Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Problemlərindən şikayətlənən Naxçıvan sakinini polis saxlayıb


Hazırda Qasımovun harada saxlandığı məlum deyil

Hazırda Qasımovun harada saxlandığı məlum deyil

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun daha bir sakini problemlərindən şikayət etdiyinə görə, polis tərəfindən saxlanılıb. Bu, 1962-ci il təvəllüdlü birinci qrup əlil Məhəmməd Qasımovdur.


Onun həyat yoldaşı Reyhan Qasımovanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, artıq ikinci dəfədir ki, Məhəmməd Qasımov Muxtar Respublika Daxili İşlər Nazirliyinə aparılır. Onun sözlərinə görə, Sədərək Rayon Polis Şöbəsinin rəisi Fariz Məmmədov həyat yoldaşına təzyiqlər göstərərək onu ruhi xəstəxanaya saldıracağı ilə hədələyib.


Məhəmməd Qasımov problemləri ilə bağlı ölkə prezidentinə və bir sıra digər orqanlara şikayət məktubları ilə müraciət edib.


Reyhan Qasımova: «Səhər saat 11-də tutub aparıblar. Fariz Məmmədov yoldaşıma təzyiq göstərib, onu təhqir edib, hədə-qorxu gəlib, sonra da Naxçıvan Daxili İşlər Nazirliyinə göndərib».


Qasımova deyir ki, həyat yoldaşının dövlət orqanlarına müraciətinə səbəb malik olduqları mağazanın sökülməsidir: «Dükanımızı söküblər, o da haqqını tələb edir. Deyirlər ki, niyə yazırsan, ora-bura müraciət edirsən. Ərim birinci qrup əlildir, iki dəfə infarkt keçirib. Səkkiz nəfərlik ailəni tək dolandırır, onun əlinə baxırıq».


Məsələyə nə Sədərək Rayon Polis Şöbəsinin, nə də Muxtar Respublika Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.


Məhəmməd Qasımov özü isə mobil telefonla «Azadlıq» radiosuna Naxçıvan Daxili İşlər Nazirliyində olduğunu bildirib və nə üçün bura gətirilməsinin ona məlum olmadığını deyib. Qısa danışıqdan sonra onun telefonu söndürülüb. Daha sonra Qasımovla əlaqə saxlamaq mümkün olmayıb. Hazırda M.Qasımovun harada saxlanılması ilə bağlı dəqiq məlumat əldə etmək mümkün deyil.


Bir ay əvvəl də Qasımov polis tərəfindən saxlanıb. Onda əlildən şikayətlərindən imtina etməyi tələb ediblər və iki gün saxladıqdan sonra buraxıblar.


Bir müddət əvvəl problemlərindən şikayət etdiyinə görə, Sədərək rayonunun təqaüddə olan həkimi Ələsgər İsmayılov qısa müddətə ruhi dispanserə salınmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG