Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:59

Azad seçki, yoxsa hakim iradənin rəsmiləşdirilməsi?


«Azadlıq» bloku hələ seçkidə iştirakdan yox, boykotdan danışır

«Azadlıq» bloku hələ seçkidə iştirakdan yox, boykotdan danışır

- Son 4 ildə ölkədə 600 min yeni iş yeri açılıb. Onlardan 450 mindən çoxu daimi iş yerləridir (İlham Əliyev)


- Prezidentimizin sevdiyi bir söz var, analoqu olmayan inkişaf. Hakimiyyəti bu seçkidə anoloqu olmayan sürprizlər gözləyir ( Eldar Namazov)


- Sən bu vəzifədən ötrü ədalətə xəyanət etmisənsə, bu vəzifənin mənim üçün əhəmiyyəti yoxdur (Lalə Şövkət)


- Azərbaycan nə bir ailənin nəzarətində olacaq, nə də bir-iki ailənin mübarizə meydanına çevriləcək ölkədir (İsa Qəmbər)


- Partiya sədrləri də, QHT-lər də, jurnalistlər də ağlını, qabiliyyətini, qələmini şərin ixtiyarına verməməlidir (Əli Kərimli)


- Biz problemlərin həlli istiqamətində hakimiyyətlə də açıq dialoqa hazırıq (Fazil Qəzənfəroğlu)


- Bu saat mən heç nə deyə bilmərəm. Bu məsələlərə də münasibət bildirmirəm (Etibar Məmmədov)


Bütün bu sitatlar keçmişdə və indi Azərbaycanda prezident olmaq istəyən şəxslərdən bəzilərinə məxsusdur. İndi bu sitatlar əslində, həmin şəxslərin qarşıdan gələn prezident seçkilərinə bir növ baxışlarının təzahürüdür. Azərbaycanda prezident seçkilərinə 9 ay qalıb və bu vaxt ərzində hər bir ölkə vətəndaşı öz seçimini etməlidir. Artıq bəzi namizədlər də məlumdur və onlar bu marafonda tədricən öz yerlərini tuturlar. Ancaq bəri başdan bir məsələyə xüsusi diqqət yetirilməlidir. İndi Azərbaycanda bir çox ekspertlər düşünürlər ki, bəzi namizədlər və onların təmsil olunduqları düşərgədə rolları şərti xarakter daşıyır. Bu şərtilikləri bilmədən Azərbaycanda baş verən prosesləri tam anlamaq çətindir. Ancaq bu gələcək proseslərə aid bir məsələdir və səbəblərinə keçməzdən əvvəl qayıdaq namizədlərin özlərinə.

«Sabitlikdən rifaha doğru!»


Hakimiyyət seçkiyə vahid namizədlə gedir. Bu namizəd keçmiş prezident Heydər Əliyevin oğlu, indiki prezident İlham Əliyevdir. Əslində, rəsmi kampaniyaya hələ bir müddət qalsa da, artıq onun seçki təbliğatına start verilib. Üstəlik, hakimiyyət qələbəsinə o qədər əmin görünür ki, artıq indidən seçkinin rəsmiyyət xarakteri daşıyacağı haqqında fikirlər səslənir:


- Biz həmin gün seçkiyə rəsmiyyət xatirinə gedəcəyik. Həmin gün bizim bayramımız olacaq…


Bu, Ağcabədi rayonundan olan sıravi Azərbaycan seçicisinin sözləridir. Həmin seçici bunu prezident İlham Əliyev Ağcabədi rayonunda səfərdə olarkən deyib. Əslində, məsələ heç də bir seçicinin seçkinin rəsmiyyət xarakteri daşıyacağını düşünməsi deyil. İş burasındadır ki, qarşıdan gələn seçkiyə belə baxış artıq təbliğata çevrilməkdədir. Bəs hakimiyyəti hələ seçkiyə 9 ay qalmış öz qələbəsinə belə əmin-arxayın edən nədir?



«İlham Əliyev ölkəni sabitlikdən rifaha aparır»
- Prezident İlham Əliyevin şuarı var: Sabitlikdən rifaha doğru! Heydər Əliyev ölkəni xaosdan sabitliyə gətirdi, İlham Əliyev isə sabitlikdən rifaha aparır.

Prezident İlham Əliyevin seçki şuarı ilə bizi Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı tanış etdi. Əslində, müxalifət də bu seçkilərdə hakimiyyətin namizədinin üstünlüklərə malik olduğunu etiraf edir. Ancaq onlar hesab edirlər ki, bu üstünlüklər nə İlham Əliyevin şəxsi kefiyyətləri, nə də bütünlükdə hakimiyyətin uğurları ilə bağlıdır. Müsavat Partiyasının başqanı İsa Qəmbər:


- Hakimiyyətin böyük pulları var. Bu, həm neftən gələn vəsaitin büdcədə cəmləşməsində, həm də korrupsiya ilə qazanılan vəsaitlərdə özünü göstərir. İnzibati resurslar da onların tərəfindədir. Bir də zor. Bu, həm rəsmi, həm də qeyri-rəsmi silahlı dəstələrə aiddir.


«Mən müxalifət liderlərini qərarsız və cəsarətsiz gördüm»


Hakimiyyətdən fərqli olaraq müxalifət seçkiyə vahid namizədlə getmir. Bu düşərgədə 10-a yaxın namizədin olacağı gözlənilir. Baxmayaraq ki, 3 müxalif partiyanın birləşdiyi «Azadlıq» bloku hələ seçkidə iştirakdan yox, boykotdan danışır. Üstəlik, müxalif düşərgədə ciddi fəaliyyət də müşahidə edilmir. Əvvəlcə, müxalifətin getdikcə zəifləməsinin səbəblərini anlamağa çalışaq. Bakı Siyasi Təsir və Araşdırma Mərkəzinin rəhbəri İlqar Məmmədov müxalifətin getdikcə zəifləməsinin iki başlıca səbəbini görür. Onun fikrincə, bu, həm hakimiyyətin repressiv tədbirlərini artırmasından, həm də müxalifətin müasir mübarizə üsullarına yiyələnməməsindən irəli gəlir. Beləliklə də hər seçkidə məğlubiyyətdən sonra aparıcı müxalifət partiyalarının sıraları seyrəlir. Son parlament seçkisindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edən Ramin Hacızadə:


- Müəyyən mənada çəkinənlər də var, qorxub müxalifəti tərk edənlər də. Amma bu, məndə başlıca rol oynamayıb. Mən tutulmuşam da, haqqımda məhkəmə qərarı da var. Əsas məsələ məndə inamsızlığın yaranması oldu. Mən müxalifət liderlərini qərarsız və siyasi mənada cəsarətsiz gördüm.


Ramin Hacızada Bakı Dövlət Universitetini bitirib. İşsizdir, yataqxanada yaşayır və hələ evlənməyib. Deyir ki, müxalifəti tərk etməsinin başlıca səbəbi həyatını yenidən qurmaq istəyi olub. Onda təkcə müxalifət partiyalarının liderlərinə yox, aparıcı Qərb təşkilatlarına da inam itib. Ramin Hacızadənin sözlərinə görə, müxalifəti tərk edən insanlardan bir çoxu özlərinə gün-güzaran düzəltsələr də, o, hələ də işsizdir. Ancaq bununla belə demokratik proseslərdə iştirakını özü üçün itirilmiş dövr adlandırır:


- Gənclərin çoxu mənim kimi yaşamaq uğrunda mücadilə verir. Ancaq arada bizim ömrümüz gedir. Liderlərin hər biri ayrı-ayrı dövrlərdə vəzifələrdə olublar. Onların əksəriyyətinin uşaqları xaricdə oxuyur. Onlar da qalıb mübarizə aparaydılar da? Niyə onlar elə, biz belə?


Ancaq müxalif düşərgədə heç də hamı peşiman deyill. Baxmayaraq ki, onların bir çoxu müxalifətdə qalıb mübarizə apardıqları üçün çox şeylərdən keçməli olublar. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, biologiya elimləri doktoru Nürəddin Məmmədli:



R. Hacızadə: «Mən müxalifət liderlərini qərarsız və siyasi mənada cəsarətsiz gördüm»
- Müxalifətdə olub, hər hansı bir dövlət müəssisəsində işləyib evə çörəkpulu aparmaq müşkül məsələdir. Başqa tərəfdən müxalifətdə olmaq dostlara, qohumlara da problemlər yaradır. Mən Bakıdan Gədəbəyə gedəndə yol üstü Şəmkirdə tələbə yoldaşımla görüşmüşdüm. Onu sonradan işdən çıxartdılar.

Nürəddin Məmmədli ilə söhbəti elə onun evində edirik. Üç otaqlı bu həyət evi keçmiş 1 saylı cəzaçəkmə müəssisəsinin qonşuluğundadır. Məmmədli deyir ki, bu evi elmi fəaliyyətlə məşğul olarkən öz əli ilə tikib. İndi işsizdir. Ancaq 1999-cu ilə qədər Fiziologiya İnstitutunda və Dövlət Ali Attestasiya Komissiyasında çalışıb. Həmin il deməsinə görə, Azərbaycan siyasətinin reallıqları onu seçim qarşısında qoyub. Ya bu iş yerləri, yeni karyeralar, ya da müxalifət:


- Bu gün Azərbaycan reallığı elədir ki, ya namusun yanında durub onun ətəyindən tutmalısan, ya da bəxtiyar olmalısan. Bizim ailə namusun yanında durdu.


Nürəddin Məmmədlinin həyat yoldaşı Mirvari Məmmədli orta məktəb müəllimidir. Ancaq bir neçə ildir xəstələnib yatağa düşdüyündən məktəbdə çalışa bilmir. O, həyat yoldaşının elmi siyasətə dəyişməsini düzgün saymır:


- Mən onda da istəmirdim ki, Nurəddin elimdən getsin. Çünki çox əziyyət çəkib. Mənim özüm də az əziyyət çəkməmişəm. O, 1990-cı ildə Moskvada elimi iş müdafiə edəndə mən uşaqlarla təkbaşıma qalmışdım.


Əslində, indi müxalifət düşərgəsi qarşıdan gələn prezident seçkisinə münasibətdə iki cəbhəyə bölünüb. Seçkidə iştirak edəcəklərini açıq bildirənlər və boykotdan danışıb hələ ki, qərar verməkdə tərəddüd edənlər. Seçkidə iştirakla bağlı qərar verənlərdən biri, ötən prezident seçkisində rəsmi hesablamalara görə, səslərin 13 faizini qazanan Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Ancaq Qəmbər həmin seçkidə qələbə çaldığını bəyan etmişdi. O, hələ də hesab edir ki, hakimiyyət zorakı metodlarla onun qələbəsinin rəsmiləşməsinə imkan verməyib.


Lalə Şövkət Hacıyeva: «Artıq gecdir…»


İsa Qəmbər də boykot tərəfdarları kimi hesab edir ki, ölkədə azad və ədalətli seçkilər üçün şərait yoxdur. Seçki komissiyaları və elektron media hakimiyyətin nəzarətindədir. Sərbəst toplaşmaq azadlığı isə təmin edilmir. Bununla bələ, yenidən prezidentliyə namizəd olan İsa Qəmbərin öz arqumentləri var:


- Avtoritar ölkələrdə seçki müxalifət partiyalarına müəyən imkanlar verir. Televiziyalara çıxa bilirsən, seçicilərlə görüşürsən, mitinqlər təşkil edirsən. Eyni zamanda, mövcud problemlərlə, onun çıxış yolları ilə bağlı ictimaiyyəti məlumatlandırmaqla alternativ qüvvə olduğunu subut edə bilirsən. Biz bundan istifadə etməliyik.


Ancaq boykota üstünlük verən siyasi qüvvələrin də öz arqumentləri var. Milli Birlik Hərəkatının rəhbəri, «Azadlıq» blokunun həmsədri Lalə Şövkət Hacıyeva:


- Seçki şansdır. Heç kim bu şansdan imtina etmək istəmir. Ancaq mən çıxıram televiziyaya xalqa qələbə vəd edirəm. Bu, yalan olacaq. Çünki artıq gecdir. Sonra görəcəklər ki, həmən hamam, həmən tas. Mənim bir kapitalım var. O da xalqın etmadıdır. Mən yalan danışıb, niyə etimadımı itirməliyəm. Onda xalq daha inamsız olacaq.



N. Məmmədli: «Ya namusun yanında durub onun ətəyindən tutmalısan, ya da bəxtiyar olmalısan»
1998-ci ilin prezident seçkilərində müxalifətin böyük bir hissəsi seçkiləri boykot etmişdi. Lalə Şövkət Hacıyeva deyir ki, indi xalq arasında etimadını saxlayanlar məhz o vaxt seçkiləri boykot edənlərdir. Həmin vaxt prezident Heydər Əliyevə alternativ olan və ikinci turun keçirilməsini tələb edən Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov indi tamamilə rəqəbətdən kənara çəkilib:

- Bu saat mən heç nə deyə bilmərəm. Heç bir məsələyə də fikirlərimi bildirmirəm.
Boykot tərəfdarlarının bir arqumentləri də var. Onların ifadəsi ilə desək hakimiyyətin quruluş verdiyi seçki tamaşasında rol almamaq. Ancaq bunun özü də boykot tərəfdarlarının da unudulub, sıradan çıxmasına gətirməyəcək ki? «Azadlıq» blokunun başqa bir həmsədri Əli Kərimli:


- Əlbəttə, hökumət, psevdo müxalifət çalışacaq ki, əsl müxalifəti unutdursunlar. Ancaq bu, yeni ssenari deyil. Əliyevlər hakimiyyəti 14 ildir buna çalışır. Ancaq onlar hakimiyyətlə əməkdaşlıq edən heç bir müxalifət partiyasını güclü bir qüvvəyə çevirə bilməyiblər.


«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, əslində, nə seçkilərə gedən, nə də onu boykot edən siyasi qüvvələr uğur qazanacaqlar. Onun sözlərinə görə, boykot da, iştirak da yalnız tam gücün ortalığa qoyulması zamanı effekt verə bilər. Bu baxımdan ya vahid namizəd, ya da vahid mövqe olmalıdır. O, hamılıqla seçkilərə qatılmaqda müxalifət üçün əlavə üstünlüklər də görür. Azər Rəşidoğlunun fikrincə, bu halda hakimiyyətin maraqları baxımından seçkilərə qatılan bəzi müxalifət təmsilçiləri xeyli zərərsizləşdiriləcəklər. Onun fikrincə, hakimiyyətin ssenarisi üzrə namizədliyini verən bəzi şəxslər həm keçmiş yoldaşlarının vurulmasına, həm bütünlükdə demokratik düşərgənin gözdən salınmasına, həm də sonradan nəticələrin legitimləşdirilməsininə yardımçı ola bilərlər:


- Yəni bu seçkilərdə tək Qərb, hakimiyyətə yaxın qüvvələr yox, elə müxalifətin də böyük bir hissəsi nəticələri tanıyacaqlar.


«Əgər İlham Əliyev həqiqətən qələbə çalacaqsa, onun əllərini sıxacağam»


Əslində, 2003-ü ildə də bəzi müxalif namizədlər prezident seçkilərinin nəticələrini tanımışdılar. Onlar əsasən müxalif partiyalardan bir qrup tərəfdarları ilə ayrılıb özlərinə oxşar adlar altında yeni siyasi təşkilatlar yaradan keçmiş funksionerlər idilər. İndi də vaxtıilə müxalif partiyalardan ayrılan bəzi şəxslərin namizədliyi verilib. Onlardan biri də «Ümid» Partiyasının sədri İqbal Ağazadədir.


Ancaq Ağazadə namizədliyinin hakimiyyətin maraqları baxımından dəyərləndirilməsi ilə razılaşmır:


- Biz kiminsə qələbəsi üçün çalışmırıq, demokratiya və demokratik düşərgə üçün çalışırıq. Gəlin, seçkinin nəticələri ilə bağlı birgə hərəkət edək. Müxalifət bunu bacaracaqmı? 1998-ci ildə müxalifət seçkini boykot etdi. Yalnız Etibar Məmmədov seçkiyə getdi. Hamı deyirdi ki, seçki saxtalaşdırılıb. Bəs Etibar Məmmədov niyə meydanda tək qaldı? Demokratiya yalnız Etibar Məmmədov üçün lazım idi? Hamı gözləməliydi ki, onu necə əzirlər?


İqbal Ağazadə deyir ki, əgər bu seçkilərdə İlham Əliyev həqiqətən qələbə çalacaqsa, onun əllərini sıxacaq. Yox, əgər onun və ya başqa bir namizədin haqqı tapdalanacaqsa, demokratiya uğrunda axıra kimi mübarizə aparacaq.


Daha bir namizəd isə vaxtı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılan, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğludur. Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının, «Müasir Müsavat» Partiyasının sədri Hafiz Hacıyevin, «Ədalət» Partiyasının sədri İlyaz İsmayılovun və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da namizədliyinin veriləcəyi gözlənilir. Hazırda mühacirət həyatı yaşayan eks-prezident Ayaz Mütəllibov və sabiq spiker Rəsul Quliyev Azərbaycana dönə bilmədiklərindən prezident seçkilərində iştirak edə bilmirlər.
E. Namazov: «Hakimiyyəti bu seçkidə anoloqu olmayan sürprizlər gözləyir»
Hətta 2005-ci il parlament seçkiləri ərəfəsində R.Quliyev Azərbaycana gəlməyə çalışsa da, bu, baş tutmadı. O vaxt Quliyevin vətənə dönəcəyinə müəyyən inam olsa da, bu, getdikcə azalmaqdadır.

«Hakimiyyəti sürprizlər gözləyir»


Ancaq hakimiyyət və müxalif partiyalardan əlavə müstəqil düşərgədən də bəzi namizədlərin seçki prosesinə qatılacağı istisna edilmir. İndilikdə müstəqil düşərgədən yalnız «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazovun namizədliyindən bəhs edilir.


Əslində, Eldar Namazovun uzun müddət prezident Heydər Əliyevin köməkçisi vəzifəsində işləməsi müxalif dairələrdə hələ də tənqidi yöndən dəyərləndirilir. O vaxtlar müxalifət hesab edirdi ki, 1995-ci il parlament seçkilərinin saxtalaşdırılmasında Namazovun müəyyən xidmətləri olub. Həmin vaxt müsahibələrinin birində də Eldar Namazov demişdi ki, bizim üçün MDB müşahidəçilərinin nə deməsi, Qərbin nə deməsindən daha vacibdir. İndi Namazov «Milli həmrəylik və demokratik dirçəliş uğrunda» adlı bir xartiya hazırlayıb. Orada o, həm siyasi, həm də iqtisadi amnistiya təklif edir. Eldar Namazov deyir ki, əsas məsələ xalqın demokratik seçki və islahatlar istəyib bu istiqamətdə axıra kimi mübarizə aparmasıdır. O, Qərbin Azərbaycanda demokratiyanı müdafiə etmək istəməməsi ilə bağlı fikirlərlə də razılaşmır. Onun fikrincə, əgər bu vaxta qədər keçirilən seçkilərdə müxalifətdən olan hər-hansı bir namizəd tam və qəti qələbə çalcaydı, Qərb həmin şəxsi müdafiə edərdi:


- Qısa bir müddətə SSRİ kimi avtoritar rejim dağıldı. Nəyə görə? Çünki avtoritar rejimlər çürük olur. Onu çürüdən insan haqlarının olmaması, korrupsiya, məzlumun qazancının əlindən alınmasıdır. Ona görə deyirəm ki, bu hakimiyyəti sürprizlər gözləyir.


«Ac ölkələrdə mötədil islam yox, siyasiləşmiş islam yaranır»


Əslində, seçkilərin taleyini namizədlərin yox, məhz seçicilərin nə düşünmələri daha çox həll edir. Sıravi seçici qarşıdan gələn prezident seçkisinin azad və ədalətli keçiriləcəyinə inanırmı?
- İnamıram Azərbaycanda düzgün seçki olsun. Heç vaxt bu olmayıb. İl-ildən də pis gəlir.
- Mən inanıram.


- Nəticələr indidən məlumdur, kimin seçiləcəyini də hamı bilir.


- Mən seçkilərin demokratik olacağına inanıram. Çünki prosesi beynəlxalq müşahidəçilər izləyəcək.
- Yox, hakimiyyət buna imkan verməyəcək.


- Mən seçkilərin demokratik olacağına inanmaq istəyirəm.


İndi əksər müşahidəçilər hesab edirlər ki, hakimiyyət maşını İlham Əliyevin daha 5 il prezidentliyini təmin edəcək. Çünki komissiyalar hakimiyyətin nəzarətindədir. Sərbəst toplaşmaq və söz azadlığı kobud şəkildə tapdalanır. Əfv fərmanlarının verilməsinə baxmayaraq ölkədə yeni-yeni siyasi məhbuslar yaranır. Əslində, Azərbaycanın yaxın təcürbəsi də belə xoş olmayan təxminlərə yol açır. ATƏT Azərbaycanda son parlament seçkilərinin azad və ədalətli keçirilmədiyini bəyan etmişdi. Bəs hadisələr belə davam edərsə və İlham Əliyev yenidən prezident seçilirsə, ondan sonra nələr olacaq?


Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı:


- Bu yol qüdrətli Azərbaycana gedilən yoldur. Bu yol regionun aparıcı ölkəsinə çevrilən Azərbaycanın dünyaya daha sıx inteqrasiya olunduğu yoldur. Nəhayət, bu yol hər bir vətəndaşı firavan edəcək yoldur.


Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, İlham Əliyevin yenidən prezidentlik kürsüsündə qalması həm əhalinin vəziyyətinin daha da ağırlaşması, həm də demokratik inkişaf yolundan imtina etmək olardı:



A. Rəşidoğlu deyir ki, nə seçkilərə gedən, nə də onu boykot edən siyasi qüvvələr uğur qazanacaqlar
- Bu yoldan imtina Azərbaycanı Rüsiya və İrandan asılı bir vəziyyətə sala bilər. Ona görə də demokratik proseslər qaçılmazdır. Hakimiyyət yenidən seçkiləri saxtalaşdırsa və İlham Əliyev hakimiyyətdə qalsa belə, onlar demokratik güzəştlərə getməli olacaqlar.

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə Azərbaycanda seçkilərin saxtalaşdırılacağı və iqtisadi problemlərin həll edilməyəcəyi təqdirdə proseslərin iki istiqamətdə inkişaf edə biləcəyini düşünür. Birinci, solçuluğa meylin artması, ikincisi isə siyasiləşmiş islamın güclənməsi:


- Azərbaycanda fəhlə sinifi məhv edildiyindən solçuluğun inkişafı artıq mümkün deyil. Deməli, siyasiləşmiş islam inkişaf edə bilər. Təəssüf ki, ac ölkələrdə mötədil islam yox, siyasiləşmiş islam yaranır. Belə olan halda isə təhlükəli dini quruplaşmaların yaranacağını da istisina etmək olmaz.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, seçkilərin azad və ədalətli keçirilməsində əsas məsuliyyəti hakimiyyət daşıyır. Ancaq müşahidəçilərin fikrincə, qarşıdan gələn prezident seçkisinin ədalətli keçirilməsi üçün hakimiyyətin hələ ki, iradəsi yoxdur. Seçkilərə isə hələ 9 ay qalıb. Nəticələr hərçənd indidən təxmin edilir. Ancaq son sözü yenə Azərbaycan xalqının özü deməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG