Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

«Azərbaycan NATO ilə əlaqələrini dəyişməyəcək»


Azərbaycanın 37 hərbiçisi 1999-cu ildən Kosovoda xidmət edirdi

Azərbaycanın 37 hərbiçisi 1999-cu ildən Kosovoda xidmət edirdi

«Azərbaycanın Kosovodakı sülhməramlıları geri çağırmaq niyyəti ölkənin NATO ilə əlaqələrini dəyişdirməyəcək. Bizim əməkdaşlığımız eyni tərzdə davam edəcək». Bunu fevralın 28-də Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirib.


O, deyib ki, hazırda Kosovoda vəziyyət siyasi cəhətdən dəyişib. Belə ki, beynəlxalq sülhməramlı qüvvələrin mandatını təsdiq edən BMT qətnaməsi artıq qüvvədən düşüb buna görə də Azərbaycan oradakı sülhyaratma missiyasına yenidən baxıb.


Nazir müavini onu da bildirib ki, Azərbaycan Kosovo ilə bağlı qərarlarını ölçüb-biçib qəbul edəcək və bu ölkənin beynəlxalq imicinə heç bir təsir göstərməyəcək.


Azərbaycanın 37 hərbiçisi 1999-cu ildən Türkiyə silahlı qüvvələri tərkibində Kosovoda xidmət edirdi. Prezident İlham Əliyev bu yaxınlarda onların geri çağırılması ilə bağlı parlamentə müraciət edib.


A.Əzimov daha sonra deyib: «Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayı bu yaxınlarda iki dəfə artırılıb. Hazırda digər sahələrdə də mümkün yardımların edilməsi nəzərdən keçirilir». Nazir müavini Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə davam edəcəyini vurğulayıb.


Buna baxmayaraq, Azərbaycan NATO çərçivəsində özünə qarşı təhlükəsizlik zəmanətlərindən narazıdır. Əzimov deyir ki, hərbi alyans bu məsələdə ayrıseçkilik edir:


«Biz dəfələrlə NATO tərəfinə müraciət edərək demişik ki, tərəfdaş ölkələrin təhlükəsizlik zəmanətləri NATO üzvlərinin özlərinə tətbiq etdiyi təhlükəsizlik zəmanətlərindən fərqlənir. Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsindəki siyasi imkanlara belə yanaşmaq olmaz. Tərəfdaş ölkələr üzv ölkələrin yerinə yetirdikləri funksiyaları icra edirlər və təhlükə ilə də eyni dərəcədə üzləşirlər».


Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının üzvüdür.



Günün bütün mövzuları

XS
SM
MD
LG