Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

NATO Bakıdan Əfqanıstanın yenidən qurulmasında iştirak etməsini istəyir


«Üzvlük üçün intensiv dialoq lazımdır. Hazırda Azərbaycanla bu yoxdur»
«Üzvlük üçün intensiv dialoq lazımdır. Hazırda Azərbaycanla bu yoxdur»
«NATO Azərbaycanın Əfqanıstandakı quruculuq prosesində mülki iştirakını istəyir».

Bunu NATO Baş katibinin xüsusi nümayəndəsi Robert Simmons martın 8-də Bakıya səfərinin sonunda deyib.


O xatırladıb ki, Azərbaycan bu yaxınlarda Əfqanıstandakı sülhməramlılarının sayını artırıb: «Bu sahədə növbəti addımlar atılarsa, bu, Bakının verdiyi töhfəni artıracaq».


2007-ci ilin sonlarında Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını 22-dən 44-ə artırıb.


NATO nümayəndəsi həmçinin, Azərbaycan rəsmiləri ilə Kosovodakı sülhməramlıların geri çağırılması məsələsini də müzakirə edib: «Hökumət rəsmiləri qəbul olunmuş qərarın səbəblərini mənə izah etdilər. Bu səbəbləri dəyərləndirirəm. Biz başa düşürük ki, oradakı əməliyyatlarla bağlı vəziyyət hər an dəyişə bilər. Amma demək istəyirəm ki, hazırda Kosovodakı beynəlxalq sülhməramlı qüvvələrin KAFOR əməliyyatı BMT-nin 1244 saylı qətnaməsinə uyğun olaraq davam edir».


Milli Məclis martın 4-də Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasına dair qərar verib. Bakı bunu oradakı siyasi vəziyyətin dəyişməsi ilə əlaqələndirir.


R. Simmons onu da deyib ki, NATO Xəzərin enerji resurslarının Avropaya təhlükəsiz nəqlində Azərbaycanın təcrübəsini artırmaq istəyir: «Əlbəttə ki, söhbət NATO-nun bura qoşun göndərməsindən getmir. Biz sadəcə, Azərbaycanın təhlükəsizlik qurumlarının idarəçilik bacarıqlarının artırılmasında iştirak etmək istəyirik».


NATO rəsmisi vurğulayıb ki, Azərbaycan alyansa üzvlük üçün müraciət edərsə, onlar bunu nəzərdən keçirməyə hazırdırlar: «Bu yaxınlarda NATO Şurası Azərbaycanla Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) 2-ci mərhələsini təsdiqləyib. NATO rəhbərliyi hesab edir ki, bu proqram inteqrasiya ilə paralel şəkildə aparılmalıdır. Üzvlük üçün isə intensiv dialoq lazımdır. Hazırda Azərbaycanla bu yoxdur».


R. Simmons deyib ki, IPAP-ın ikinci mərhələsi yeni məqsədlər də qoyur: «Burada Sərhəd Xidməti, Daxili İşlər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirliklərinin də iştirakı nəzərdə tutulur. Orduya mülki nəzarətin artırılması üçün gələcəkdə mülki orqanlar - məsələn, parlament də bu işə cəlb olunacaq».


Qarabağ münaqişəsinə toxunan NATO nümayəndəsi ümid edir ki, Ermənistandakı zorakılıq hadisələri sülh prosesinə mane olmayacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG