Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:04

İdmançıları qorxuya salan olimpiada…


İdmançılar Pekində atmosferin həddən artıq çirkli olmasından narahatdırlar

İdmançılar Pekində atmosferin həddən artıq çirkli olmasından narahatdırlar

2008-ci il Pekin Olimpiya oyunlarının başlamasına çox az qalıb. İndi milyonların gözü Çinin paytaxtına yönəlib. Ən çox sevinənlər isə təbii ki, bu oyunların iştirakçıları – idmançılardır. Yeni uğurlar qazanmaq imkanları, pul gəlirləri, müxtəlif yerlərdən gələnlərlə ünsiyyətdə olmaq…Amma bu və digər xoş şeylərdən başqa, sən demə, olimpiya oyunlarının idmançılar üçün dilxorçuluq gətirən tərəfləri də var. Onlar Pekində atmosferin həddən artıq çirkli olmasından narahatdırlar.


Marafon qaçışı üzrə dünya rekordçusu, efiopiyalı Hayle Qebrselassie artıq elan edib ki, Pekin Olimpiya Oyunlarında iştirak etməyəcək, səbəb isə səhhəti ilə bağlı narahatçılıqdır.


Dünya rekordçusu astma xəstəliyindən əziyyət çəkir. Deyir ki, onun üçün çirkli atmosferdə 42 kilometr qaçmaq çox çətin olardı:


«Mən yarışmaya qatılmayacağam, çünki Pekində hava isti, rütubətli və çirklidir. Bu səbəbdən də marafonda qaçmaq istəmirəm».


Hayle Qebrselassie Çin hökumətini problemi həll etməyə çağırıb, deyib ki, idmançıların sağlamlığı risk altındadır.


Hayle Qebrselassie Pekində atmosferin çirkli olmasından narahat olan yeganə idmançı deyil. Olimpiadada on minə yaxın idmançı iştirak edəcək və əksər komandalar özlərini Pekinin atmosferindən qorumaq üçün ehtiyat tədbirlər görürlər.


20 ölkənin nümayəndələri yarışlar başlayanadək öz komandalarını Çindən kənarda Yaponiya və ya Cənubi Koreyada yerləşdirəcək. Amerikadan olan komanda isə öz ərzaq və su ehtiyatı ilə Pekinə yollanacaq. Səbəb isə son illər Çində çirklənmiş ərzaq məhsulları ilə bağlı yaranan qalmaqallardır.


«Vaşinqton Post» qəzetinin məlumatına görə, Amerikanın boks komandası və həkim ötən ilin noyabr ayında Pekinə baş çəkiblər. Həkim Frank Filiberto deyib ki, Pekində olduqları ilk gün boksçular ənənəvi olaraq səhər qaçışını yerinə yetiriblər. Qaçışdan isə qızarmış gözlər, öskürək və nəfəs problemləri ilə qayıdıblar. Bundan sonra yalnız boksçulardan yarısının rinqə çıxmağa halı olub.


Bütün bunlar olimpiya oyunları təşkilatçılarını da narahat edir. Şəhərin rəsmiləri deyirlər ki, ətraf mühitin təmizlənməsi üçün 16 milyard dollardan çox pul xərcləyiblər. Amma görünür, hələ görüləsi çox iş var.


Bircə müsbət məqam isə odur ki, məhz olimpiada Çin rəsmilərini məcbur edib ki, ətraf mühitlə bağlı problemin çözülməsi istiqamətində işlər görsünlər.


Hazırda Pekin Olimpiya Oyunlarına qatılmaq üçün Azərbaycanın 24 lisenziyası var. Olimpiya oyunlarına biletlərin satışı isə artıq başlayıb. Ən bahalı biletlər Olimpiadanın açılış və bağlanma mərasimlərinə satılır – müvafiq olaraq 650 və 390 dollara. Yarışmaların əksəriyyətinə biletlərin qiyməti isə təqribən 20 dollardır.


XS
SM
MD
LG