Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:36

«Qobustan həbsxanasında saxlanma şəraiti o qədər ağırdır ki…»


«Qobustan həbsxanasında məhbuslar çox cüzi hüquqlardan belə məhrum olunurlar»

«Qobustan həbsxanasında məhbuslar çox cüzi hüquqlardan belə məhrum olunurlar»

Oğlu ömürlük azadlıqdan məhrum edilmiş Müslimət Rzaxanova deyir ki, Qobustan həbsxanasında saxlanma şəraiti o qədər ağırdır ki, ordakı dustaqlar tamamilə ümidsizliyə qapılıblar: «Oğlum Şakir Rzaxanov bu şəraitə dözməyib martın 6-na qədər aclıq aksiyası keçirdi. Sonra onu karsa saldılar, bütün yazı ləvazimatlarını əlindən alıblar. Ümumiyyətlə, məhbuslar yaxınlarıyla görüşə gələndə paltarlarını soyundurub yoxlayırlar ki, ərizə, şikayət göndərə bilməsinlər».


Cəzaçəkmə yerləri rəhbərliyi saxlanma şəraitinin Müslümət Rzaxanovanın dediyi kimi olmasıyla razılaşmır. Ancaq indi onlar da beynəlxalq təşkilatlarla birlikdə ömürlük və uzunmüddətli həbs cəzası almış şəxslərin saxlanma şəraitini müzakirə edirlər.



«1998-ci ildə Azərbaycanın ölüm hökmünü ləğv etməsi mühüm nailiyyətdir. Ancaq ömürlük həbs cəzasına məhkum edilənlər bütün sosial komponentlərini itirir və ümidsiz insanlara çevrilir. Buna görə də qanunvericilik yenidən nəzərdən keçirilməlidir»

Xüsusilə Avropa Şurası Azərbaycan hökumətindən isalahatları gücləndirməyi tələb edir. Şuranın Bakı Ofisinin rəhbəri Denis Bribosia deyir ki, bu sahədə görülməli işlər çoxdur: «1998-ci ildə Azərbaycanın ölüm hökmünü ləğv etməsi mühüm nailiyyətdir. Ancaq ömürlük həbs cəzasına məhkum edilənlər bütün sosial komponentlərini itirir və ümidsiz insanlara çevrilir. Buna görə də qanunvericilik yenidən nəzərdən keçirilməlidir».


Avropa Şurasının insan haqları və hüquqi işlər üzrə Baş direktorluğu isə ömürlük və uzunmüddətli həbsdə saxlananlarla bağlı tövsiyələrini də hökumətə təqdim edib.


İndi Azərbaycanda 236 nəfər ömürlük cəza almış məhbus var. Beş ildən çox həbs cəzası isə uzunmüddətli həbs hesab edilir. Azərbaycanda ən uzunmüddətli həbs 20 ildir. Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin rəisi Nazim Ələkbərov deyir ki, onlar bu kateqoriyadan olan məhbusların saxlanma şəraitiylə bağlı təklifləri müzakirə edirlər: «Bizdə ömürlük məhbuslar kamera şəraitində saxlanır. Avropada isə açıq saxlana bilirlər. Gün ərzində bir saat gəzintiyə çıxarılır, ildə iki dəfə görüş, dörd dəfə telefonla danışmaq hüquqları var. Həm bunların sayının artırılması, həm də təhsil almaq hüquqlarının təmin olunması, televizora baxmaq imkanları yaratmaq üzərində düşünürük».


Hüquq müdafiəçisi Murad Sadəddinov bir neçə dəfə Qobustan həbsxanasında monitorinqlər keçirib. O, deyir ki, burdakı məhbuslar bəzən çox cüzi hüquqlardan belə məhrum olunurlar: «Məsələn, onların başqa məhbuslarla ünsiyyətinə, kamerasında televizora baxmasına, az da olsa işlə təmin olunmalarına şərait yaratmaq olar. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Bu adamlar ömürlərinin axırına qədər 2-3 kvadratmetrlik kamerada qalır, bu şəraiti yaxşılaşdırmaq lazımdır».


Penitensiar Xidmət rəhbərliyi isə vəd edir ki, ömürlük və uzunmüddətli həbs cəzası almış məhbuslar üçün nəzərdə tutulan yeni həbsxana açılanda, indi müzakirə olunan məsələlər həyata keçmiş olacaq. Belə həbsxananın isə Bakıdan təxminən 70 kilometr aralıda yerləşən Umbakı qəsəbəsində ən tezi 2009-cu ildə açılması planlaşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG