Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18

«Türk əsgəri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox!»


Amerikanın Müdafiə naziri Robert Geytslə və türkiyəli həmkarı Vecdi Gönül

Amerikanın Müdafiə naziri Robert Geytslə və türkiyəli həmkarı Vecdi Gönül

Birləşmiş Ştatlar Türkiyənin İraq əməliyyatlarının çox uzanmasını istəmir. Türkiyəyə yola düşəndə Amerikanın Müdafiə naziri Robert Geyts belə deyib. O, bildirib ki, Türkiyənin əməliyyatları bir neçə gün, ya həftə çəkə bilər, amma aylarla davam edə bilməz. Fevralın 28-də Ankarada keçən görüşlərdə o, də bu barədə danışılıb.


Amma Ankara hələ ki, əsgərlərini İraqdan çıxarmaq fikrində deyil. Türkiyənin Müdafiə naziri Vecdi Gönül deyib ki, türk əsgərləri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox! Vecdi Gönül bildirib ki, əsgərləri boş yerə 26 dərəcə şaxtada saxlamaq niyyətləri yoxdur.


Türkiyə silahlı qüvvələri bir həftədən çoxdur dağlarda kürd yaraqlılarıyla vuruşur. Ankaranın dediyinə görə 1 həftəyə 230 yaraqlı öldürülüb. Türkiyə də 25 əsgərini itirib. PKK terror təşkilatı 100 türk əsgərinin öldürüldüyünü deyir.


Bağdadda narahatdırlar ki, Türkiyənin İraq əməliyyatlarının uzanması ölkənin təhlükəsizliyiylə bağlı problemləri artırar. İraqın Xarici İşlər naziri Hoşyar Zebari belə deyib:


«Biz tələb edirik ki, türk əsgərləri İraqdan mümkün qədər tez çıxsınlar. Biz terrorla və PKK ilə mübarizə aparmaq üçün türk hökumətiylə əməkdaşlığa hazırıq».
Zebari Bağdadda Türkiyənin elçisi Əhməd Davudoğluyla görüşdən sonra belə deyib. Davudoğlu Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın xarici siyasət üzrə baş müşaviridir. Zebariyə cavabında Əhməd Davudoğlu deyib ki, Türkiyənin İraqda apardığı əməliyyatlar regionun, o cümlədən İraqın təhlükəsizliyinə töhfə verəcək:


«Biz hesab edirik ki, bu davamlı əməliyyatlar İraqın suverenliyinə xələl gətirmir. Əksinə, terrorçuların fəaliyyət göstərdiyi bölgələrdə İraqın suverenliyinin bərpasıdır. Burda məqsəd, PKK terrorçularını məhv etməkdir».
Tək Bağdad yox, İraqın Kürdüstan Muxtar vilayətinin rəhbəri Məsud Barzani də Türkiyəyə xəbərdarlıq edir. Barzani deyib ki, türk əsgərləri dinc kürd sakinləri öldürsələr əsgərlərə ciddi müqavimət göstərəcəklər.


İraqda şiələrin lideri Moqtada al-Sadr də deyib ki, Türkiyə əsgərlərini İraqın şimalından çıxarmasa, şiələr ora döyüşçü göndərəcəklər. Bunu Amerikanın «The International Herald Tribune» qəzeti yazır.


Ankarada olan Amerika müdafiə naziri Robert Gates jurnalistlərə deyib ki, Türkiyə anlamalıdır ki, PKK probleminin, terror təhlükəsinin qarşısını yalnız hərbi əməliyyatlarla almaq olmaz. Türkiyənin özündə iqtisadi və siyasi islahatlar aparmaq lazımdır ki, Türkiyə kürdləri arasındakı separatçı hərəkata son qoyulsun.


Amerika Birləşmiş Ştatları Türkiyənin müttəfiqidir və Kürd Fəhlə Partiyasını-PKK-nı terrorçu təşkilat kimi tanıyır. Vaşinqton Ankaraya İraqdan gələn terrorçuların hücumlarının qarşısını ala bilməsi üçün yaraqlılar barədə kəşfiyyat materialları çatdırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG