Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Serj Sarkisyan İlham Əliyevlə apreldə görüşə bilər


«Əgər Azərbaycan prezidenti istəsə»

«Əgər Azərbaycan prezidenti istəsə»

«Ermənistanın yeni seçilən prezidenti Serj Sarkisyan azərbaycanlı həmkarı İlham Əliyevlə aprelin əvvəlində görüşə bilər. Əgər Azərbaycan prezidenti istəsə».


Bunu Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan deyib.


O, Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, görüş aprelin 3-4-ü NATO-nun Buxarest sammiti çərçivəsində baş tuta bilər.


Sammitdə Ermənistan nümayəndə heyətinə Sarkisyan başçılıq edəcək.


Nazir deyib ki, indi ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşün təşkili yönündə iş aparırlar. Məlumatı «Azadlıq» radiosunun erməni xidməti yayıb.


Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov isə «Azadlıq» radiosuna bildirib ki, ikitərəfli görüş bir neçə şərtdən asılıdır:


«Birincisi, Azərbaycan buna razılıq verməlidir. İkincisi, belə təşəbbüs ümumiyyətlə bu vaxta qədər irəli sürülməyib. Üçüncüsü, görüşün keçirilməsi üçün öncədən məsləhətləşmələr aparılmalı və həmsədrlərin də təklifləri öyrənilməlidir».


Əzimov deyib ki, bütün bu şərtlər təmin ediləndən sonra, qarşılıqlı qərar əsasında görüş haqqında danışmaq mümkün olar.


Nazir müavini onu da bildirib ki, hazırkı məqamda fərziyyə olaraq prezidentlərin görüşü istisna edilməməlidir: «Hansısa bir vaxtda gələcəkdə əlbəttə ki, görüşə bilərlər».


ATƏT-in Minsk Qrupunun həmsədrləri martın 13-də Vyanada görüşərək münaqişənin hazırkı vəziyyətini və atəşkəs problemini müzakirə ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG