Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:14

Çek hərracı qalmaqalla keçdi…


«Səhər tezdən növbədə dayanmışam, siz isə başqalarından çek qəbul edirsiniz…»

«Səhər tezdən növbədə dayanmışam, siz isə başqalarından çek qəbul edirsiniz…»

Martın 10-da Bakıda növbəti - 109-cu çek hərracı keçirildi. Hərracın baş tutduğu Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Yanında Auksion Mərkəzində qələbəlik idi: «Səhər tezdən növbədə dayanmışam, siz isə başqalarından çek qəbul edirsiniz…» Səhər saat 4-dən növbə tutan Vidadi Süleymanov hərraca çıxarılan müəssisənin səhmlərini əldə etmək üçün əlində olan özəlləşdirmə paylarını Auksion Mərkəzinə vermək istəyirdi. Amma onun sözlərinə görə, çoxdan növbəyə dursa da, nədənsə onun adı çağırılmır. Elə ona görə də çekləri qəbul edən Auksion Mərkəzinin əməkdaşıyla mübahisə edirdi. Hərracda iştirak edənlərin dediyinə görə, jurnalistlərin gəlişi xəbəri yayıldığından bir qədər sakitlik yaranıb, başqa vaxtlar Mərkəzdə belə narazılıqlar daha çox olur, ciddi mübahisələr yaranır.


Auksion Mərkəzində hay-küy yenicə yekunlaşmışdı ki, onu da öyrəndim ki, burda çek qoyuluşu ilə bağlı müəyyən məhdudiyyətlər də var. Hərracda iştirak edənlərin dediyinə görə, onlardan 20-dən artıq çek götürülmür. Hərracda iştirak edən Hafiz Babalının dediyinə görə, yüz pay qoymaq istəsə də, ona gözləməyi məsləhət görüblər: «Problem var, bunu danmaq lazım deyil, həll etmək lazımdı».


Bakıdakı müəssisələrdən birinin səhmdarı olan Minəxanım Baxşıyeva isə deyir ki, hər şey hərrac başa çatandan sonra başlayır. Onun sözlərinə görə, nəvəsilə birgə 10 özəlləşdirmə çeki qoyub, gəlir gözlədikləri vaxtda məlum olub ki, həmin zavodu söküb yerində çoxmərtəbəli yaşayış binası tikirlər: «Bizim payımızın taleyi necə olacaq? «Akkord» şirkəti həmin müəssisənin yerində qəşəng bina tikir. Bizə deyirlər ki, torpaq sizin deyil, müəssisə dağılıb, artıq fəaliyyət göstərmir. Əgər bu müəssisə ləğv edilib yerində ev tikiləcəkdisə, onda niyə hərraca çıxarılırdı?»



«Bizim payımızın taleyi necə olacaq? «Akkord» şirkəti həmin müəssisənin yerində qəşəng bina tikir. Bizə deyirlər ki, torpaq sizin deyil, müəssisə dağılıb, artıq fəaliyyət göstərmir. Əgər bu müəssisə ləğv edilib yerində ev tikiləcəkdisə, onda niyə hərraca çıxarılırdı?»

Amma Minəxanım Baxşıyeva ümidlidi, deyir ki, seçki ilində prezident bu məsələyə diqqət yetirsə, işlər qaydasına düşər.


Auksion Mərkəzinin mətbuat katibi Elçin Əliyev isə çek hərracında sayla bağlı hər hansı limit olmadığını deyir. Onun sözlərinə görə, kimin nə qədər çeki varsa, hərraca çıxarılan müəssisəyə qoya bilər.


Əvvəlcə hərraca çıxarılacaq müəssisələrin sayı 13 olub. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində bu say 13 göstərilib. Amma hərrac başlamazdan əvvəl iki müəssisənin adı siyahıdan çıxarılıb. Hərracda iştirak edənlərin bir çoxunun əlində internetdən götürülmüş 13 müəssisənin adı olsa da, Auksion Mərkəzindəki elektron lövhədə 11 müəssisənin adı verilmişdi. Mərkəzin mətbuat katibi Elçin Əliyev isə deyir ki, onlara 13 yox, 11 müəssisənin adını veriblər. O, iki müəssisənin adının hansı səbəbdən sıyahıdan çıxarılmasından xəbərsizdi. Auksion Mərkəzindəki narazılıqlara, növbədənkənar çek qəbuluna gəlincə, E.Əliyev deyir ki, bu məsələdə Mərkəz əməkdaşları yox, hərracda iştirak edənlər günahkardılar: «Onlar bir-birinin növbəsinə girirlər. Bu da narazılıqlar yaradır».


1997-ci ildən bəri keçirilən auksionların əksəriyyətində iştirak edən Tahir Axundov da deyir ki, əsas məsələ auksionda iştirak etmədən, müəssisələri ələ keçirən oliqarxlarla mübarizədi. Onun sözlərinə görə, ən çox rast gəlinən hallardan biri də odur ki, müəssisə özəlləşdiriləndən sonra səhmdarları müəssisəni tapa bilmir, ya da həmin müəssisənin rəhbəri səhmdarları heç tanımaq belə istəmir: «Əslində, müəssisə var, amma hansısa varlı adam, oliqarx onun torpağın zorakı yolla zəbt edib, heç kimə məhəl qoymadan nə istəyir onu da edir».


«Azad İqtisadiyyata Yardım» Mərkəzinin rəhbəri Zöhrab İsmayıl bildirir ki, əslində, auksionlarda çeklərə qoyulan məhdudiyyətlər səbəbsiz deyil. Belə ki, müəssisənin nəzarət paketinə sahib olmaq istəyən şəxs bunun üçün həm rüşvət, həm də Auksion Mərkəzinə çek verir. Verilən rüşvətdən pay götürmək istəyən mərkəzlər isə nəticədə başqa adamların çoxlu sayda çek qoymasına məhdudiyyətlər yaradırlar.


Bu proseslərin pərdə arxasında getməsinə baxmayaraq, Zöhrab İsmayıl deyir ki, bütün bu məsələlər sonda Auksion Mərkəzi vasitəsilə rəsmiləşdirilir.


Hazırda dövriyyədə olan çeklərin istifadə müddəti 2010-cu ildə bitməlidir.


XS
SM
MD
LG