Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:24

«Pullu tibbi xidmətin ləğvi yanlış qərardır»


«Bu vaxta qədər bütün dərmanları özüm almışam»
«Bu vaxta qədər bütün dərmanları özüm almışam»
Fevralın 1-dən dövlət büdcəsindən maliyyələşən bütün tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmət pulsuzdur.

Bəs, xəstəxanalar buna hazırdırmı? Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli deyir ki, nazirlik xəstəxanaları 60 adda dərmanla təmin edir. Tibb ocaqlarının çağdaş avadanlıqlarla təmin edilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün də davamlı işlər görülür. Ancaq hələlik xəstəxanalara verilən preparatların çeşidinin artırılması planlaşdırılmır: «Pullu tibb xidməti ləğv ediləndən sonra xəstəxanalara axın artıb. Əlbəttə ki, xəstəxanaların təchizatı da artmalıdır».


«Pulsuzdur deyən, nə adama baxan var, nə də dərdini soruşan»


Azərbaycanda tibb xidməti keçmiş Səhiyyə naziri, korrupsiyada təqsirləndirilərək 11 il azadlıqdan məhrum edilmiş Əli İnsanovun rəhbərliyi dönəmində ödənişli əsaslara keçmişdi. O zaman Səhiyyə Nazirliyi ambulator müalicə müəssisələrində, xəstəxanalarda vətəndaşlara göstərilən tibb xidmətləri üçün vahid qiymətlər təyin etmişdi. Artıq tibb müəssisələrinin qəbul otaqlarından asılan qiymət cədvəlləri gözə dəymir. İndi bütün poliklinika və xəstəxanaların az qala şöbələrinin divarlarına Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı pullu tibbi xidmətin ləğv edilməsilə bağlı qərar vurulub. Vətəndaşlar isə deyirlər ki, bircə qərarla səhiyyədə illərdən bəri kök salmış rüşvətxorluğun kökünü kəsmək mümkün deyil:


- Pulsuzdur deyən, nə adama baxan var, nə də dərdini soruşan. Qərar qəbul olunub, ancaq həkimlər, tibb bacıları buna əməl etmirlər.


Həkimlər isə tibb müəssisələrinin təchizatının çox zəif olmasından şikayətçidirlər. Onların sözlərinə görə, pulsuz tibb xidməti haqda qərar veriləndən sonra çıxılmaz durumda qalıblar. Bakı xəstəxanalarından birində çalışan uroloq Fəxri Əzizov:


- Heç bir ləvazimat yoxdur. Qabaq xəstədən bir parça çörək üçün pul ala bilirdik. İndi o da yoxdur. Xəstəxananın aptekinə dərmanlar verilir, aptek də dərmanları paylaşdırmalıdır. Ancaq bizə heç nə gəlib çıxmır. Qabaq xəstəyə deyirdik, nəyə imkan çatır, verin, indi o sözü də deyə bilmirik.


Stomotoloji poliklinikalardan birində çalışan Fatimə Kərimli də deyir ki, həkim işlədiyi 6 ildə poliklinika ona nə bir şpris, nə də bir bağlama pambıq verib:


- Bu vaxta qədər bütün dərmanları özüm almışam. İndi də deyirlər ki, xəstələrə pulsuz baxın. Ancaq dövlət fikirləşirmi ki, 33 manat maaş alan həkim bu pula ailə, uşaq saxlaya bilər, ya yox? Aylıq kommunal xərclər ondan artıq gəlib çıxır. Ancaq xəstələr həkimlə elə tonda danışırlar ki, sanki həkimin ona borcu var. Deyirlər ki, baxmasaz, sizdən şikayət etmək hüququna malikik. Ancaq duşunmur ki, həkim buna niyə can yandırmalıdır? Həkim ruhlandıran bir səbəb varmı? Polislərin, prokurorların maaşı kimi həkimlərin də məvacibini yükək etsələr, həkimlər də öz borclarını həvəslə yerinə yetirərlər.


Səhiyyə Nazirliyinin xəstəxanalara göndərdiyi və həkimlərin sözlərinə görə, çox zaman nəinki xəstələrə, heç həkimlərin özlərinə də çatmayan preparatlar yalnız ilkin tibbi yardım üçündür. Həkim-travmatoloq Kamil Cəfərli:


-60 adda dərman yalnız ilkin tibbi yardım üçündür. Bu sırada müalicə üçün preparat yoxdur. 3 min addan yuxarı dərman var.


Xəstələr deyirlər ki, pullu tibb xidməti ləğv ediləndən sonra pasientlərlə həkimlərin mübahisəsi ən çox cərrahiyyə əməliyyatları zamanı yaranır. Xəstə tələb edir ki, həkim heç olmasa, ondan dərmanların pulunu almasın, həkim isə deyir ki, əl altında olan dərmanlar çox azdır, olanlar isə işə yaramır.


«Pullu tibb xidmətinin ləğv edilməsi özəl klinikaların pasientlərini artırıb»


Xəstəxanaların baş həkimləri də təchizatın olduqca aşağı səviyyədə olmasından gileylidirlər. Onların sözlərinə görə, illik büdcədə xəstəxanaların dərman ləvazimatları və avadanlıqlarla təchiz olunmasından çox təmir-tikinti işlərinə pul ayrılır. Baş həkimlər bildirirlər ki, Səhiyyə Nazirliyi təmir-tikinti işlərində xəstəxanalara sərbəstlik vermir. Ayrılan məbləğ konkret təmir-tikinti idarələrinin hesabına köçürülür, baş həkimlərə isə köçürülən vəsait üçün qaimələri imzalamaq qalır. Baş həkimlərin sözlərinə görə, bəzən xəstəxanaya konkret preparatların verilməsi üçün Səhiyyə Nazirliyinin Təchizat və İnnovasiya İdarəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq dərmanları ala bilmirlər. Xəstəxanadakı jalüzlərin, metlaxların ildə bir neçə dəfə dəyişdirilməsində isə heç bir problem yoxdur. Paytaxt poliklinikalarından birinin baş həkimi Vəfa Sadıqova:


- Büdcə təşkilatlarının təminatı hərtərəfli deyil. Bu ilin smetası hələ tutulmayıb.


Sadıqovanın sözlərinə görə, pullu tibb xidmətinin ləğv edilməsi özəl klinikaların pasientlərini artırıb:


- Həkim xəstəyə deyir ki, tibb xidməti pulsuzdur, ultrasəs müayinəsindən keç, sonra diaqnozu dəqiqləşdirək. Xəstə də deyir ki, pulsuz USM, həkim məni necə yaxşı müayinə edə bilər? Üz tutub özəl klinikaya. Xəstələr pulsuz tibb xidmətinin keyfiyyətinə inanmırlar.


Müşahidələrimiz göstərdi ki, dövlət xəstəxanalarında pullu tibb xidmətinin ləğv edilməsi haqda qərar səhiyyə sistemindəki gərginliyi bir qədər də artırıb. Həkim Kamil:


- Bu, bütünlüklə yanlış qərardır. Qərar onsuz da işləməyəcək. Qərarı verən məmurlar yaxşı bilirlər ki, səhiyyə sistemində dəyişikliklər etmək üçün hansı addımlar atılmalıdır. Onlar bilərəkdən xalqı hakimiyyətdən narazı salırlar.


Həkimlər bir qayda olaraq bildirirlər ki, tibb işçilərinin sosial müdafiəsini gücləndirmədən pullu tibb xidmətinin ləğv edilməsi tələsik atılmış addımdır. Bununla bağlı hökumət qarşısında məsələ qaldırmaları üçün onlar baş həkimlərə müraciət də ediblər.


«Yəqin ki, bu qərar bir-iki ay çəkər»


Məsləhətləşmələrdən sonra tibb müəssisələrinin başçıları tabeliklərində olan işçilərə bildiriblər ki, hökumət inflyasiya həddinin bir qədər də yüksəlməməsi üçün səhiyyə işçilərinin əmək haqlarının kəskin artımına ehtiyac görmür. Bu, indiyə qədər olduğu kimi mərhələlərlə baş verəcək. Bəs, əgər doğrudan da həkimlər dedikləri kimi durumdan narazıdırlarsa, nədən etiraz etmirlər? Fəxri Əzizov deyir ki, həkimlərin baş verənlərə aşkar etiraz etməmələrinin kökündə onların iş yerini itirmək qorxusu dayanır:


- Heç kim tərpənmir. Deyə bilmərəm, axırı nə olacaq.


Yəqin ki, bu qərar bir-iki ay çəkər. Heç kim özünü pis etmək, iş yeri üçün potensial təhlükə yaratmaq istəmir. Yəqin ilk addımı baş həkimlər atmalıdırlar ki, həkimlər də onların dalınca getsinlər.


Son dörd ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər dörd dəfədən çox artırılıb. İqtisadçı Azər Mehtiyevin sözlərinə görə, ilbəil müşahidə olunan artımlar belə, hələlik Azərbaycan vətəndaşlarının normal tibb xidməti ilə təmin olunmasına imkan yaratmır:


- Bu artımlar səhiyyədəki problemlərin aradan qaldırılması üçün yetərli deyil. Dövlət hər bir şəxs üçün ildə 45 manat səhiyyə xərci ayırır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə isə elementar tibb xidməti üçün hər bir şəxsə ildə 150 ABŞ dolları gərəkdir.


Apardığımız müşahidələr göstərir ki, bəzən bir tibb müəssisəsində 8 USM həkimi, 6 stomotoloq, 4 travmatoloq çalışır. Belə hallar xüsusən poliklinikalarda müşahidə olunur. İki növbəli iş qrafikində çalışan poliklinikalarda bir növbə üç, bəzən dörd həkim arasında bölünür. Azər Mehtiyev deyir ki, ştat cədvəlindəki belə sıxlıq sonda səhiyyəyə ayrılan xərclərin daha çox əmək haqqı ödənişinə yönəlməsinə gətirib çıxarır:


- Dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin 70 faizə qədəri tibb personalının əmək haqlarının ödənilməsinə yönəlir. Bununla belə, səhiyyə işçilərinin maaşı orta aylıq əmək haqqının yarısına bərabərdir. Çox cüzi bir məbləğ maddi-texniki bazanın təkmilləşdirilməsinə ayrılır, vəsaitin əsas hissəsi dərmanların alınmasına yönəlir. Səhiyyə müəssisələrində tikinti işlərini də nəzərə alsaq, görərik ki, tibb müəssisələrinin təchizatı olduqca aşağı səviyyədədir.


İndiki halda durumu gərginləşdirən daha bir məqam həm də Səhiyyə Nazirliyinin xəstələrin xəstəxanalara qəbulunun təcili və təxirəsalınmaz hallarda mümkünlüyü haqda qərar qəbul etməsidir. Ambulator müayinə üçün isə vətəndaş qeydiyyatda olduğu poliklinikalara müraciət etməlidir. Başqa sözlə, daha xəstələr dövlət xəstəxanalarına sərbəst müraciət edə bilmirlər. Bunun üçün onların əlində qeydiyyatda olduğu poliklinikanın göndərişi olmalıdır. Belə çıxır ki, indi xəstələr bir deyil, iki dəfə rüşvət vermək məcburiyyətində qalıb. Çünki hətta paytaxtın mərkəzi hissələrində yerələşən poliklinikalarda belə laboratoriyalar sovet dönəmindən qalma avadanlıqlarla çalışır, bəzi yerlərdə heç USM avadanlıqları yoxdur. Belə olan halda, xəstə dəqiq diaqnoz üçün poliklinika həkimi ilə anlaşmalıdır ki, həkim ona xəstəxanaya göndəriş versin.


Azər Mehtiyev isə deyir ki, bu, əslində vətəndaşların hüquqlarını pozmaq deməkdir. Çünki qanunla vətəndaş tibb müəssisəsini və müalicə həkimini seçməkdə azaddır.


Bu səbəbdən çoxları müayinə və müalicə müəssisəsi kimi özəl klinikalara üz tutur. Ancaq dövlət müəssisələrində çalışan həkimlər özəl klinikaların heç də hamısının keyfiyyətli səhiyyə xidməti göstərmədiyini düşünür:


- Özəl klinikalar daha çox orta təbəqəni soymaq üçündür.


Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG