Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Dövlət Departamenti yenə Azərbaycanı tənqid edir


«İnsan haqları ilə bağlı vəziyyət bəzi sahələrdə hətta daha da pisləşib»

«İnsan haqları ilə bağlı vəziyyət bəzi sahələrdə hətta daha da pisləşib»

«Keçən il Azərbaycanda media azadlığı xeyli pisləşib. Qanunlar media azadlığına şərait yaratsa da, reallıqda hökumət tez-tez həmin hüquqa sayğısız yanaşır, medianın müstəqilliyini məhdudlaşdırır».


ABŞ Dövlət Departamentinin 2007-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatında belə deyilir.


Hesabatda bildirilir ki, keçən il 8 jurnalist ittihamla üzləşib, həbs edilib. Hüquq müdafiəçiləri onlara qarşı ittihamları siyasi motivli sayır. Həmin jurnalistlərin çoxu prezidentin əfv fərmanı ilə azad edilsə də, üç nəfər həbsdə qalır: «Azadlıq» qəzetinin əməkdaşları Qənimət Zahid, Mirzə Sakit və «Gündəlik Azərbaycan» qəzetinin rəhbəri Eynulla Fətullayev.


Hesabatda yerli qeyri-hökumət təşkilatlarına istinadla qeyd edilir ki, ölkədə 60-dək siyasi məhbus var.


Hesabatda deyilir ki, hökumət siyasi motivli qətllər törətmir. Amma insan haqları təşkilatları xəbər verirlər ki, keçən il həbsdə 4 nəfər ölüb.


Naxçıvanlı müxalifət fəalı 71 yaşlı Ələsgər İsmayılov isə zorla ruhi dispanserə salınıb, amma sonradan buraxılıb.


İnfrastrukturun yaxşılaşdırılmasına baxmayaraq, həbsxanalardakı şərait həyat üçün təhlükəli olaraq qalır, kameralarda normadan artıq məhbus saxlanır, tibbi yardım aşağı səviyyədədir. Vərəm həbsxanalarda ölümün əsas səbəbidir.


Polis cəzasızlıq şəraitində fəaliyyət göstərir, məhkəmə icra hakimiyyətinin təsiri altındadır.


Amerika Dövlət Departamentinin son hesabatında o da deyilir ki, Rusiya keçən il insan haqlarını ən kobud şəkildə pozan ölkələrdən olub.


Hesabatı mediaya Amerika Dövlət katibi Kondoliza Rays və onun demokratiya, insan haqları üzrə köməkçisi Conatan Farrar açıqlayıblar.


Conatan Farrar: «İnsan haqları sahəsində ən çox geriləyən ölkələrdən biri də Rusiya olub. Hakimiyyətin icra strukturlarının əlində cəmləşməsi, parlamentin sözəbaxan olması, korrupsiya və qanunun tətbiqində ayrı-seçkilik, qeyri-hökumət təşkilatlarının qeydiyyatı üçün sərt tələblər, bəzi QHT-lərə və mediaya təzyiqlər Rusiya hakimiyyətinin öz vətəndaşları qarşısında cavabdehliyinə zərbə vurur».


Hesabat həm də Rusiyanın təhlükəsizlik qüvvələrini qətllərdə və işgəncələrdə ittiham edir.


Bu ilki hesabatda Çin insan haqlarını ən çox pozan ölkələr siyahısından çıxarılıb. Amma deyilir ki, ümumilikdə Çində insan haqlarının vəziyyəti pisdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG