Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:07

«Saxtalaşdırma seçki günü yox, ondan çox əvvəldən başlayıb»


«ATƏT kimi təşkilatın saxta seçkinin nəticələrini tanımasına mat qaldıq»
«ATƏT kimi təşkilatın saxta seçkinin nəticələrini tanımasına mat qaldıq»

Ermənistan prezidentliyinə namizəd Levon Ter-Petrosyanın «Vaşinqton Post»da məqaləsi çap olunub. O, yazır ki, seçkinin saxtalaşdırılması prosesi seçki günü yox, ondan çox əvvəldən başlayıb.


«Seçki kompaniyası zamanı hökumətin əlində olan mətbuat Brejnev dövründəki kimi biabırçı təbliğatla məşğul oldu. Sonra da hökumət müxalifətçilərin dinc aksiyasını zorla dağıtdı». Amma Ter-Petrosyan yazır ki, «erməni xalqı baş verənlərə təəccüblənmir, çünki xalq Koçaryanla Sarkisyanın demokratiyanı zorlamasına öyrəşib».


Ermənistan müxalifətini təəccübləndirən beynəlxalq aləmin laqeydliyidir. Levon Ter-Petrosyan yazır ki, onlar ATƏT kimi təşkilatın saxta seçkinin nəticələrini tanımasına mat qalıblar. Aksiyaların zorla dağıdılmasına gəlincə, Ter-Petrosyan hesab edir ki, Koçaryan və Sarkisyanın rahatlığının səbəbi var. Qərb Koçaryana eyham vurub ki, beynəlxalq aləmin reaksiyasından narahat olmasınlar.


Ter-Petrosyanın yazdığına görə indi erməni müxalifəti beynəlxalq aləmin laqeydliyinin səbəbini anlamağa çalışır. Onun fikrincə, əldə olan dəlillər məsələni iki cür izah etməyə imkan verir. «Birincisi, Qərbin bəzi nüfuzlu təşkilatları və simaları müsbət dəyişikliklərlə bağlı məlumatlara inanıb və hesab ediblər ki, hökumətin özünü yaxşı aparması üçün kiçik islahatları tərif etmək böyük xətaları tənqid etməkdən yaxşıdır. Amma Ermənistandakı rejimə bələd olanlar belə yanaşmanın absurd olduğunu bilirlər».


Beynəlxalq aləmin laqeydliyinə ikinci səbəb, Ter-Petrsoyanın fikrincə, Qarabağ danışıqlarıyla bağlıdır. «Bəziləri hesab edir ki, Qarabağ məsələsini yalnız Qarabağdan olanlar həll edə bilərlər. Robert Koçaryan da, yeni seçilən Serj Sarkisyan da qarabağlıdır. Həm də onlar Ermənistanda daha mühafizəkar, güzəştə getməyəcək liderlər kimi tanınırlar». Amma Ter-Petrosyan qeyd edir ki, qarabağlı liderlər 10 ildir hakimiyyətdə olsalar da, danışıqları irəli aparmaq üçün çox az iş görüblər. Müəllif onu da yazır ki, «çətin seçim etməli olan lider xalqın etibar elədiyi adam olmalıdır, amma Sarkisyana etibar edən yoxdur. Martın 1-də olanlar, aksiyanın zorla dağıdılması iqtidara olan etibarı itirib».


Müxalifət lideri məqaləsində vurğulayır ki, bütün bunlardan sonra erməni xalqı Qərbin Yerevandakı zorakılığı pisləməsini, seçkiyə yenidən qiymət verməsini istəyir. «Yoxsa erməni xalqı iki arzuolunmaz nəticəyə gələcək. Birincisi qanuni və dinc siyasi mübarizənin mənası yoxdur. İkincisi, qərb demokratiyanın qeydinə yalnız lazım olanda qalır». Levon Ter-Petrosyan belə yazır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG