Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41

Kosovo həftəsi


Əksər dövlətlər belə mövqe tutur ki, Kosovo presedenti universal xarakter daşımamalıdır

Əksər dövlətlər belə mövqe tutur ki, Kosovo presedenti universal xarakter daşımamalıdır


Son bir həftəni sözün əsl mənasında Kosovo həftəsi adlandırmaq olar. Bu kiçik diyar öz siyasəti ilə bütün dünyaya ziddiyyətli məqamlar yaşatdı. Ölkələr Kosovonun müstəqilliyinə münasibətdə müxtəlif qruplara bölündülər və bu qruplaşma bu günə qədər davam edir. Hadisə prinsipcə qəfil xarakter daşımırdı. Artıq çoxdan Kosovonın bu addımı atacağı gözlənirdi. Növbəti dəfə beynəlxalq hüququn iki prinsipi – dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi qarşı-qarşıya gəldi. Üstünlük nəyə veriləcək? Dünya dövlətlərinin hamısı Kosovonun müstəqilliyini tanıyacaqmı? Bu hadisə ilə bağlı suallar çoxdur. İndi məsələ dövlətlər üçün iki aspektdən maraq kəsb edir. Birincisi, hadisəyə münasibət və ona adekvat reaksiyadır. Heç də bütün dövlətlər Kosovonun müstəqilliyini tanımaq fikrində deyillər. Hətta Avropa dövlətləri bu məsələyə münasibətdə iki cinaha bölünüblər. Bəzi dövlətlər indidən Kosovonun müstəqilliyini tanımayacaqlarını bildirir, digərləri isə vəziyyəti diqqətlə və sakitcə öyrənməkdədirlər. Məsələ bundadır ki, separatizm təkcə keçmiş sosialist düşərgəsinə aid olan dövlətlərin problemi deyil. Bu problemdən digər dövlətlər də, o cümlədən güclü Avropa dövlətləri də əziyyət çəkirlər. Elə burada problemin ikinci aspekti özünü təzahür etdirir. Bu da hadisənin universal presedentə çevrilə bilməsidir. Dövlətlərin əksəriyyətini məhz bu aspekt narahat edir. Amma bu məsələdə əksər dövlətlər belə mövqe tutur ki, Kosovo presedenti heç də universal xarakter daşımamalıdır. Demək olar ki, ancaq Rusiya bu hadisənin digər münaqişələrə də tətbiq oluna bilinməsindən danışır. Ən çox narahatlıq yaradan məqam da məhz budur və bu narahatlığı daha çox keçmiş sovet respublikaları yaşayırlar.


Kosovo müstəqilliyini birtərəfli qaydada elan edəndən sonra Ermənistanın ritorikasında artıq müəyyən dəyişikliklər baş verib. Ermənistan yenidən münaqişənin onunla Azərbaycan arasında deyil, Azərbaycanla Dağlıq Qarabağ arasında baş verməsindən danışır. Əslində, bu, tanış siyasi ritorikadır.


Kosovo müstəqilliyini birtərəfli qaydada elan edəndən sonra Ermənistanın ritorikasında artıq müəyyən dəyişikliklər baş verib
Əvvəllər də Ermənistan dünya birliyini inandırmağa çalışırdı ki, guya o münaqişə iştirakçısı deyil. Amma bu tezisi belə bir fakt inkar edir ki, danışıqlar məhz Ermənistanla Azərbaycan arasında gedir. Sözsüz ki, baş vermiş hadisə Ermənistana müəyyən üstünlüklər verir və onları ruhlandırmaq iqtidarındadır. Onlar Kosovoya olan münasibətin Dağlıq Qarabağa da şamil olunacağını güman edirlər. Bəs bu gümanların nə qədər əsası var?

Ən böyük təhlükə özünü Rusiyanın davranışında təzahür etdirə bilər.Amma Rusiya da bəyanatlarında Dağlıq Qarabağın adını çəkmir, ara-bir Cənubi Osetiya və Abxaziya münaqişələrinə toxunur. Amma bunlar da daha çox bəyanat xarakteri daşıyır. Məsələ bundadır ki, Rusiyanın bu addımı atması onun Cənubi Qafqazdakı bütün dayaqlarını itirməsi ilə nəticələnə bilər. Qafqaz respublikaları Rusiyadan hələ bir geosiyasi amil kimi imtina etməyiblər. Son vaxtlar Gürcüstan–Rusiya münasibətləri gərginləşmişdi.


Amma növbəti dəfə prezident seçiləndən sonra Mixail Saakaşvili bəyan etdi ki, onun hakimiyyəti dövründə buraxılan ən böyük səhv Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsidir. Bu, Rusiyaya yönələn barışıq bəyanatı idi.Güman ki, bu bəyanat Rusiyanın diplomatik dairələrində nəzərə alınacaq.


Azərbaycana gəldikdə isə bu dövlət hələ ki, Qərblə Rusiya arasında balans saxlamağa nail ola bilir. Rusiya ilə münasibətlər ideal olmasa da, hər halda siyasi baxımdan təhlükəsiz vəziyyətdədir. Rusiyanın da mövqeyində fərqli cəhətlər özünü göstərir. Rusiya Qarabağ münaqişəsinə Abxaziya və Cənubi Osetiya münaqişələrindən fərqli yanaşır. Amma çətin ki, Kosovo presedenti Abxaziya və Cənubi Osetiya münaqişələrinə də şamil olunsun. Böyük ehtimalla Rusiya bu addımı atmayacaq, çünki Gürcüstanı da özündən asılı vəziyyətdə saxlamaq Rusiyanın maraqlarına daha çox cavab verir. Əks təqdirdə Abxaziyanı və Cənubi Osetiyanı itirmiş Gürcüstanın bircə yolu qalacaq – bu da sürətlə Avroatlantika məkanına inteqrasiya olunmaqdır.


Bu perspektiv isə Rusiyanın milli maraqlarına qətiyyən cavab vermir, çünki belə olan təqdirdə NATO artıq Rusiyanın cənub sərhədlərinə qədər gəlib çıxacaq və Rusiyanı Cənubi Qafqaz respublikaları ilə bağlayan əsas tellər kəskin şəkildə sarsılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG