Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:32

Fırıldaq qurbanları...


Gənclər deyir ki, onları bura turist vizası ilə gətiriblər

Gənclər deyir ki, onları bura turist vizası ilə gətiriblər

«Azadlıq» radiosunun xaricdəki azərbaycanlılardan bəhs edən «Həmyerli» verilişinin ilk buraxılışı Çexiyanın Brno Texniki Universitetinin dil kurslarında oxuyan gənclərdən bəhs edir. Onlar 8 nəfərdirlər. Bakıda onlara deyiblər ki, sizi Çexiyada universitetə qəbul etdirəcəyik. Bu ölkəyə gələndə isə məlum olub ki…

Onlar indi çex dilini öyrənirlər. Bu, universitetə daxil olmamışdan əvvəl hazırlıq mərhələsi hesab olunur. Çex dili - rus dili kimi slavyan dil ailəsinə aiddir. Amma bir çex danışanda hətta rus dilini mükəmməl bilən də onu çətin başa düşür, bəzi sözlər isə rus dilindəki oxşarının əks mənasını verir. İsmayıl başına gələn məzəli əhvalatı danışır.


İsmayıl: «Dərsdə müəllim sual verdi, mən səhv cavab verdim. Qayıtdı ki, pozor! Dedim, paho, rüsvay oldum. Sonra bildim ki, «pozor» bunlarda «diqqət» deməkdi».


Söhbətə Anar Vəliyev qdə oşulur, o, Amerikada doktorluq dissertasiyası müdafiə edib, indi Brnoda-Masarik Universitetində dərs deyir.


Anar: «Gedirsən supermarketə - yazılıb «okurki». «Okurki» rusca siqaretin tullantısına deyilir, amma bunlarda «xiyar» deməkdi. Yaxud «qreçka» axtarırdım, yazılıb «poqanka». «Poqanka» rusca zəhərli göbələyə deyirlər, burda «qreçka»dı».


«Məni elə bir paraşutla səhraya atdılar»


Sənan: «Ən azı kommunal məsələlərə baxaq da. İsti-soyuq su-daha bununla Avropada kimisə təəccübləndirmək olmaz, adama gülərlər, İnternetimiz var, 100 meqabayt, işıq sönmək - nədi bilmirik, baxın da, yataqxana meşənin içində yerləşir, bir sözlə, burda oxumamaq üçün bəhanə yoxdu».


Burda qonaq qarşılamağa həmişə hazırdırlar, özü də Azərbaycan çayı ilə.


Sənan aralarında yaşca ən böyük olanlardandı- necə deyərlər ağsaqqaldı. Otururuq çay stoluna, şəkərbura da gəlir, amma məlum olur ki, şəkərbura çay kimi Bakıdan gəlməyib, Sənanın İsveçdəki dostlarından biri xanımına bişirtdirib gətirib.


Burdakı gənclərin çoxunu birləşdirən məqam onların fırıldaq qurbanı olmalarıdır.


Sənan: «Sənədlərimi hazırladım, məni əmin elədilər ki, gedim düşəcəksən cənnətə, mən gəldim Brno şəhərinə, elə bilin ki məni paraşütlə atmışdılar səhraya, çox acınacaqlı vəziyyətdə idim, heç nə məlum deyildi, nə institutun adı, nə qalacağım yer».


Kimdi fırıldaqçılar – necə olur ki, bu qədər adam inanıb onların toruna düşür?


Sənan: «Təsəvvür edin - Azərbaycanda bir məclisdi, dostlarımızdan biri təmtəraqlı şəkildə təqdim edir ki, buyurun tanış olun, bu Çexiyada yaşayan həmyerlimizdi, professordu. Bundan sonra başlanır məlum ssenari, həmin adam öz dərs dediyi institutu təsvir edir, təhsil pulsuzdu, tələbələrə avtobus pulsuzdu, yemək güzəştlidi, idman zalları var, tələbələrə kompüter verilir və sair. İmkanı olan valideynlər çalışır həmin professorla görüşsünlər – xahiş edirlər ki, onun övladlarını Çexiyada instituta düzəltsin. O da bunun üçün lazım olan məbləği deyir, razılaşırlar, professor deyir ki, arxayın olun hər şey mənlikdi».


Çexiyada dövlət ali məktəbləri doğrudan da pulsuzdu. Doğrudan da tələbələrə bəzi güzəştlər var, amma məsələ burasındadı ki, dövlət ali məktəblərinə - qəbul imtahanı vermək lazımdı və nəinki hansısa professor, heç Çexiya prezidenti də kimisə imtahansız dövlətin ali məktəbinə uşaq düzəldə bilməz.


«Gəldim gördüm başqa ab-hava...»


Fırıldaqçı dəllal - aldadıb instituta düzəltmək adıyla Çexiyaya gətirdiyi gəncləri ancaq Brno Texniki Universitetinin dil kurslarına düzəldib, həmin dil kursu isə hələ heç nə demək deyil. Masarik Universitetində dərs deyən daha bir azərbaycanlı gənc Eltay Dilbazi.



Mətbəxdə xörək bişirlər-əsl tələbə yeməyi - makaron, üstündə də ət
Eltay: «Əksər gələn tələbələrə deyirlər ki, ilin axırında dildən imtahan versən, yaxşı olacaq, qəbul olunacaqsan, cəfəngiyatdır, çex gəncləri kimi bərabər hüquqda imtahan verməlisən».

Bundan başqa Eltay Dilbazi deyir ki, Çexiyanın və Azərbaycanın təhsil sistemləri arasında fərqlər var və elə fakültələr var ki, onlara qəbul imtahanı üçün Azərbaycanda bir hazırlıq tələb olunur, Çexiyada bir ayrı.


Bunu söhbətimizə qoşulan Qulamrza da təsdiqləyir.


Qulammirzə: «Gəldim gördüm ab-hava başqadı, İnstituta qəbul olmaq üçün riyaziyyat, siyasət bilmək lazımdı, mən elə şeylərdən başım çıxmır, Azərbaycanda olan imtahanlardan qat-qat çətindi. Bəlkə də hər gün oxusan buna nail olmaq mümkündür, amma məndə orta məktəb təhsili zəif olduğu üçün çox çətin olur mənə».


Qulamrzanı Çexiyaya - yoldaşlarının şikayətçi olduğu professor gətirməyib, o, Bakıdakı bir özəl şirkətin vasitəsilə gəlib – həmin şirkət xaricdə təhsil təşkil edir. Qulamrza deyir ki, ona da deyiblər ki, çex dili kursunu bitirən kimi çox asanlıqla instituta qəbul olunacaq, amma indi bilmir ki, iki aydan sonra imtahanından keçə biləcəkmi? Brno Texniki Universitetində bir illik dil kursu və yataqxanada qalmaq xərci üst-üstə 3 min dollardı, amma Qulamrzadan 10 min dollardan çox pul alıblar.


«Mənə söz vermişdilər ki…»


Sənan isə deyir ki, ona söz veribmişlər ki, onu Şkoda Avtomobil Zavodunun kollecinə - özü də magistraturaya düzəldəcəklər. O, da planlar qurubmuş ki, oxuya-oxuya Çkoda zavoduna işə düzələ biləcək, sonra ailəsini Azərbaycandan gətirəcək və Avropada xoşbəxt həyata başlayacaqlar. Bilirsiniz indi xoşbəxt həyat haqda nağıllara aldananlar zarafatla özlərinə nə deyirlər?


Sənan: «Və gəldim gördüm ki, iki qurban da məni gözləyir, İsmayıl «husa» deyir, «husa» çexcə qaz deməkdi, gördüm iki «husa» da var, sonra ikisi də gəldi».


Öyrəndik ki, axır 6-7 ildə Çexiyaya xeyli gənc gətirilib, amma onların əksəriyyəti birinci il imtahanlardan kəsiliblər və Azərbaycana qayıtmalı olublar.


Amma ən pisi isə o deyil ki, zurna-balabanla xaricə gedib əli ətəyindən uzun qayıdasan, hətta dəmir barmaqlıqlar arasına da düşmək olar.


Sənan: «...Onlara Bakıda saxta sənəd düzəltmişdilər ki, guya burda oxuyurlar, polisdə onlara böyük problem yaranacaqdı, çünki özləri də bilmədən Çexiya ərazisinə saxta sənədlərlə girmişdilər».


Söhbət hansı saxta sənədlərdən gedir və fırıldaqçı dəllalların toruna düşməmək üçün nələri bilmək lazımdı? Bu haqda bir azdan…


Tin uşaqları


Mətbəxdə xörək bişirlər-əsl tələbə yeməyi - makaron, üstündə də ət.


İsmayıl: «Yataqxananın hər mərtəbəsində bir mətbəx var, bura da bizimdi».


Mətbəx səliqə-səhmanlıdı, amma sobanın üstünə yumurta qabıqları qalanıb, həmsöhbətlərim məni inandırırlar ki, bu - onların yox, ərəb tələbələrin işidi.


Həmsöhbətlərim deyirlər ki, arada mütləq dolma, küftə, bozbaş da bişirirlər. Vətən tez-tez yada düşür, bəzən də qeyri-adi formada.


Sənan: «Necə ki, Bakıda şəhər uşaqları bir tinə yığışıb söhbət edirlər, burda yataqxananın qabağında ağacın altında skamya var, yığışdıq ora, uşaqlar sağ olsunlar, günəbaxan tumu tapdılar (gülür), səsimiz-küyümüz götürmüşdü aləmi. Ən maraqlısı odu ki, Tural səhər tezdən məşqə getməli idi, çıxdı balkondan var gücüylə qışqırdı ki, «Ay İsmayıl», İsmayıl dedi ki, «nə var?» Təbii ki, balkonlardan 3-4 çex çıxıb baxdı ki, bunlar niyə qışqırırlar. Həmin gün beləcə özümüzü Bakıda hiss etdik».


Amma Çexiyadakı tin uşaqlarından heç biri tumun qabığını yerə tökməyib.


İndi də çox ciddi məsələlər haqda


Bu yaxınlarda Çexiyanın paytaxtı Praqada Xocalı faciəsi ilə bağlı piket olub - Ermənistanın diplomatik nümayəndəliyi qarşısında. Brnoda həmsöhbət olduğum azərbaycanlı gənclər də diaspora təşkilatının köməyilə yığışıb gediblər həmin piketdə iştirak etməyə.



Yataqxanada internet pulsuz olduğundan gənclər MSM-lə evlə əlaqə yaradırlar
Brnodakı azərbaycanlı gənclərin öz təşkilatları da var – «Çexiyada oxuyan azərbaycanlı tələbələr birliyi» adlanır. Təşkilatın əsas məqsədlərindən biri də Azərbaycanı təbliğ etməkdir. Hələ ki təşkilatın özətini Brnoda oxuyan və dərs deyən 15-ə yaxın gənc təşkil edir. Yaxın vaxtlarda təşkilat planlaşdırır ki, Brnoda - Azərbaycanla bağlı sərgi keçirsin.

Anar: «Biz indi Masarik Universitetinin kitabxanasında bir sərgi keçirmək istəyirdik-Azərbaycan kitablarının sərgisi. Ondan sonra həmin kitabları Universitetin kitabxanasına bağışlayacağıq. Bunlar Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, tarxi və Qarabağ haqda kitablardı. Ancaq Qarabağdan danışsaq, bu təbliğat kimi çıxacaq, ona görə əsas Azərbaycanın özü haqda məlumat verəcəyik. Bunun içində həm də Qarabağ və başqa məsələlər haqda danışılacaq».


Təşkilata kitabları Çexiyadakı Azərbaycan səfirliyi verib.


Yeri gəlmişkən bizim söhbət etdiyimiz yataqxana otağında hətta pərdələr də üçrəngli Azərbaycan bayrağı şəkilndədir, hələ divarlara yapışdırılan bayraqları demirəm.


Yataqxananın otağında futbola baxırlar-daha doğrusu hamı özünü görməyə çalışırlar. Bu yaxında Çexiyada Azərbaycanın futzal yığması dünya çempionatının qrup mərhələsində oyunlar keçirib Ermənistan komandasına qalib gəlib. Brnodakı azərbaycanlı gənclər də meydanda milli komandaya dəstək verib.


Sənan: «Çox gözəl qələbə idi, çılğın bir azarkeşlik etdik, çoxumuzun səsindən hiss olunur, çılğın azarkeşliyin «nəticəsi».


Bəs çexlərin həmsöhbətim olan gənclərə münasibəti necədi?


Brno kiçik şəhərdir-yarım milyon əhalisi var. Şəhərin məscidi də var. Bəlkə də bəzilərinə qəribə gələ bilər, Brnoda söhbətləşdiyim 8 gəncdən 4-ü namaz qılır, cümə günləri məscidə də namaza gedirlər. Məscidə 10-a yaxın müsəlmanlığı qəbul etmiş çex də gəlir, xütbə oxuyanlardan da biri çexdi.


Sənan: «Sözün düzü mən bura gələndə qorxurdum ki, deyərəm müsəlmanam, nəsə problemim çıxar, amma bura gələndən sonra gördüm ki, eşitdiklərim səhvdir, boş söhbətdir, əksinə kimsə mənə spirtli içki təklif edəndə biz etiqadımızı bildirib imtina edəndə onlar biz hörmətlə yanaşırlar, başa düşürlər».


Amma Avropa ölkələrinin çoxunda olduğu kimi Çexiyada da İslama maraq axır illərdə artıb. Amerikada doktorluq müdafiə edib Çexiyaya gəlmiş Anar Vəliyev deyir ki, ona İslamdan da dərs demək təklif edilib.


Anar: «Mən dedim ki, İslam mədəniyyəti, siyasəti haqda məlumat verə bilərəm. Ən çox tələbə də həmin dərslərə gəlir – 180 nəfərə yaxın tələbə. Yəni maraq var. İndi dünyada bəzən İslama qarşı haqsız təbliğat gedir və çexlər İslam, Quran haqda daha çox bilmək istəyirlər».


Gəncləri Çexiyaya turist vizasıyla gətirirlər...


Əvvəldə də dediyimiz kimi Çexiyada dövlətin ali məktəblərinə adam düzəltmək mümkün deyil – hamı imtahan verməlidir.


Yalnız imtahandan keçənə institut illik tələbə vizası verir. Hətta imtahandan qabaqkı mərhələyə - dil kurslarına da illik viza lazımdı. Fırıldaqçılar ya belə bir vizanı almaq üçün sənədlər hazırlayırlar – həm dil kursunun viza üçün müraciətini saxtalaşdırırlar, həm də yataqxananın müraciətini. Bir ayrı yolları isə budu ki, gəncləri Çexiyaya turist vizasıyla gətirirlər.


Sənan Brnoya bir aylıq turist vizasıyla gəlib, gəlib çatanda məlum olub ki, dil kursuna qəbulla bağlı heç bir sənədi hazır deyil.


Sənan: «Bir aylıq turist vizasının müddəti başa çatanda həmin şəxslərdən soruşdum, bəs bu nədi, vaxtım tamam olur, mən çıxmalıyam, dedilər, problem deyil, sənin vaxtını artıracağıq. Axırıncı gün hiss etdim ki, böyük problemlərim ola bilər, dövlətin ərazisindən çıxmasam, məni deportasiya edərlər. Mənim üçün Avropaya qapılar birdəfəlik bağlanar. Getdim Polşaya –üç aylıq viza düzəltməyə 7 günümə 700 dollar xərcim çıxdı. Sonra 3 aylıq vizanın da vaxtı bitdi, bir də Polşaya getdim, bu dəfə sərhəddə problem yarandı. Beləcə dil kurslarına düzələnəcən 12 min dollar xərcim çıxdı. Ailəli adam üçün bu faciəli bir xərcdi».


Sənan deyir ki, daha böyük problem illik vizası saxta sənədlərlə alınan gənclərdə olub – yalnız Brnoda uzun müddətdir yaşayan azərbaycanlıların köməyi polisi başa salmaq olub ki, onlar fırıldaq qurbanlarıdır, yoxsa onlara qarşı cinayət işi qaldırılacaqmış.


Çexiya məsələn, Almaniya, Britaniya kimi çox bahaçılıq deyil, amma həmsöhbətlərim evdən gələn pulla dolanırlar. Amma onların arasında eləsi də var ki, asanlıqla Çexiyada bir müəllimin qazandığı qədər pul qazana bilirlər-ayına 1000 dollardan çox.



İndi Renat artıq Çexiyada boks üzrə birinci liqadan əsas liqaya yüksəlib
Sənan: «O kimimlə döyüşürsə, 20 saniyədə rəqibini məğlub edir, rəqib döyüşçünün məşqçisi dəsmallarını tullayırlar. Artıq bezmişik, gedirik onu dəstəkləməyə, məsələn Olomous şəhərinə getmişdik, 100 kilometr yol getdik, Renat döyüşü 20 saniyəyə qurtardı (gülür)…»

«Burda boksun səviyyəsi sıfır həddindədir»


Renat Ağayev 4-cü kurs tələbəsidir, Çexiyaya gəlincə, Azərbaycanda boks məktəbini keçib, düzdü vətənində elə bir böyük uğuru olmayıb, amma burda qısa müddətdə birinci liqada vitse-çempion olub.


Renat: «Ancaq Azərbaycandakı məşqçilərə minnətdar olmalıyam. Burda boksun səviyyəsi sıfır həddindədir. Əgər bunlarla məşqləri davam etdirsəm tez bir zamanda onların səviyyəsinə düşərəm».



İndi Renat artıq Çexiyada birinci liqadan əsas liqaya yüksəlib. Deyir ki, pul qazanıb özünü dolandırır, tələbə həyatı da maraqlı keçir. İndi Renat çalışır ki, institutu qurtarandan sonra Almaniyaya getsin, boksçu karyerasını orda davam etdirsin.

Həmsöhbətlərim arasında Çinar güləşçidi, Tural isə üzgüçü. Tural dərsə getməklə yanaşı gündə iki dəfə məşq edir - deyir ki, Azərbaycanı bu ilki Pekin olimpiadasında təmsil etməyə hazırlaşır və nə qədər qəribə səslənsə də bu işdə ona Çexiyaya gəlməyi çox kömək edir. Çünki deyir ki, Bakıda normal hovuz yoxdur.


Tural: «Hovuzda «basabas» idi, üzə bilməyənlər də pul verib dolurdu basseynə. Bundan başqa da gah su o qədər soyuq olurdu ki, hovuza girə bilmirdik, gah da xloru o qədər çox edirdilər ki, boğulurduq».


Çexiyada qalmaq ucuz başa gəlməsə, azərbaycanlı gənclər axtarıb xərclərini azaltmağın yolunu tapırlar. Məsələn evlə saatlarla danışırlar-bir qəpiksiz.


Yataqxanada internet pulsuz olduğu üçün həmsöhbətlərim xüsusi kompüter proqramlarıyla – MSM-lə evlə əlaqə yaradırlar.


Beləcə Brno texniki Universitetinin dil kursunda oxuyan azərbaycanlı gəncləri tərk edib Praqaya qayıdıram, söz verirəm ki, veriliş hazır olan kimi zəng edib vaxtını deyəcəyəm. Arzum da budu ki, onlara dəyən daşları yaddan çıxarıb bütün diqqətlərini qarşıdakı imtahanlara versinlər. Dünyanın axırı deyil ki, hələ bütün həyat qabaqdadır.


XS
SM
MD
LG