Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

«Böhtan hakimiyyətin jurnalistlərə qarşı «ən sevimli» silahıdır»


Nicat Hüseynovun bıçaqlanması ilə başlanan 2007-ci il media üçün son dərəcə ağır keçib
Nicat Hüseynovun bıçaqlanması ilə başlanan 2007-ci il media üçün son dərəcə ağır keçib

«Neft milyonları içində kasıb ölkə» - Azərbaycan beynəlxalq aləmə bu cür təqdim olunur. «Sərhədsiz Reportyorlar» təşkilatının son hesabatı bu vəziyyəti müstəqil jurnalistika və müxalifət mətbuatı üçün təhlükəli hesab edir.


Təşkilatın yaydığı hesabatda 2007-ci ildə jurnalistlərin üzləşdiyi problemlər öz əksini tapıb.


Qeyd olunur ki, «Azadlıq» qəzetinin əməkdaşı, hökumətdə korrupsiya faktlarını araşdıran jurnalist Nicat Hüseynovun döyülməsi və bıçaq zərbəsi almasıyla başlanan 2007-ci il media üçün son dərəcə ağır keçib.


Hesabat böhtanı hakimiyyətin jurnalistlərə qarşı «ən sevimli» silahı adlandırır. 2007-ci ildə «Nota Bene» qəzetinin əməkdaşı Fəraməz Allahverdiyevin Daxili İşlər naziri Ramil Usubovu təhqir etməkdə günahlandırılaraq iki illik həbsə alınması vurğulanır. Sənəddə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin məhz peşə fəaliyyətinə görə 8 il yarım azadlıqdan məhrum edilməsi qeyd olunur.


«Sərhədsiz Reportyorlar» xüsusi vurğulayırlar ki, bir qrup jurnalistin - «Yaşar Ağazadənin, Rövşən Kəbirlinin («Müxalifət»), Samir Sədaqətoğlunun, Rafiq Tağının («Sənət») həbsində hökumət «təhqir» alətindən yararlanıb.


Təşkilat bəyan edir ki, ötən ilin sonunda prezidentin əfv fərmanı ilə 11 jurnalistdən 8-i həbsdən azad olsa da, ümumilikdə mətbuat azad fəaliyyət göstərə bilmir.


Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov «Sərhədsiz Reportyorlar»ın bəyanatının Azərbaycanın imicinə xələl gətirdiyini deyir. O, bildirir ki, təşkilat hər il köhnə faktları gündəmə gətirərək Azərbaycan reallığına zidd məlumatlar yayır.


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, bu hesabat Azərbaycan reallığını olduğu kimi əks etdirir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG