Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:03

«Azərbaycan sinifdə qalıb»


NATO Azərbaycanla IPAP-ın ikinci mərhələsinə başlayıb

NATO Azərbaycanla IPAP-ın ikinci mərhələsinə başlayıb

NATO Azərbaycanla Fərdi Tərəfdaşlıq və Əməliyyat Proqramının – IPAP-ın ikinci mərhələsinə başlayıb. Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib.


2005-ci ildən həyata keçirilən proqram əvvəlcə iki illik nəzərdə tutulmuşdu. Amma sonra tərəflər növbəti mərhələyə başlamağa qərar verdilər. Azərbaycan tərəfi hazırladığı tədbirlər sənədini payızda NATO-ya göndərib və Brüsselin cavabı ötən həftə - fevralın 22-də gəlib.


Xəzər İbrahim deyir ki, NATO ilə bu proqram çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur: «Nəzərə alınsa ki, birinci mərhələ müvəffəqiyyətlə həyata keçirilmişdi və Azərbaycan qarşısına daha yüksək məqsədlər qoyub, ona görə də ikinci mərhələ daha təkmil olacaq. Hazırda Azərbaycan onun yerinə yetirilməsilə məşğuldur».


Ancaq yerli müşahidəçilər NATO-nun Azərbaycanla fərdi əməkdaşlığına birmənalı yanaşmırlar. Məsələn, Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər deyir ki, adı «ikinci mərhələ» olsa da, əslində, NATO ilə bu proqram çərçivəsində əməkdaşlığın hələ də davam etməsi Azərbaycanın sinifdə qalmasıdır: «Adətən NATO-ya inteqrasiya etmək istəyən dövlətlər inteqrasiyanın ayrı-ayrı mərhələlərini daha sürətlə keçməyə cəhd göstərirlər. Yeganə Azərbaycandır ki, eyni mərhələdə qalmaq istəyir. Çünki İPAP-dan sonra intensiv dialoq və üzvlüyün hərəkət planına qoşulmaq məsələsi gəlir. Azərbaycan da NATO-ya tam üzvlük üçün qərarlı olmadığına görə, münasibətlərdə ayağını sürüyür və ilk dəfədir ki, NATO tarixində İPAP-ın ikinci mərhələsi deyilən sənəd ortaya çıxır».


Əkbər deyir ki, ikinci mərhələdə də NATO-Azərbaycan fərdi tərəfdaşlığı dişsiz olacaq. Çünki Bakının NATO-ya inteqrasiya etmək istəməməsinin iki səbəbindən biri Rusiyadan çəkinməsidirsə, digəri qurum qarşısında daha sərt öhdəliklərdən, məsələn, demokratiya ilə bağlı müdaxilələrdən qaçmaqdır.


Amma «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, fərdi əməkdaşlığın ikinci proqramı NATO-ya üzvlük istiqamətində addımdır və əməkdaşlığı dərinləşdirəcək: «İPAP-ın birinci mərhələsində siyasi və hüquqi islahatlar nəzərdə tutulmurdusa, ikinci məsələdə bu şeylər var. Artıq Azərbaycanın qarşısında konkret islahatlar məsələsi qoyulacaq. Güman edirəm ki, bu mərhələ məsələn, Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında öhdəlikləri kimi yox, real həyata keçiriləcək. Hər halda təcrübə göstərir ki, NATO ilə bütün bu proqramların reallaşmasında imitasiyaya yol verilmir».


Bununla belə, Oruclu deyir ki, proseslərin gedişi NATO-nun apreldə keçiriləcək sammitindən sonra bəlli olacaq.


Əgər bu sammitdə Gürcüstan və Ukraynanın NATO üzvlüyünə yaşıl işıq yandırılsa, onda Azərbaycan tərəfindən alyansa daha sıx əməkdaşlıq barədə konkret qərar qəbul edilməsi zəruri olacaq.


Amma Xarici İşlər nazirinin müavini Araz Əzimov bununla razılaşmır. O, deyir ki. İPAP-ın ikinci mərhələsi NATO-ya üzvlüyü nəzərdə tutmasa da, Azərbaycan üçün əlverişlidir: «Biz normal sürətlə, əsaslı islahatlar apararaq NATO və digər qurumlarla əməkdaşlığı davam etdirməklə inkişafa doğru irəliləyiş əldə etmək üçün çalışırıq. Bu islahatlar kiminsə xoş sözünə, siyasi qiymətinə görə yox, Azərbaycanın maraqlarına görə edilir».


Planın yerinə yetirilməsini müzakirə etmək üçün NATO baş katibinin xüsusi elçisi Robert Simmons martın 7-də Azərbaycana səfər edəcək və ölkə rəsmiləri ilə müzakirə aparacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG