Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Bakıda NATO-nun 68-ci «Rouz-Rout» seminarı başlayıb


Azərbaycan təmsilçiləri ilə yanaşı seminarda 25 ölkədən 101 nümayəndə iştirak edir
Azərbaycan təmsilçiləri ilə yanaşı seminarda 25 ölkədən 101 nümayəndə iştirak edir

Martın 6-da Bakıda NATO Parlament Assambleyasının 68-ci «Rouz-Rout» seminarı başlayıb. Bu tədbir iki ildən bir Bakıda keçirilir.


Azərbaycan təmsilçiləri ilə yanaşı seminarda 25 ölkədən 101 nümayəndə iştirak edir.


Bu dəfə iştirakçılar arasında Ermənistan nümayəndələri yoxdur. 2006-cı ildə Bakıda keçirilən «Rouz-Rout» seminarında erməni deputatlarının iştirakı narazılıq doğurmuşdu. Amma indiki tədbirin təşkilatçıları deyirlər ki, Ermənistan nümayəndələri özləri Bakıya gəlməkdən imtina edir. Buna səbəb kimi Yerevanda yaranmış son vəziyyətlə əlaqədardır.


Budəfəki seminarın əsas mövzusu Xəzər və Mərkəzi Asiya regionlarının enerji ehtiyatlarının Avropa bazarlarına təhlükəsiz çatdırılması məsələsidir. Amma bu tədbir Azərbaycanın Kosovodakı sülhməramlılarını geri çağırması və NATO ilə Fərdi əməliyyat və tərəfdaşlıq çərçivəsində ikinci planın işə düşməsindən bir neçə gün sonraya təsadüf etdiyi üçün, bu məsələlər də diqqətdə saxlanılacaq.


Seminarda iştirak etmək üçün Bakıya gələn NATO Parlament Assambleyasının prezidenti Joze Lello deyir ki, Bakı Kosovodakı əsgərlərini geri çağırmaq barədə qərarını əsaslandırmalıdır. Onun sözlərinə görə bu məsələ müzakirə olunmalıdır:


«Azərbaycanın Əfqanıstandakı əsgərlərinin sayını artırması alqışlanası haldır. Amma mən Kosovoa ilə bağlı Azərbaycanın qərarının oradakı situasiyaya adekvat olduğunu deyə bilmərəm».


NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons isə martın 5-də Moskvada bəyan edib ki, təşkilat Azərbaycanın Kosovodakı sülhməramlı qüvvələrini geri çağırmaq qərarından təəssüflənir.


Millət vəkili Asim Mollazadə deyir ki, NATO–nun Cənubi Qafqaz və Orta Asiyanın təhlükəsizliyinə diqqət ayırması vacib haldır və bu göstərir ki, təşkilat qarşısındakı yeni çağırışlara fikir verməyə başlayıb. Çünki Azərbaycan kimi ölkələr Avropanın neft-qazla təminində iştirak etməklə NATO-nun təhlükəsizlik orbitinə daxil olublar. Buna görə də deputatın fikrincə, Bakı seminarında Azərbaycan tərəfi Xəzər və Orta Asiya regionu üzrə yeni təhlükəsizlik sisteminin yaradılması ideyasını ortaya qoymalıdır.


Milli Məclisin Təhlükəsizlik komissiyasının üzvü Aydın Mirzəzadə deyir ki, Kosovodakı sülhməramlılarla bağlı qərarın geriyə yolu yoxdur.


Bununla belə Mollazadə onu da deyir ki, NATO ilə təhlükəsizlik məsələsində müzakirə aparmaq Azərbaycan üçün vacibdir. Bakı istəyir ki, NATO Azərbaycanın təhlükəsizlik sisteminin qurulmasında lazımi köməklik göstərsin.


Azərbaycan 2002-ci ildən NATO PA-nın assosiativ üzvüdür.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG