Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

«ATƏT-in Minsk Qrupunun həmsədrlərinə etibarımız zədələndi»


«Praqa prosesi»nin davamı nazirlə həmsədrlərin müzakirələrindən asılı olacaq»

«Praqa prosesi»nin davamı nazirlə həmsədrlərin müzakirələrindən asılı olacaq»

Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini, prezidentin Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov martın 15-də bəyan edib.


Martın 14-də BMT Baş Assambleyasının iclasında Bakının irəli sürdüyü «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnaməni Minsk Qrupunun həmsədr ölkələri dəstəkləməyiblər. Araz Əzimov isə bildirir ki, münaqişənin həlli ilə məşğul olan Amerika, Rusiya və Fransa özlərini pis vəziyyətdə qoyublar:


«Azərbaycanın mövqeyinə bu qədər müqavimət və düşmənçilik nəfəsi ilə yanaşdıqları bizim yadımızda qalacaq. Bu qətnamə Ermənistana ciddi mesaj, həmsədrlərə ciddi xəbərdarlıq olmalıdır - biz qaranlıq istiqamətdə hərəkətə davam etməyəcəyik»


Nazir müavini deyir ki, vasitəçilər sənədin qəbul olunmaması üçün lobbiçilik də ediblər. Amma Minsk Qrupunun başqa üzvləri, məsələn, Türkiyə və Almaniya Azərbaycanın yanında olublar. Buna görə də Bakı gələcəkdə Minsk Qrupunda həmsədrliyin tərkibinin dəyişdirilməsini istisna etmir.


Əzimov onu da deyib ki, qətnamə sülh danışıqlarını pozmur, əksinə, ona aydınlıq gətirir. Belə ki, həmsədrlər dəfələrlə bu sənəddə göstərilən prinsipləri Azərbaycana vəd veriblər. Amma sonradan bu, onların təkliflərində əksini tapmayıb. Beləliklə də indiyə qədər danışıqlar Azərbaycanın maraqları xaricində aparılırdı.


Araz Əzimov: «Bu vaxta qədər onların verdiyi əsas prinsiplər layihəsində Kəlbəcər və Laçının qaytarılması, Laçın koridorunun hər iki tərəfdən istifadəsi və azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasına dair təkliflər yoxdur. Biz bunun üstündə dayanmışıq və dayanacağıq. Müzakirələr olmasa da, görüşlər aparılırdı və bütün dünyada həmsədrlərin dilindən əsas prinsiplər barədə söz yayılırdı. Guya ki, bu prinsiplər artıq hazırdır və yalnız qalıb Azərbaycanın buna razılıq verməsi. İndi biz bu prosesi dayandırdıq və onun istiqamətini dəyişdirdik».


Eyni zamanda, Əzimov vurğulayıb ki, Baş Assambleyanın qətnaməsi Minsk Qrupunun fəaliyyətinə mane olmur.


Martın 15-də həmsədrlərin Parisdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Vasitəçilər iki həftədən sonra Azərbaycan və Ermənistan prezidentlərini Buxarestdə görüşdürmək istəyirlər. Əzimov deyib ki, son bir neçə ildə «Praqa prosesi» adı altında aparılan danışıqların davamı nazirlə həmsədrlərin müzakirələrindən asılı olacaq:


«Həmsədrlər prezidentlərin görüşünü təklif etməklə impuls əldə etmək istəyirlər. Biz isə hesab edirik ki, danışıqlar BMT Baş Assambleyasının qətnaməsi əsasında davam etməlidir».


«Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» adlı qətnamə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Sənəd işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam, qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün şərait yaradılmasını əks etdirir.


Qətnamənin əleyhinə çıxan Minsk Qrupunun həmsədrləri və Ermənistan hesab edir ki, bu məsələnin BMT-yə çıxarılması danışıqların formatını dəyişməyə xidmət edir.


BMT Baş Assambleyasında martın 14-də qəbul edilən bu qətnamənin lehinə 39, əleyhinə 7 ölkə səs verib, 100-ə yaxın ölkə isə bitərəf qalıb.


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan bildirib ki, səsvermənin nəticələri Azərbaycan üçün beynəlxalq ictimaiyyətin siqnalı kimi qəbul olunmalıdır. Belə ki, BMT üzvü olan ölkələrin əksəriyyəti bitərəf qalmaqla Azərbaycanın «məsələyə birtərəfli yanaşmasını rədd ediblər». Məlumatı «Arminfo» informasiya agentliyi yayıb.


Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG