Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:47

Zibilli Bakı…


Bakı meriyası isə hesab edir ki, əvvəlki illərdən fərqli olaraq indi küçələr təmizdir
Bakı meriyası isə hesab edir ki, əvvəlki illərdən fərqli olaraq indi küçələr təmizdir

«Bu küçəni bütün zibillərini mən təmizləyirəm. Saat 12-də bir dəfə, saat 1-də yenə də… Saat 3-də də bir dəfə təmizləyirəm, amma elə bil heç əl dəyməyib. Təmizlik bizim elə bil ağrılı yerimizdir, camaat riayət etmir də»...


Bunu on ildən çoxdur ki, Bakının təmizliyi ilə məşğul olan Sənubər deyir. O, deyir ki, mənzil-istismar sahəsində çalışdığı bu illərdə gördüyü odur ki, küçələri vaxtı-vaxtında süpürüb, təmizləsələr də, yenə də zibillidir ki, zibilli.


Ancaq Sənubərin şikayətli olduğu Bakı sakinləri də şəhərdə yetərincə zibil qablarının olmadığından şikayətləndilər.


«Küçədə yol gedirsən, bir zibilqabı tapmırsan ki, əlindəkini atasan», «Əlbəttə qalaq-qalaq zibil olacaq də, həm camaat zibilləyir, həm də zibili atmağa bir qab tapmırsan», «Camaatdan da çox şey asılıdır, biz küçələri zibilləyən adamlarıq».


Bakı Şəhər Təsərrüfatı İdarəsinin rəhbərliyi isə hesab edir ki, əvvəlki illərdən fərqli olaraq indi küçələrin təmizliyinə xüsusi diqqət yetirilir.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da çıxışlarında bir neçə dəfə şəhərin zibillənməsi məsələsinə oxunub. O, deyir ki, zibili küçəyə atanları görməyə gözü yoxdur. Hesab edir ki, indi şəhərdə kifayət qədər zibilqabı var, adamlarsa zibili həmin qablara yox, yerə atırlar:


«Bakıda zibil qutuları problemi yoxdur, ancaq zibili zibilqutusuna atmaq problemi var. Gedirik, zibilqutusu da yanımızdadır, çəkdiyimiz siqareti ora yox, yerə atırıq, üstəlik onu ayağımızla əzirik də…»


Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudov isə deyir ki, problemin qarşısının alınmasının bir yolu var, o da məişət tullantılarının emalı zavodunun tikilməsidir:


«Yoxsa həmişə belə olacaq. Bizdə də emal zavodları tikilsə və camaat həvəsləndirilsə ki, zibili həmin zavoda vermək lazımdır, bu problem tezliklə aradan qalxar. Təsəvvür edin, sonradan bir neçə belə zavod tikilərsə, əsl rəqabət yaranar. Ən yaxşı yol budur».


Ekoloq deyir ki, indi zibillərin emalı zavodunun tikilməsi haqda fikirlər var. Ancaq həmin zavodda məişət tullantılarının emalı yox, yandırılması nəzərdə tutulur ki, bu da ekoloqları narahat edir.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, tullantıların insan sağlamlığı üçün necə ziyanlı olması haqda az qala hər ay çıxış edir. Ancaq şəhərin mərkəzindən başqa kənar hissələr yenə zibillidir ki, zibilli…


Bakıda məişət tullantıları, yəni zibil emalı zavodunun tikintisi haqqında çoxdan söhbət gəzsə də, bu iş hələ reallaşmır. Bakı Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, bu zavodun nə vaxt tikiləcəyi, nə vaxt istifadəyə veriləcəyini heç onlar da dəqiq bilmirlər.


İqtisadi İnkişaf Nazirliyindən isə deyirlər ki, belə bir layihə var və onun yaxın gələcəkdə reallaşacağı gözlənilir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG