Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:31

«Azərbaycanda Xalq Cəbhəsi yaranmalıdır»


«İqtidar cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində yarım addım da irəliyə getməyib»
«İqtidar cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində yarım addım da irəliyə getməyib»

«Yeni Müsavat» qəzetinə müsahibə verən «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov deyir ki, Azərbaycanda Xalq Cəbhəsi yaranmalıdır. Onun sözlərinə görə, iqtisadi böhran ölkəni fəlakətə aparacaq: «Azərbaycan cəmiyyətində çox böyük narazılıq var. Ölkədə yaranmış vəziyyətin həqiqətən də analoqu yoxdur».


Namazov deyir ki, iqtidar cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində yarım addım da irəliyə getməyib. Əksinə, bir çox problemlər daha da böyüyür: «Ona görə də sosial narazılıq get-gedə artır. Hakimiyyətin ən böyük yanlışlığı ondan ibarətdir ki, əhalini sıxan problemləri həll etmək əvəzinə, bu problemlər haqqında danışan siyasi müxalifəti, müstəqil adamları əzməyə çalışır. Əminəm ki, prezident seçkisində bu böyük sosial narazılıq hakimiyyətə son dərəcə ciddi problemlər yaradacaq».


Namazov bildirir ki, Azərbaycanın gələcəyi ilə bağlı çox böyük narahatçılıq var: «2011-ci ildən sonra neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayacaq. Azərbaycan iqtisadiyyatının neftdən asılılığı SSRİ-nin vaxtilə neftdən və qazdan asılılığından üç dəfə çoxdur».


«Azərbaycanda bu avtoritar xan rejiminin getməsi üçün böyük təbəqələrin konsensusu lazımdır. Prosesə geniş təbəqələri cəlb etmək lazımdır. Faktiki olaraq Xalq Cəbhəsinin yeni bir modelindən söhbət gedir. Dünya tarixində Xalq Cəbhələri adətən müstəqilliyi əldə etmək üçün yox, avtoritar rejimin hökm sürdüyü müstəqil ölkədə həmin rejimi siyasi səhnədən uzaqlaşdırmaq üçün yaradılırdı. Hamıya elə gəlir ki, Xalq Cəbhəsi artıq öz missiyasını yerinə yetirdi və tarixin arxivinə getdi. Ancaq dünya təcrübəsi də onu deyir ki, Azərbaycanda Xalq Cəbhəsinə zərurət var», - deyə E.Namazov vurğulayır.


«İlham Əliyevin seçkisi təhlükədə». «Azadlıq» qəzetinin baş yazısı belə adlanır. Məqalədə deyilir ki, Qərb növbəti seçkinin nəticələrini tanımaya bilər: «Əliyevin real alternativləri yarışdan kənarda qalsalar, nəticələri beynəlxalq birliyə qəbul etdirmək mümkün olmayacaq».


«Azadlıq» yazır ki, Qərbin Azərbaycandakı seçkiyə belə erkən marağı təsadüfi deyil. Regionla bağlı qərarların hazırlandığı dairələrdə Azərbaycanı nəhayət, beynəlxalq standartlara cavab verən ədalətli seçki keçirməyə məcbur etmək qənaəti hakimdir. Buna görə də ölkə rəhbərliyini seçkiyə hələ xeyli qalmışdan zəruri islahatlara inandırmaq xətti götürülüb. Əgər bu təşəbbüslər uğur qazanarsa, hakimiyyət indiki mövqeyindən geri çəkilib, bütün iddialıları qane edəcək əlverişli seçki mühiti formalaşdırmalı və səslərin ədalətli sayılmasına təminatlar yaratmalıdır.


«Alma» qəzetində «Bakı növbəti faciə astanasında» başlıqlı məqalədə deyilir ki, sürüşmə zolağında göydələn tikintisinə başlanılıb: «Paytaxtın Parlament prospektində, Mərkəzi Klinik Xəstəxananın yaxınlığındakı ərazidə üç hündür mərtəbəli binanın tikintisi planlaşdırılıb. Həmin ərazi sürüşmə zolağı olduğundan bunun sonradan növbəti bina uçqunu faciəsi ilə nəticələnməyəcəyinə təminat yoxdur». Bu barədə «Alma» qəzetinə sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, ərazidəki çoxillik ağaclar qırılıb: «Bunun səbəbini öyrənəndə məlum oldu ki, hansısa tikinti şirkəti orada üç ayrı-ayrı hündür mərtəbəli bina inşa etməyə hazırlaşır».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG