Keçid linkləri

Təcili xəbərlər

BMT qətnaməsi: uğur, yoxsa məğlubiyyət?


Sənəd qəbul olunub, amma...
Sənəd qəbul olunub, amma...

Martın 14-də BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən və Dağlıq Qarabağ ermənilərinin orada yaşayan azərbaycanlılarla birlikdə özünüidarəetmə hüququnun Azərbaycan sərhədləri daxilində reallaşdırmasını dəstəkləyən qətnamə qəbul etdi. Sənədin əleyhinə Ermənistan, Hindistan, Anqola və Vaunatu ilə yanaşı, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər – ABŞ, Rusiya və Fransa da səs verib. 100 dövlətin nümayəndəsi bitərəf qalıb və 39-u qətnamənin lehinə səs veriblər. Sənəd qəbul olunub, amma...


Birinci amma odur ki, indiyə qədər bütün beynəlxalq konfranslarda qəbul olunan sənədlərdə ABŞ, Fransa və Rusiya belə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmamışdılar. Azərbaycanın ərazi bütövlüyünü mübahisə predmeti edərək bu məsələdə uduzmaq BMT-nin Bakının xeyrinə verə biləcəyi istənilən bəyanatın kompensasiya edə bilməyəcəyi ölçüdə böyük bir məğlubiyyətdir. Dağlıq Qarabağ münaqişəsinə ən güclü təsir göstərə biləcək dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədin əleyhinə səs vermələri Bakı ilə bu dövlətlərin münasibətlərində yeni səhifə açır. Ortadan pərdənin bu şəkildə götürülməsi Azərbaycana sərf etmirdi. Heç olmasa, bu dövlətlərin nümayəndələrinin Azərbaycanın təklif etdiyi sənədə səs verməsələr də, ərazi bütövlüyünü ən ümumi sözlərlə dəstəkləyən bir bəyanatını qoparmaq lazım idi. Bu şəkildə qəbul olunan bəyanat BMT Baş Assambleyasının Fələstin məsələsində qəbul etdiyi çoxsaylı bəyanatlara oxşayır. Çoxsaylı müsəlman ölkələri BMT-də müəyyən səs çoxluğu yarada bilir, amma münaqişənin həllinə təsir etmək gücündə olan iri dövlətlər bu sənədlərdə qəbul olunan məsələləri rədd edirlərsa, bu qətnamələrin gücü nə qədər ola bilər?



Sadalanan faktorları nəzərə alsaq, belə bir nəticə ortaya çıxır: Azərbaycan diplomatiyası hazırlıqsız hücuma keçib və özünü çətin duruma salıb

İkinci amma odur ki, indiyə qədər istər BMT, istər ATƏT, istərsə də Avropa Şurası səviyyəsində qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyü hər hansısa bir şəkildə mübahisə predmeti olmurdu. İndiki sənəddə isə əsas məzmun Azərbaycanın ərazi bütövlüyünün təsdiqindən ibarət idi və nəticələr ürəkaçan deyil. Belə çıxır ki, Azərbaycan Ermənistanın heç bir köməyi olmadan özü öz ərazi bütövlüyünü sual altına qoyur. Nəticə isə ondan ibarət olur ki, cəmi 39 dövlət birmənalı şəkildə Azərbaycanı onun indiki hüquqi sərhədləri daxilində tanıyırlar. Azərbaycan üçün müsbət presedent deyil.


Sənədin qəbulundan sonrakı mərhələ də kifayət qədər maraqlı xarakter alır. Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan bəyanat verir ki, sənədlə bağlı BMT-dəki səsvermə Azərbaycan üçün beynəlxalq ictimaiyyət tərəfindən göndərilən ciddi siqnal olmalıdır. Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov isə bəyanat verir ki, Bakı Minsk Qrupu həmsədrlərinin bu məsələdə Azərbaycanın əleyhinə səs verməsini yadda saxlayacaq. Uğurlu diplomatik addımın mənası düşməni təkləməkdən ibarətdir. Bu, necə diplomatik uğurdur ki, ondan sonra Ermənistan qəbul olunan sənədi Azərbaycana xəbərdarlıq kimi xarakterizə edir. Azərbaycan isə Rusiya, Fransa və ABŞ-la diplomatik qarşıdurma vəziyyətinə düşür?


Sadalanan faktorları nəzərə alsaq, belə bir nəticə ortaya çıxır: Azərbaycan diplomatiyası hazırlıqsız hücuma keçib və özünü çətin duruma salıb. Yaxın gələcəkdə Azərbaycan neft əlaqələri, geopolitik mühümlük amili və əl altında olub Rusiya, ABŞ və Fransaya təsir edə biləcək istənilən resursu işə salaraq bu üç dövlətin Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıdıqlarını təsdiqləyən sənəd əldə etməsə, martın 14-ü Azərbaycanın ərazi bütövlüyü prinsipinə dəyən zərbə kimi yadda qalacaq.

XS
SM
MD
LG