Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:30

«Yas mərasimləri bəzən «musiqisiz toy»lara bənzəyir»


«Rəhmətə gedənin üçünün, yeddisinin və qırxının verilməsi əmr və hökm deyil»
«Rəhmətə gedənin üçünün, yeddisinin və qırxının verilməsi əmr və hökm deyil»

«Azərbaycan» qəzeti Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblinin «Unudulmaqda olan dəyərlər…» adlı məqaləsini çap edib. Deputat qəzetin bütünlükdə 7-ci səhifəsini əhatə edən yazısında müasir dövrdə Azərbaycanın toy və yas adətlərinin dəyişilməsindən söz açır: «Toylarda olduğu kimi yas mərasimlərində də adət-zənənlərimiz getdikcə meşşanlaşır, çərçivələrdən çıxır. Adətə görə mərhumun üçü, yeddisi, qırxı və ili verilir. Cümə axşamlarında yaxın qohumlar yığışır, mərhumun ruhuna dualar oxunur. Bu mərasimlərin hər birində isə süfrələr açılır, ehsan verilir».


Millə vəkili yazır ki, «rəhmətə gedənin üçünün, yeddisinin və qırxının verilməsi əmr və hökm deyil. Bunlar şəraitə uyğun keçirilməlidir. Amma müasirlik bəzi məqamları ilə yas mərasimlərindən də yan ötməyib».


«…Dini adətimizə görə insanlar yas mərasimində oturub rahatlanmaq və ya aclıq tələbatını ödəmək üçün deyil, başsağlığı vermək, ölü yiyəsinin dərdinə şərik olmaq üçün gəlirlər. Amma bu gün bəzi yas mərasimləri evlərdə keçirilən «musiqisiz toy»lara bənzəyir. Bir də görürsən ki, ehsan süfrəsində iki bananı da bir-biri ilə üzbəüz düzəldiblər, elə bil bir-biri ilə öpüşürlər. Ehsan süfrəsinə çoxlu şirniyyatın qoyulması da düzgün deyil. Əslində süfrəyə çay içmək üçün xurma, şorqoğalı və halva verilməlidir».


«48 ailənin evini yıxırlar»- «Azadlıq» qəzetinin 6 mart tarixli sayında manşet yazısı belə adlanır.


Yazıda bildirilir ki, «2007-ci ilin avqustunda «Mütəfəkkir MTK»-ya məxsus binanın uçması nəticəsində 20-dən çox insan həlak oldu, onlarla insana ciddi maddi və mənəvi ziyan dəydi. Bu günə qədər də sakinlərə bildirirlər ki, yalnız məhkəmə yekunlaşandan sonra onlara kompensasiya veriləcək. Bu prosesin davam etdiyi bir ərəfədə maraqlı məlumat almışıq. Belə ki, xəbərə görə, Nazirlər Kabinetinin qərarıyla Murtuza Muxtarov küçəsində «Mütəfəkkir MTK»-nın tikdiyi daha bir «göydələn»ini sökəcəklər. Binanın sökülməsinə səbəb onun təhlükəli olduğu bildirilir. Lakin maraqlıdır ki, binanın sökülməsi prosesində sakinlərə dəyəcək ziyanın ödənilməsi barədə heç nə deyilmir. Yalnız şifahi şəkildə vəd verirlər ki, binanın yerində yeniləri inşa ediləcək və o zaman sakinlər evlə təmin olunacaq».


Qəzet yazır ki, bir binanın tikilməsiylə bağlı ən qısa müddət 18 aydır. «Bu on səkkiz ayda sakinlər kirayədə qalmalıdır. Onlara qalmaq üçün dövlət tərəfindən kompensasiya ayrılıb. Kompensasiyanın miqdarı isə çox cüzidir. Sakinlərin bizə bildirdiyinə görə, Nazirlər Kabineti hər bir ailəyə ayda 300 manat kirayə haqqı vermək niyyətindədir. Bu pulla nəinki şəhərin mərkəzində, heç kənarında da normal şəraitli mənzil kirayələmək mümkünsüzdür. Eyni zamanda onu da deyək ki, sakinlər evlərini yüksək səviyyədə təmir ediblər. Elə şəxslər var ki, evlərinin təmirinə 30-40 min ABŞ dolları xərcləyiblər. Onlara bu pulu kimin qaytaracağı məlum deyil».


Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Əli Məsimov «Üç nöqtə»yə bildirib ki, sosial ipoteka veriləcək güzəştli qrupların tərkibi yenidən nəzərdən keçirilməlidir.


«İpoteka kreditləşməsinin dayanmasına səbəb bütün ipoteka kreditləşməsini dövlətin öz üzərinə götürməsilə əlaqədar oldu. Analoji vəziyyətin yaranmaması üçün mükəmməl mexanizm yaradılmalıdır. Hesab edirəm ki, ipoteka kreditləşməsi əhalinin aşağı və orta təbəqəsinin mənzil ehtiyacının qarşılanmasında mühüm rol oynaya bilər. Bir şeyi də unutmaq olmaz ki, ipoteka kreditləşməsi təkcə mənzil üçün deyil. İnkişaf etmiş ölkələrdə ipoteka kreditlərinin müxtəlif növləri var. Onlardan yalnız sosial ipoteka dövlət tərəfindən maliyyələşdirilir. Elə ölkələr var ki, dövlətin güzəştli qrupları tamamilə fərqlidir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG