Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

«Mətbuatı qorxutmaq nəyimizə lazımdır»


«O insan islah olunmayıbsa, onu əfv etməyin nə mənası var?»
«O insan islah olunmayıbsa, onu əfv etməyin nə mənası var?»
«Yeni Müsavat» qəzeti:

Azərbaycan mətbuatı yenə qara günlərini yaşayır. «Azadlıq» qəzetinin reportyoru Aqil Xəlilin naməlum şəxslər tərəfindən bıçaqlanması, ötən həftə həmin qəzetin baş redaktoru Qənimət Zahidə qanunsuz məhkəmə hökmü çıxarılması seçki ilində mətbuatın yenidən hədəfə çıxmasından xəbər verir… Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla söhbətimizdə bu məqamlara aydınlıq gətirdik. Müsahibimiz öncə A.Xəlilə qarşı sui-qəsdə münasibət bildirdi.


- İlk növbədə bu hadisəni pisləyirik. Düşünürük ki, bu, prezident seçkiləri ilində hakimiyyətə qarşı bir təxribat əməlidir. Kimin törətməsindən asılı olmayaraq, günahkarın tapılıb cəzalandırılmasını tələb edirik.


- Jurnalistlərə qarşı dəfələrlə bu cür cinayətlərin törədilməsinə baxmayaraq, bir dəfə də olsun, günahkarlar tapılıb cəzalandırılmayıb. Hökumət bunda maraqlı deyil, yoxsa hüquq-mühafizə orqanları?


- Bu, doğru informasiya deyil ki, jurnalisti döydüyünə və ya ona qarşı başqa cür hüquqi pozuntuya yol verdiyinə görə kimsə cəzalandırılmayıb. Bununla bağlı kifayət qədər fakt var. Lazım olsa, biz Daxili İşlər Nazirliyinə deyərik, bu məlumatları açıqlayar…


- Artıq seçki ilində jurnalistlərə qarşı təzyiq artıb. Bu da diqqəti seçki prosesindən yayındırmaq cəhdi kimi dəyərləndirilir.


- Qətiyyən. Hakimiyyət maraqlı deyil ki, nə seçki ilində, nə də digər illərdə jurnalistlərə basqılar olsun, jurnalistlər döyülsün, hansısa vətəndaşlarla məhkəmə proseslərində çəkişmələr yaşasın… A. Xəlil Azərbaycan hakimiyyəti üçün hansı təhlükə mənbəyi idi ki, onu bıçaqlasınlar və yaxud ona fiziki təzyiq göstərsinlər?..


- Deyirsiz, A. Xəlil Azərbaycan hakimiyyəti üçün təhlükə mənbəyi deyil. Bu fikriniz Qənimət Zahid, eləcə də həbsdə olan, döyülən, qətlə yetirilən jurnalistlər üçün də keçərlidir?


- Mən düşünmürəm ki, Q. Zahid də böyük qüvvə idi və ya onun hansısa yazısı Azərbaycan hakimiyyəti üçün ciddi təhlükə yaradır, ciddi ictimai rezonans doğururdu. Bilirsiz, Qənimət Zahidin rəhbərlik etdiyi «Azadlıq» qəzeti Azərbaycanın müxalifət mətbuatı sırasında bəlkə də 50 qəzetdən biridir. Biz Q. Zahidin qəzetinin susdurulması istiqamətində addım atmaqla qalanları üçün nə nümunə göstərə bilərik? Qətiyyən belə deyil.


- Əfv fərmanının imzalanmasına az zaman qalıb. Bu dəfə həbsdəki bütün jurnalistlərin əfvi gözlənilirmi?


- Bir söz deyə bilmərəm. Çünki Əfv Komissiyasında məhbuslar və ya onların yaxınları, valideynlərindən daxil olan müraciətlərə baxılır… Hazırda bu üç nəfər jurnalistlə (Eynulla Fətullayev, Qənimət Zahid və Mirzə Sakit – red.) bağlı Əfv Komissiyasına müraciət edilib-edilmədiyini bilmirəm.


- Yenə də əsas özlərinin müraciətidir?


- Əfv üçün ilk növbədə məhbusun müraciəti ən vacib şərtdir. Məhbus ona görə əfv olunur ki, onun doğru yola qayıtması üçün yeni imkan, şans verilir. Eyni zamanda bu, məhbusun cəmiyyət qarşısında sonrakı fəaliyyətinə bir stimul yaradır. Amma məhbus ona bəxş olunan şansı dəyərləndirmirsə, o əfvin heç bir mənası yoxdur... O insan islah olunmayıbsa, onu əfv etməyin nə mənası var? O üç nəfərin əfv olunmamasına gəlincə, əvvəla, onlardan birinin məhkəməsi bitməyib, digərləri barədə isə heç nə deyə bilmərəm.


- Dövlət Departamentinin bəyanatı, ardınca Amerika səfiri Enn Dersin məsələ ilə bağlı «dost düzünü deyər» açıqlaması oldu. Siz isə Dövlət Departamentinin bu açıqlamasına sərt mövqe bildirdiniz. Niyə hər dəfə bu cür bəyanatlara hökumət narazı yanaşır. İradların heç biri haqlı deyil?


- ABŞ Dövlət Departamentinin bu və ya digər açıqlaması Quran ayəsi deyil ki, o tənqid oluna və buna qarşı etiraz səsi qaldırıla bilməz. Və yaxud da onunla razılaşmamaq olmaz. Ona görə də biz hakimiyyət olaraq, Dövlət Departamentinin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirdik. Hər bir dövlətdə demokratiyanın səviyyəsinin dəyərləndirilməsi üçün meyarlar var və bu meyarları da dünya siyasətşünaslıq mərkəzləri ortaya qoyub. O cümlədən də ABŞ-ın siyasətşünaslıq mərkəzləri. Son 5 ildə olmuş ayrı-ayrı faktlara görə 1 il üçün ölkədə demokratiyanın dərəcəsi, səviyyəsi və insan hüquqlarının vəziyyəti dəyərləndirilə bilməz. Ona görə də biz hesab edirik ki, ABŞ Dövlət Departamentinin hesabatı subyektiv və şübhəli mənbələr hesabına hazırlanıb...




«Gün səhər» qəzeti:


ABŞ-ın Dövlət katibi Kondoliza Raysın Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə həll olunmayacağına dair açıqlaması regionda Rusiyanın təsirinin güclənməsi kimi yozulur…


K. Raysın belə mövqe bildirməsi ABŞ-ın Rusiyanın nüfuz dairəsində olan Cənubi Qafqazda vəziyyətin dəyişməsinə müdaxilə etməmək istəyi kimi də başa düşülə bilər. Bu baxımdan, ABŞ Dövlət katibinin işlətdiyi ifadənin Rusiyaya yönəlmiş bir mesaj olduğunu da düşünmək olar…

ABŞ-ın Polşada quraşdırmağa hazırlaşdığı Raketdən Müdafiə Sisteminə aid mübahisənin həlli də Rusiyanı qane edən kompromis əsasında baş tutub. Mart ayının 17-18-də Polşada RMS-in quraşdırılmasına dair ABŞ və Rusiya arasında danışıqlar başlanacaq. Danışıqlarda amerikalılar ruslara «etimad paketi» təqdim edəcəklər. Həmin təkliflərdə RMS-in quraşdırılmasında Rusiya mütəxəssislərinin iştirakı və raketlərin Rusiyaya tərəf tuşlanmaması nəzərdə tutulub.


ABŞ-la Rusiya arasında belə dərin kompromislərin son vaxtlar tez-tez müşahidə olunması postsovet məkanında Kremlin təsir dairəsinin artmasında da özünü büruzə verir… ABŞ isə bu proseslərə loyal münasibət nümayiş etdirir...


Politoloq Ərəstun Oruclu isə hesab edir ki, ABŞ-ın Rusiyaya güzəştləri uzunmüddətli xarakter daşımayacaq və daha çox taktiki xarakter daşıyır...
XS
SM
MD
LG