki, büdcədə neftin qiymətinin dəyişdirilməsi gözlənilir.


«Bildiyiniz kimi bu ilin büdcəsində neftin qiyməti 50 dollar götürülüb. İndisə bu göstərici 110 dollara çatıb. Neftin bahalaşması bütün xərcləri bahalaşdırıb. Ona görə də, büdcə 6 aydan sonra təkrar müzakirəyə çıxarılanda müəyyən əlavə və dəyişikliklər ediləcək».


İqtidaryönlü «Səs» qəzeti yazır ki, «Avropa üçün Azərbaycanın əhəmiyyəti artır». Bundan əlavə qəzetin diqqət mərkəzində saxladığı mövzulardan biri BMT Baş Assambleyasında Azərbaycanla bağlı qətnamənin qəbul olunmasıdır. Bütün hökumət meylli qəzetlər bunu «Azərbaycan diplomatiyasının qələbəsi» kimi qiymətləndirirlər.


XS
SM
MD
LG