Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

Zirzəmi sakinləri…


«Burda heç heyvan da yaşamaz»
«Burda heç heyvan da yaşamaz»

Bakı, Yeni Yasamal, yarımçıq məktəb binasının zirzəmisi...Əllidən çox ailənin yaşadığı bu ünvanı soruşa-soruşa tapdım. Ünvanı tapsam da, adamları tapmaq daha çətin oldu. Heç ağlıma da gəlməzdi ki, iki mərtəbəli yarımçıq binanın metr yarım dərinliyi olan zirzəmisində insanlar yaşaya bilər. Cəbrayıl qaçqını balaca Məhərrəm məni qaranlıq, kif iyi verən, nizamsız elektrik xətləri, kanalizasiya boruları çəkilən dəhlizə, yerin altına dəvət etdi. Dəhlizdə ilk rastlaşdığım Ağdam rayonunun Qaradağlı kəndindən olan bir qadın oldu. Elektrik plitəsinin üstündə vedrədə paltar qaynadırdı. Deyir ki, Qaradağlı kəndindən qonaq gələndə evə dəvət etmirlər. Elə bu qədər danışa bildi…


Qonşu otaqda səs-küy eşidib, qapını döydüm. Otaqda dörd gənc var idi. İçəridə olan avadanlıqlar isə yeddi çarpayıdan, bir güzgü və sınıq-salxaq masanın üstündəki elektrik samovarından ibarət idi. Söhbətdən məlum oldu ki, onlardan biri qonaqdı, qalanları isə zirzəminin yeni sakinləri. Ağdam rayonunun işğal olunmayan kəndlərindən iş dalınca paytaxta gəliblər. Kirayə yer tapmaq üçün paytaxtı xeyli dolaşıblar, sonda bura üz tutublar: «Bir həftədi burda kirayədə yaşayırıq. Nə edək?! Adam məcbur olanda hər yerdə qala bilir».


Yeraltı dəhlizlə irəlilədikcə çox şeylər üzə çıxdı. Məlum oldu ki, bura məcburi köçkünlərin yaşadığı yer kimi tanınsa da, yerin altında bütün rayonlardan adamlar var. Tərtər rayonundakı ev-eşiyini satıb övladının sağalması ümidilə Bakıya üz tutan bir ailə dörd il əvvəl bu ünvana gəlib: «Bizim başqa yerdə yaşamağa imkanımız olmayıb, nəyimiz vardısa uşağın müalicəsi üçün satdıq. Ancaq problemi hələ də həll edə bilməmişik. Biz bura gələndə uşağın dörd yaşı var idi, onda böyrək köçürmək olmazdı, hazırda doqquz yaşı var, ancaq indi də bizim maddi imkanımız yoxdur».


Sakinlər deyirlər ki, yağış yağanda evlərə dolur, işıqlar tez-tez sönür, qaz, kanalizasiya yoxdur.


10-15 il əvvəl bu zirzəmidə özünə yurd-yuva salanlar heç kimə pul ödəməsələr də, sonradan gələnlər bir otağa görə 250-700 dollar civarında pul ödəyiblər. Yəni zirzəmidəki otaqları onlara satıblar. Özü də kənar adamlar yox, elə bu ünvana ilk gələnlər: «Həkim bizə dedi uşağa görə burda yaşamaq olmaz, istədik yerin üstündən bir ev alaq, amma onu bizə qaçqın bir gəlin 10 min dollara dedi».


Zirzəmidə yaşayanlardan başqa bura kim gəlirsə xeyli təəccüblənir: «Həkim çağırırıq deyir, burda heç heyvan da yaşamaz».


Sakinlər deyirlər ki, bir dəfə güclü yağışdan sonra zirzəmi su ilə dolub, hara müraciət ediblərsə kömək edən olmayıb, qonşular yığılıb suyu vedrə ilə daşıyıb çölə töküblər. Adamlar həm də deyirlər ki, onlar çox səs-küy salmağa da qorxurlar. Hesab edirlər ki, buna görə onları burdan da çıxararlar: «Onda nə edərik?!»


Bir müddət əvvəl müharibə nəticəsində, övladını sağaltmaq ümidilə bütöv mülkünü, var-dövlətini itirən insanlar indi də zirzəmini itirmək qorxusuyla yaşayırlar. Bu qorxuya nə vaxt son qoyulacaq, bunu heç kim bilmir.







AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG