Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59

«Hökm xəlvəti oxundu»


«Azadlıq» qəzetinin rəhbərliyi baş redaktorun əfv olunacağına inanmır
«Azadlıq» qəzetinin rəhbərliyi baş redaktorun əfv olunacağına inanmır
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 4 il azadlıqdan məhrum edildi. Yasamal rayon Məhkəməsinin hakimi Südabə Məmmədova hökmü vəkillərin, Q. Zahidin yaxınlarının iştirakı olmadan, heç kəsə xəbər vermədən oxuyub.


«Yeni Müsavat» qəzeti:


«Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov hesab edir ki, prosesin bu cür gizli şəkildə keçirilməsində vəkil Osman Kazımovun son söz çıxışının böyük rolu olub:


«[Martın 6-da] Osman bəy möhtəşəm çıxışında bildirdi ki, «artıq hakim də sifarişlə işləməsi reallığı ilə barışıb». O, məhkəmə iştirakçılarından xahiş etdi ki, hakimin qadın olmasını nəzərə alaraq, onun verəcəyi qərarı alqışla qarşılasınlar. Ola bilər, hakim bu sözlərdən pərt olub. Hökmü publika qarşısında xəcalətindən oxuya bilməyəcəyi üçün prosesi gizli keçirib»...


Vəkil Elçin Sadıqov isə Q. Zahidin əfv ediləcəyini mümkün sayır. Amma o, hesab edir ki, əgər hakimiyyət onu əfv etmək istəyirdisə, şərti cəza verə bilərdi: «4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verməsi onu göstərir ki, onu əfvə salmayacaqlar»...




«Azadlıq» qəzeti:


Vəkil Elçin Sadıqov hesab edir ki, məhkəmənin bu addımı atması heç də səbəbsiz olmayıb:


«…Hamı gördü ki, Q. Zahid cinayət törətməyib və V. Həsənovda zədə olmayıb. Belə bir halda insanlar qarşısında Q. Zahidə ittiham hökmünün verilməsi vicdanı olan hər bir insanda utanc hissi yaradardı. Buna görə də məhkəmə daha asan yol seçdi və gizli şəkildə hökmü elan etdi. Osman müəllim düz demişdi ki, həmin hakim ədalətli ola bilər, amma belə yox, hüquqi, demokratik rejimdə. O hakim bu rejimin cəzaya məhkum etdiyi şəxslərdən biridir… » .


E. Sadıqov məhkəmənin azadlıqdan məhrumetmə cəzası təyin etməsinin bütün hallarda Q. Zahidin şəxsiyyətinə uyğun olmadığını deyir:


«Q. Zahidin cinayət əməli törətdiyi təsdiqini tapmış olsaydı belə, məhkəmə cəza təyin edərkən onun şəxsiyyətini nəzərə almalı idi. Bu, məhkəmənin vəzifəsidir. Azadlıqdan məhrumetmə o şəxslərə tətbiq olunur ki, əks halda o, islah oluna bilməz. Q. Zahid ali təhsilli şəxsdir, ilk dəfə olaraq cinayət törətməkdə təqsirləndirilir. Hətta, məhkəmə zalında da gördünüz ki, V. Həsənovun sözlərinə qarşı qeyri-adekvat münasibət bildirdi. Söyüşlərinə qarşı söyüş söymədi...».



«Gün səhər» qəzeti:


Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin əfv fərmanı imzalayacağı gözlənilir. Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digər beynəlxalq qurumların tələbilə əfv edilməli olan vicdan məhbusları sırasında Q. Zahidin də adı var.


Ancaq «Azadlıq» qəzetinin rəhbərliyi baş redaktorun əfv olunacağına inanmır:


«Q. Zahidə 4 deyil, 14 il cəza versələr belə, o, əfv ərizəsi yazmayacaq. Həbsini sifariş verənlərə necə əfv ərizəsi yazsın? Əgər hakimiyyətin iradəsi çatsaydı, Qənimət bəyi elə məhkəmə zalından azadlığa buraxardı. Qanunvericiliyə görə, həbs olunan şəxsin özünün əfv ərizəsi yazması vacib deyil. Adi bir jurnalist qurumunun da müraciəti kifayət edir… Ancaq Azərbaycanda ərizə yazmayanları əfv etmirlər. Q. Zahidin də həm özü ərizə yazmayacaq, həm də ictimaiyyətin xahişi ilə olsa belə, onu əfv etməyəcəklər...».


AŞ PA həbsdəki jurnalistləri, o cümlədən Q. Zahidi qeyd-şərtsiz azadlığa buraxmaq üçün rəsmi Bakıya martın 13-nə qədər vaxt verib. Əks təqdirdə, AŞ PA-nın aprel sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər.


XS
SM
MD
LG