Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:30

«Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarları çoxalacaq»


Avropa Məhkəməsinə qədər yerli məhkəmələr Akimovanın hüququnu təmin etməmişdilər

Avropa Məhkəməsinə qədər yerli məhkəmələr Akimovanın hüququnu təmin etməmişdilər

Ötən ilin oktyabrında Avropa İnsan Haqları Məhkəməsi mülkiyyət hüququnun təmin olunmasıyla bağlı Bakı sakini Valentina Akimovanın Azərbaycana qarşı iddiasını təmin etdi. İddiaçının Bakıdakı mənzilini məcburi köçkünlər zəbt etmişdi. Avropa Məhkəməsinə qədər yerli məhkəmələr Akimovanın hüququnu təmin etməmişdilər. 1996-cı ildə keçmiş prezident Heydər Əliyev məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmaması haqqında fərman imzalayıb. İndiyə qədər məhkəmələr oxşar proseslərdə bu sənədi əsas götürürlər. Hüquqşünas Fuad Ağayev isə deyir ki, bu fərman Konstitusiyaya və insan haqlarına ziddir: «Belə görünür bundan sonra yüzlərlə adam öz hüququnu Avropa İnsan Haqları Məhkəməsindən keçməklə təmin edəcək».


«Evsiz Bakılılar» təşkilatının rəhbəri Eldar Əlizadə isə deyir ki, hazırda onların üzvləri olan adamlar məhkəmə sənədlərini Avropa Məhkəməsinə hazırlayırlar. Ancaq bu, çox uzunmərhələli işdir. Əslində, hökumət məcburi köçkünləri evlə təmin etməli, mənzili əlindən alınmış vətəndaşın hüququ isə bərpa olunmalıdır.


Validə Ağayeva 15 ildən artıqdır ki, Yasamalda zəbt etdiyi bir mənzildə məskunlaşıb. Deyir ki, hökumət onu evlə təmin etməsə, burdan çıxmaq fikrində deyil. Məcburi köçkün bildirir ki, bu, nə onun, nə də evini zəbt etdiyi adamın yox, hökumətin problemidir.


Bu yaxınlardasa Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, hazırda minlərlə vətəndaşın mənzilini məcburi köçkünlər tutduğundan onların həmin evlərdən çıxarılması, şəhərciklərdə yerləşdirilməsi üçün dövlət proqramı hazırlanır. Sözügedən Komitənin şöbə müdiri Sənan Hüseynov isə bildirir ki, bu proqramın yaxın illərdə reallaşacağı gözlənilmir.


Hüquqşünaslarsa deyirlər ki, evi məcburi köçkünlər tərəfindən tutulan adamların hüquqları təmin olunmadıqca, Avropa Məhkəməsinin bununla bağlı qərarları çoxalacaq. Bu da ölkəyə yaxşı bir şey vəd etmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG