Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

13-ü var, 23-ü də tikilir...


Sakinlər deyir ki, Masallı Olimpiya Kompleksi «maket kimi» dayanıb

Sakinlər deyir ki, Masallı Olimpiya Kompleksi «maket kimi» dayanıb

«Kompleks sanki bir maketdi, dayanıb orda»

«...Bizdə İdman Olimpiya Kompleksi var. O, bizi qane etmir. Elə bir yerdədir ki, ora nəqliyyat çətinliklə işləyir. Elə bil maket kimi dayanıb orda». Masallı sakinləri rayonda tikilmiş Olimpiya Kompleksinin gediş-gəliş üçün münasib yerdə yerləşmədiyini bildirirlər.


Milli Olimpiya Komitəsinin İnformasiya, Nəşriyyat və Əlaqələr İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov isə bu deyilənlərə təəssüflənir: «Ona kimsə maket deyirsə, bu kökündən səhvdir. Bu kompleks idmançıların yetişdirilməsi üçün nəzərdə tutulub».


Komitə rəsmisi komplekslərin mərkəzi yaşayış məntəqələrindən uzaq olması, əhalinin oraya gedib-gəlməsində çətinliklər yaranması ilə bağlı deyilənlər də razılaşmır:


«Komplekslər tikilərkən elə yerlər seçilir ki, orda hər cür şərait olsun. Rayonun lap mərkəzində belə mərkəzlərin inşa olunması kökündən düzgün fikir deyil. Bəzi adamlar elə istəyir ki, hər şey onlara yaxın olsun, lap qapılarının ağzında…»


Masallı Olimpiya İdman Kompleksi (OİK) ötən il istifadəyə verilib. Təxminən 6-7 hektar ərazini əhatə edir. Rayon mərkəzindən 2-3 kilometr aralıda Musaküçə kəndinin lap yaxınlığında, Masallı-Lənkəran yolunun kənarında yerləşir.


«Masallı hesabat günündə necə görünür?»


Mən Masallıda olan gün, yəni fevralın 21-də rayon icra hakimiyyəti 2007-ci ildə görülən işlərlə bağlı hesabat verirdi. Hələ tədbir başlamazdan xeyli əvvəl icra hakimiyyətinin binasına gedən yolların hamısını polis bağlamışdı. Bir qədər sonra öyrəndim ki, polislərin çoxluğu həm hesabat iclası, həm də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rayona gəlişi ilə bağlıdır. İcra hakimiyyətin bir rəsmisilə söhbətdən məlum oldu ki, hər rayon bir nazirə tapşırıldığı kimi Masallı rayonu da Fövqəladə Hallar nazirinə tapşırılıb. Elə buna görə də nazir də rayona icra hakimiyyətinin illik hesabatını dinləməyə gəlib.


«Ən yaxşı idman zalı necə olur?»


Masallı Rayon İcra Hakimiyyəti hesabat verən gün mən də rayondakı idman məktəblərinə, stadionlara baş çəkdim. Getdiyim ilk yer «Azər» İdman Klubu oldu. Mən içəri girəndə 5-6 yeniyetmə güləşçi məşq edirdi. Klubun rəhbəri Şirzad müəllim dedi ki, 10 ildir fəaliyyət göstərən məktəb Avropa çempionu Azər İsayevin adını daşıyır. Ancaq məşq edilən zalın vəziyyəti heç yaxşı deyil.


Şirzad müəllim deyir ki, şagirdləri ilə rayon OİK-nə ildə bir-iki dəfə gedələr, ya getməyələr. Bu da əsasən ölkə səviyyəli yarışlarda olur.


Şirzad müəllim: «Zalımızın uçuq olmağına baxmayın, uğurlarımız da var»
Şirzad müəllim məşq gedən zalı ən yaxşı şəraiti olan zallardan biri adlandır. Ancaq ən yaxşı məşq zalının tavanı iki-üç yerdən üzü aşağı sallanırdı, hər an məşq edənlərin başına uçacaq bir səviyyədə idi. Pəncərələri polietilen örtüklə bağlanmışdı. Güləş zalının yarıdan çoxunu güləş döşəyi tutsa da illərlə rəng görməyən döşəmənin taxtaları bir-birindən o qədər aralı idi ki, burda idmançının hər an zədə almaq təhlükəsi göz qabağında idi.


Yeri gəlmişkən qeyd edək ki, ötən il istifadəyə verilən Masallıdakı OİK-in tikintisinə 17 milyon manat civarında pul xərcləndiyi bildirilir. Kompleks müasir idman qurğularıyla təmin edilib. Burada 30-a yaxın adam daimi işlə təmin edilib.


Rayon Gənclər və İdman İradəsinin rəisi Camal Mananfov deyir ki, idman kompleksi rayon icra hakimiyyətinin yox, «Azpetrol» şirkətinin balansındadır. Bu baxımdan da o, kompleksin necə idarə olunması, bura gündə nə qədər idmançının gəlib-getməsi, kompleksin saxlanmasına hər ay nə qədər vəsait ayrılması barədə suallarıma səmimi şəkildə cavab verə bilməyəcəyini etiraf etdi. Camal Manafov onu da dedi ki, rayondakı idman zallarının da problemi yoxdur, ötən il rayondakı idman zalları müxtəlif avadanlıqlarla təmin olunub: «2007-ci ildə idman zalları, o cümlədən yunan-roma sərbəst güləşi üzrə zallar döşəklə təmin edilib. Eyni zamanda taykvando üzrə tatamilər, cüdo geyimləri də verilib».


Deputat başqa fikirdədir


Ancaq, Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının üzvü, Masallıdan seçilən deputat Elmira Axundova başqa şeylər söyləyir. Millət vəkilinə görə, Masallıda OİK olsa da rayon mərkəzində, qəsəbələrdə, kəndlərdə idman zalları, idman məktəbləri çox pis haldadır:


«Təsəvvür edin ki, mənim deputat seçildiyim dairədəki 40-a yaxın məktəbin əksəriyyətində idman zalları yoxdu, varsa da çox bərbad vəziyyətdədir. Hətta elə məktəblər də var ki, onlar adicə futbol, voleybol topuna həsrətdirlər».


Masallı Olimpiya İdman Kompleksdə olanda çox sakitlik idi, ancaq kompleksin direktorunun dediyinə görə, mən gələ kimi burda çox idmançı olub. Gündəlik isə müxtəlif idman növləri üzrə kompleksə 100-ə yaxın adam gəlir. Sonuncu dəfə burda ən çox adam ötən ilin dekabrında olub. Rayon Gənclər və İdman İdarəsinin illik hesabatında qeyd olunduğuna görə, həmin vaxt bu kompleksdə Masallı güləş məktəbinin yaradıcısı, əməkdaş məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə şəhərlərarası turnir keçirilib. Qalan günlər bu kompleks xidməti işçilərin və bir də bura gələn idmançıların ixtiyarında olur.


Kompleksdəki zallardan, qurğulardan istifadə pulludur. İdmanın növündən asılı olaraq qiymətlər müxtəlifdir. Bura gələnlər ayda 10 manatdan tutmuş 25 manata qədər pul ödəməlidirlər. Məlumata görə fəaliyyətə başladığı gündən kompleksə 100-ə yaxın abunə olub.

Gənclər Olimpiya Kompleksinə getməkdənsə, köhnə zallarında məşq edirlər
Direktoru Manaf Nadirovun dediyinə görə, kompleksdə işləyənlər ayda 100 manatdan 200 manata qədər maaş alırlar.


Müasir tələblərə cavab verən kompleks camaatın imkanlarına uyğun gəlmir


Bir il əvvəl istifadəyə verilməsinə baxmayaraq kompleksdə artıq bəzi problemlər yaranıb. Birinci mərtəbədə gördüyüm ilk problem həndbol meydançasının təmirə dayanması idi. Kompleksdə mənə bələdçilik edənin dediyinə görə, nəmişlik taxta döşəməni xarab etdiyi üçün meydançanın örtüyünü qaldırıblar ki, döşəməni yenidən təmir edib rəngləsinlər.


Digər problem isə şahmat otağında idi. Qapıdan girəndə üzbəüz divarda böyük bir çat yaranmışdı. Üzgüçülük hovuzuyla bağlı da problem var idi. Məsələ ondadır ki, hovuza çimməyə gələnlər az olduğundan onu gündəlik işlətmirlər. Bəlkə də elə buna görədir ki, mənə nə təmirə dayanan həndbol meydançasının, nə də üzgüçülük hovuzunun şəklini çəkməyə icazə verdilər.


Masallıda nəşr olunan «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov kompleksə gedən idmançıların az olmasını bir neçə amillə izah edir. Onun sözlərinə görə, ən birinci amil odur ki, müasir tələblərə cavab verən kompleks yerli adamların, idmançıların imkanlarına uyğun gəlmir.


Millət vəkili Elmira Axundova isə deyir ki, o, əslində hər rayonda Olimpiya Komplekslərinin tikilməsinə də o qədər də müsbət yanaşmır. Düşünür ki, bəlkə bir regionda bir kompleks tikilsəydi bu daha yaxşı olardı. Qalan vəsaitlər qəsəbələrdə, kəndlərdə kiçik idman zallarının qurulmasına, onların müasir avadanlıqlarla təmin edilməsinə sərf edilərdi ki, regionlarda idmanda kütləviliyə nail olunsun.


Deputat bu komplekslərin çox baha olduğunu və fəaliyyət göstərməsi üçün də xeyli vəsait lazım gəldiyini bildirir. O, hesab edir ki, hazırda nə Gənclər və İdman Nazirliyi, nə də rayon icra hakimiyyətləri həmin kompleksləri saxlamaq gücündə deyillər.


Bəs kompleks özünü necə saxlayır, elə 100-ə yaxın abunəçinin ödədiyi pul böyük bir kompleksin saxlanmasına bəs eldirmi? Kompleksi gəzməkdə mənə bələdçilik edənin dediyindən məlum oldu ki, bu mümkün iş deyil. Onu da öyrəndim ki, Masallı OİK-i «Azpetrol» balansında olduğundan kompleksin maliyyə problemi yoxdur. Burda çalışanlar deməsə də onu da öyrəndim ki, kompleksin saxlanmasına, fəaliyyət göstərməsinə hər ay 10 min manata qədər pul xərclənir. Ancaq Milli Olimpiya Komitəsinin rəsmisi Cəmaləddin Rəhmanov bundan xəbərsiz olduğunu deyir: «Bizdə komplekslər müxtəlif səpkilidir. Komplekslər təsərrüfat hesabına fəaliyyət göstərirlər, bəziləri özü-özünü dolandırır, bir də Milli Olimpiya Kompleksi onlara yardım edir».


Böyük bir kompleksin olmasına baxmayaraq söhbətimin əvvəlində dediyim kimi, Masallı idmançıları rayon mərkəzində daha bir idman kompleksinin tikilməsini istəyirlər. Hətta bununla bağlı aidiyyatı ünvanlara müraciət də olunub.


Ancaq rayonda deyirlər ki, bu kompleksin də tikilməsi heç bir şeyi dəyişməyəcək. Əslində buda rayon mərkəzindən kənarda yaşayan idmançıların problemlərini həll etməyəcək.

Masallıdakı «Lallar» çayxanasını digərlərindən fərqləndirən burdakı ab-havadı
«Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov da o fikirdədir ki, Masallıda idmanın inkişafına nail olmaq üçün hansısa yeni bir kompleksin tikintisindənsə mövcud idman məktəblərinin yenidən qurulmasına, təmirinə və onların yeni avadanlıqla təmin edilməsinə ehtiyac var.


«Böyük işlər xırda problemlərin əlində aciz qalıb»


Baş redaktor bununla bağlı sadə bir hesablama da aparıb. Məlum olub ki, bir OİK-in tikintisinə və saxlanmasına çəkilən xərclə rayondakı bütün idman məktəblərini yenidən qurmaq olar: «Masallı rayonunda 35 ərazi vahidi var, misal üçün Olimpiya İdman Kompleksinə ayrılan 17 milyon manatı 35 yerə bölsək hər ərazi vahidinə 500 min manat pul düşür». Zahir Əmənov onu da deyir ki, rayonda böyük işlər xırda problemlərin əlində aciz qalıb. Belə ki, rayonda müasir standartlara uyğun Olimpiya Kompleksi tikilib, amma rayon mərkəzindən ora bir avtobus işləmir ki, gənclər həmin kompleksə gedib-gələ bilsinlər.


Masallı şəhər 1 saylı orta məktəbin riyaziyyat müəllimi Ulduzxan Mirzəyev isə deyir ki, birinci növbədə gənclər üçün iş yerləri olmalıdır, onlar «çörəkpulu» qazanmalıdırlar ki, axırda da idman haqqında düşünsünlər».


«Səbr cənnətin açarıdır!» Lənkəranda «Şəmi parkı» adlandırılan yerdə Veteranlar Klubunun çayxanasına girəndə bu kəlam iri və qırmızı hərflərlə yazıldığından içəri girən kimi həmin yazını görməmək olmur. Bu yazının yanında isə domino, nərd saatı 20 qəpik, çay bir stəkanı 10 qəpik sözləri yazılıb. Masallıda olduğu kimi Lənkəranda da adamların ən çox toplaşdığı yer çayxanalardı. Camaat deyir ki, bölgədəki bütün çayxanaları bir yerə yığsan belə Masallıdakı «Lallar» çayxanasına çata bilməz. Çay hər yerdə eyni çaydı, xidmətdəki o qədər fərqli deyil. Sadəcə, Masallıdakı «Lallar» çayxanasını digərlərindən fərqləndirən burdakı ab-havadı. Cənub bölgəsində adamlarla heç bir yerində edə bilmədiyim söhbəti də mən burada edə bildim.


«İndi Masallı kimə azarkeşlik edir, hansı futbol klubuna, hansı idman klubuna?»- sualım çayxana əhli tərəfindən birmənalı qarşılanmadı.


Adamlar sualımı gülüşlə qarşılayır. «…Masallının 200 min əhalisi var, onun hardasa 10 mini gəncdi, hamısı da hərbi xidmət edib, oxuyub, qayıdıblar rayona hamısı da işsizdi. Məcburdurlar çayxanalara üz tutmağa. Evə gələndə də bekarçılıqdan ata-ana ilə dava edirlər. Rayonlardan bizim prezidentə yalandan məlumatlar verilər ki, hər şey yaxşıdı, nə qədər iş yerləri açılıb. Hərə bir sex tikib, öz qohum-qardaşın götürüb işə… Gənc bədbəxt hara getsin?! Gərək mənim imkanım olsun ki, uşağıma pul verim uşaq o idman kompleksində məşğul olsun. Nə olar rayona ayrılan pullardan bir 10 faizi də şəhərdəki idman məktəblərinə sərf edilsin, döşəməsi-tavanı pis gündə olan güləş zalları nisbətən yaxşı vəziyyətə salınsın. Bütün bunlar üçün 200-300 dollar bəsdi…»


«Bəs rayonun gəncləri indi hardadı, nəylə məşğuldurlar» sualına gəldikdə isə həmsöhbətimin biri bildirdi ki, «üç oğlum var biri əsgərlikdə, ikisi də avara gəzir…»


Masallı Olimpiya Kompleksinin bu zalı təmirə dayanıb
Digər şəxs isə deyir: «Bax mən nə edim, vuruşuram, əlləşirəm, bir neçə hektar pay torpağım var ona sənəd istəyirəm, Məmmədağa atır Cəmilin üstünə, Cəmil atır bələdiyyənin üstünə, bələdiyyə də atır icra hakimiyyətinin üstünə… İcra hakimiyyəti də gah atır torpaq komitəsinin üstünə, gah da deyir get sabah gələrsən. Aldadırlar bizi, hərəmizə bir ip veriblər neçə illərdi gedirəm o ipin dalınca, o ipin uzunluğu nə qədərdir bilmirəm».


Bəs Masallını öz adı və ab-havasıyla bölgədə fərqləndirən çayxana niyə «Lallar» çayxanası adlandırılır. Sən demə bu çayxana Lallar və Karlar cəmiyyətinə məxsusdur, çayxananı işlədənlərin hamısı da lallardı. Ona görə, başqa çayxanalardan fərqli olaraq burda hər şeydən açıq danışmaq olur. Camaat bilir ki, burda deyilənlər heç yerə çıxmayacaq.


Təmir olunan stadionlar və küncə atılmış «Anatoli Banişevski»


Masalıda vaxtilə çoxsaylı azarkeşlərlə ağzına qədər dolu olan mərkəzi stadiona da baş çəkdim. Anatoli Banişevskinin adını daşıyan bu stadionun illərdən bəri tamaşaçı üzünə həsrət qaldığı aydın görünürdü. Oturacaq yerlərini kol-kos basmışdı. «Anatoli Bonişevski adına mərkəzi stadion» yazılmış lövhə isə yarasız dəmir parçası kimi bir küncə atılmışdı. Başa düşmədim ki, Masallıda bundan böyük və daha əlverişli yerdə olan hansı stadionda təmir bərpa işləri aparılıb? Adamlar deyir ki stadionun ətrafındakı torpaqlar yavaş-yavaş satılmaqdadı. Futbol həvəskarları deyir ki, indi onların azarkeşlik etdiyi komanda yoxdu. Rayonda normal stadion olmadığı üçün onlar vaxtilə «Viləş», indi isə «Masallı» adlandırılan yerli futbol klubunun sorağını ordan-burdan eşidirlər.


Əlvida Masallı, Salam Lənkəran


Masallıda olduğu kimi Lənkəranda da OİK var. Bu kompleks də müasir standartlara cavab verir. Qarşısında böyük bir stadion, lap yaxınlığında «Xəzər-Lənkərən» futbol klubunun ikimərtəbəli mərkəzi ofisi yerləşir. Kompleksin yerləşdiyi ərazini idman şəhərciyi də adlandırmaq olar. Bir qədər aralı olsa da «Xəzər-Lənkəran»ın mərkəzi stadionu da bütün idman komplekslərinin yerləşdiyi Sütəmurdov adlanan kəndədir. Bütün bu idman kompleksləri Lənkəran şəhəri qurtarandan sonra başlayır. Lənkəran şəhərilə Sütəmurdov kəndini ayıran eyni adlı çayın üzərindəki dəmir körpünü keçməklə bu idman komplekslərinə getmək olar. Bura da hər hansı avtobus işləmir. Kompleksə ya piyada, ya şəxsi maşınınla, ya da ki taksilə getməlisən. Lənkərandakı OİK də qonşu Masallıdakından çox şeylə fərqlənir. Birinci fərq binanın görünüşündə və quruluşundadı.


İkincisi, bu kompleksin ərazisində idmanla yanaşı, həm də siyasətlə məşğul olmaq olar. Misal üçün elə Lənkəran müxalifəti son dövrlər görüş və mitinqlərini Lənkəran OİK-nin qarşısındakı meydanda keçirir.

Olimpiya Kompleksində məşq etmək üçün idmançılar 25 manat ödəyir
Lənkəran müxalifətçiləri deyir ki, burda aksiya keçirmək onların ürəyincə olmayıb, sadəcə imtina etməklə şəhər icra hakimiyyətinin əlinə bəhanə vermək istəməyiblər. Əslində Lənkərandakı idman kompleksi idmanla məşğul olmaq istəyən şəhər gəncləri üçün də uzaqdır, əlacsızlıqdan burda aksiya keçirən müxalifətçilər üçün də... Lənkəran Olimpiya Kompleksinin istifadəyə verilməsindən çox az vaxt keçsə də burda çalışanlardan birinin dediyinə görə, artıq istilik sistemi bu kompleksdə çoxdan sıradan çıxıb.


«Maştağa» Olimpiya Kompleksinə hovuz lazımdı, hovuz!»


Cənub rayonlarından sonra növbəti baş çəkdiyim yer Bakının Maştağa qəsəbəsindəki eyni adlı Olimpiya Kompleksi oldu. Masallı və Lənkərandakı Olimpiya komplekslərində görmədiyim idmançıları bu kompleksində gördüm. İlk qarşıma çıxanlar məşqdən evə gedən yeniyetmə idmançılar oldu. Məşqdən çıxıb avtobus gözləyirdilər. Həftədə üç dəfə məşqə gələn yeniyetmələrin dediyindən məlum oldu ki, idmanın növündən asılı olmayaraq burda bir aylıq ödəniş 10 manatdır.


Kompleksin içərisində isə əməlli-başlı yarış havası var idi. Karate müəllimi Elçin Haşımovun dediyinə görə, şənbə günləri Maştağa Olimpiya Kompleksi daha qələbəlik olur: «Xeyli çempionlarımız var. Özü də idmançılarımız kompleks tikiləndən sonra çoxalıb. Bilirsiniz çox kompleks yaxşı yerdə bütün kəndlərin ortasında yerləşir».


Məşq edənlərlə söhbətdən o da məlum oldu ki, kompleksdə bəzi çatışmazlıqlar da var. Əsas çatışmayan da üzgüçülük hovuzu ilə bağlıdır. Yeni tikilən əksər komplekslərdə hovuz var burda yoxdur.


Maştağa OİK-in ərazisinin yarıya qədəri və hasarının bir hissəsi, ətrafdakı istirahət guşələrinin çoxu su içərisindədir. Elə buna görə də qəsəbənin hər yerində torpağın sotu üç min dollar olduğu halda, kompleksin ətrafında qiymət 700 dollardan yuxarı deyil.


Hovuz məsələsinə gəldikdə isə Milli Olimpiya Komitəsindən deyiblər ki, ilk tikilən komplekslərin hamısında hovuz problemi var. Onu da bildirdilər ki, bu çatışmazlıq sonradan inşa edilən komplekslərin hamısında nəzərə alınıb.


Bakı da namizəddir…


Olimpiya oyunlarından söz düşmüşkən Bakı 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi yeddi namizəd şəhərlərdən biridir.
Beynəlxalq Olimpiya Komitəsinin açıqladığı namizəd şəhərlər arasında Azərbaycanın paytaxtı Bakıyla yanaşı Qətərin Dakka, İspaniyanın Madrid, Çexiyanın Praqa, Braziliyanın Rio-do-Janeyro, Amerikanın Çikaqo və nəhayət Yaponiyanın Tokio şəhərinin adları da var.


Sonrakı mərhələdə Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlərdə olimpiya oyunlarının keçirilməsi ilə bağlı imkanları araşdıracaq. Bu ilin iyununda beş finalçı şəhər təsdiqlənəcək. Gələn il oktyabrın 2-də isə Danimarkanın paytaxtı Kopenhagendə 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq. Bu hansı şəhər olacaq bu barədə konkret söz demək xeyli çətindir.


Banişevski adına stadionun oturacaqlarını ot basıb
Bəs, Bakı sakinləri şəhərlərinin olimpiya oyunlarına ev sahibliyi edə biləcəyinə necə baxırlar? Sakinlərdən bəziləri doğma şəhərlərinin seçiləcəyi təqdirdə sevinəcəklərini, bəziləri isə problem üzərinə əlavə problem gələcəyini düşünür.


Bəs namizədliyini verən digər şəhərlərin sakinləri Bakının namizədliyi haqqında hansı fikirdədirlər. Namizəd şəhərlərdən birindən Amerikanın Çikaqo şəhərində yaşayan Arzu Kərimova deyir ki, «Çikaqo demək olar ki, hazırdır. Bütün infrastruktur var. Mən Bakının hələ o səviyyədə olduğunu görmürəm. Əgər olimpiada Bakıda keçirilərsə, çox fəxr edərəm. Amma hesab etmirəm ki, Bakı buna hazırdır. Bizim şəhərdə o qədər insanı tutacaq qədər servis yoxdur».


2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi etmək Bakıya qismət olacaq, ya olmayacaq bu 2009-cu ilin oktyabrında məlum olacaq. Xatırladım ki, ki, Olimpiya İdman Komplekslərinin tikilməsi ideyası Milli Olimpiya Komitəsinə, Bakıda Olimpiya oyunlarının keçirilməsi təşəbbüsü isə Bakı Şəhər İcra hakimiyyətinə məxsusdur.


Gənclər və İdman Nazirliyindən aldığım məlumata görə, hazırda Azərbaycanda 13 Olimpiya Kompleksi fəaliyyət göstərir, 23-ü isə tikilməkdədir.


Amma nə Milli Olimpiya Komitəsindən, nə də Gənclər və İdman Nazirliyindən komplekslərin tikintisinə nə qədər pul xərcləndiyini öyrənə bilmədim. Milli Olimpiya Komitəsinin mətbuat katibi Cəmaləddin Rəhmanov bir onu dedi ki, tikinti üçün tender elan edilir, qalib şirkətdə inşaat işlərinə başlayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG