Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

İndiyə kimi 2 tondan artıq mənşəyi məlum olmayan ət və ət məhsulları aşkarlanıb


Bakıya gətirilən keyfiyyətsiz ətin kilosu bir vaxtlar 60-70 qəpiyə satılırdı
Bakıya gətirilən keyfiyyətsiz ətin kilosu bir vaxtlar 60-70 qəpiyə satılırdı

Artıq dönər tələbələrin, şagirdlərin, işləyən adamların və s. alternativ qidasına çevrilib. Söhbətləşdiyim dönərxana satıcılarından biri gündə 300-ə yaxın dönər satdıqlarını deyir. Ancaq bu dönərlərin hazırlandığı ətin keyfiyyəti ilə bağlı mediaya sızan məlumatlar alıcılarda narahatlıq yaradır. Məsələ bundadır ki, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin məlumatına görə, bu günə kimi 2 tondan artıq mənşəyi məlum olmayan ət və ət məhsulları aşkarlanıb. İndi xidmət monitorinqlərini rayonlarda da aparmağı planlaşdırır. Səbəbsə paytaxta hansı bölgələrdən keyfiyyətsiz və ölü heyvan ətinin gətirilməsini araşdırmaqdır. Artıq Bakıdan kənarda 19 belə yer aşkarlanıb.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov :


«İctimai iaşə xidmətləri, xüsusilə axşamlar çox aktiv işləyən restoranlar mənşəyi, gigiyenası haqda baytarlıq xidmətinin sənədinin olub-olmamasını yoxlayandan sonra əti almalıdırlar».


Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə deyirlər ki, onlar dönərxanalarda və digər ticarət obyektlərində hər ay monitorinqlər keçirirlər. Son məlumata görə, 6 nəfər haqda cərimə protokolu tərtib olunub, 3 obyektin isə bağlanması haqqında qərar çıxarılıb.


Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, dönərxanalarda, eləcə də digər ictimai iaşə obyektlərində satılan ətin rayonlardan gətirilib-gətirilməməsini yoxlamaq onların deyil, Baytarlıq Xidmətinin işidir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli isə yararsız ətin rayonlardan gətirilməsi fikrini əsassız sayır, bunun bir qrup işbazın əməli olduğunu deyir.


Bakıya gətirilən keyfiyyətsiz ətin kilosu bir vaxtlar 60-70 qəpiyə satılırdı. Adi bazarlarda isə hazırda mal ətinin bir kiloqramı 5 manatadır.


Gigiyena və Epidemiologiya Mərkəzi toyuq dönərinin satışına qadağa qoysa da, bəzi dönərxanalar hələ də buna riayət etmir.


Bakıda fəaliyyət göstərən 145 dönərxananın bir neçəsi bağlansa da, sonradan nöqsanlarını düzəldənlər yenidən fəaliyyətə başlayıblar. Amma təkcə dönərxanalarda deyil, elə restoranlarda da hələ də əhaliyə keyfiyyətsiz, bəzənsə təzə ət adı altında ölü heyvan əti verənlər var. Belələrini isə ya obyektlərinin bağlanması, ya da cərimələnməsi gözləyir. Görünür, bu məbləğ gündə 1 manatdan 300-ə yaxın dönər satan üçün bir o qədər də böyük pul deyil. İnzibati Xətalar Məcəlləsinə əsasən bu cür yararsız mal satanlar şərti maliyyə vahidinin 20-50 misli miqdarında cərimə olunurlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG