Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

«Tənqidlər artsa da, müsbətə doğru heç bir dəyişiklik yoxdu»


Dövlət Departamentinin hesabatında polis xüsusi olaraq tənqid olunur

Dövlət Departamentinin hesabatında polis xüsusi olaraq tənqid olunur

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ABŞ Dövlət Departamentinin hesabatında tənqid olunan əksər məqamlarla razılaşmır. O, deyir ki, sənəddə qeyd olunan məlumatların, xüsusən də hüquq-mühafizə sistemi ilə bağlı deyilənlərin əksəriyyəti birtərəflidir:


«Heç kəs demir ki, Azərbaycanın hüquq-mühafizə sistemində hər şey idealdır, hər hansı bir problem yoxdur. Problemləri iqtidar özü görür və bununla mübarizə aparır. İnformasiya yarımçıq verilir. Yəni hesabat bu və ya digər ölkədə hansısa sahədə olan vəziyyəti göstərir. Vəziyyət təkcə faktları sadalamaqdırsa, onda niyə hakimiyyəti ittiham edirlər. Qoy ancaq faktları saysınlar».


Müsavat partiyasının başqanı İsa Qəmbər isə deyir ki, hakimiyyətin bu cür hesabatlarla razılaşmaması artıq bir ənənəyə çevrilib. Ən acınacaqlısı isə odur ki, hər il bu cür hesabatlarda tənqidlərin sayı artsa da ölkədə müsbətə doğru heç bir dəyişiklik müşahidə olunmur:


«Hesabat bir qayda olaraq obyektiv olub. Hakimiyyət dairələri etirazlarını bildirirlər və sonra da proses davam edir. Hakimiyyət insan haqlarını daha kobud şəkildə pozmağa davam edir, ABŞ isə Azərbaycan hakimiyyəti ilə demokratiya sahəsində əməkdaşlığını davam etdirəcəyini bəyan edir. Ona görə də situasiya müsbətə doğru dəyişmir».


Hüquq müdafiəçisi Səidə Qocamanlı da ABŞ Dövlət Departamentinin hesabatında məlumatların birtərəfli verilməsi fikri ilə razılaşmır. O, deyir ki, builki hesabat ötən ilkindən çox az fərqlənir, və əgər hər il hesabatda eyni sahələr tənqid olunursa demək hakimiyyət bu sahələrdə islahatlar haqda ciddi fikirləşməlidir».


«Hər şey olduğu kimi əks olunub, heç bir şişirdilməyə yol verilməyib. Bütün qeyd olunan hüquq pozuntuları dövlət məmurları tərəfindən həyata keçirilir...»


ABŞ Dövlət Departamentinin 2007-ci il üzrə hazırladığı hesabat departament rəsmilərinin Vaşinqtonda və xarici ölkələrdə topladıqları məlumatlar əsasında hazırlanıb.


Hesabatında Azərbaycan sərt tənqid edilir. Bildirilir ki, insan haqları ilə bağlı vəziyyət yenə pis olaraq qalır. Ölkədə 50-dən çox siyasi partiyanın olmasına baxmayaraq hakim Yeni Azərbaycan Partiyasının siyasi sistemə hökmranlıq etdiyi göstərilir.


Sənəddə Dağlıq Qarabağın, Qarabağ ətrafındakı Azərbaycan torpaqlarının ermənilərin nəzarətində olduğu, həmin ərazilərdə baş verənlərə Azərbaycan hökumətinin nəzarət etmədiyi deyilir. Hesabatda bildirilir ki, insanların milli qanunvericilik hakimiyyətini dinc yolla dəyişmək hüququ 2005-ci il parlament seçkiləri zamanı məhdudlaşdırılıb. 2006-cı ilin mayında parlamentə 10 dairə üzrə təkrar seçkilər zamanı isə bəzi irəliləyişlər olub.


Hesabatda polis, təhlükəsizlik qüvvələri xüsusi olaraq tənqid olunur. Bildirilir ki, polis təcridxanasında insanların döyülməsi və onlara işgəncə verilməsi dörd nəfərin ölümü ilə nəticələnib və polis rəsmiləri buna görə cəzalandırılmayıblar.


Ədliyyə və hüquq-mühafizə orqanlarında geniş yayılmış korrupsiya halları var. Media, toplaşmaq azadlığı və siyasi proseslərə qatılmağa qoyulan məhdudiyyətlər artıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG